“ Azərbaycanda olan PUA-lar heç Rusiyada yoxdur” Siyasət

“ Azərbaycanda olan PUA-lar heç Rusiyada yoxdur”

Rus hərbi eksperti: "Ermənilərin bəxti gətirdi ki, aprel döyüşlərində Azərbaycan dayandı"

"Aprel müharibəsi erməni ordusunun silahlanma və döyüş hazırlığı sahəsində ciddi çatışmazlıqlarını göstərdi. Əgər Azərbaycan dayanmasaydı, hadisələrin necə inkişaf edəcəyini bilmək olmazdı".
Bu barədə 1in.am saytına müsahibəsində rus hərbi ekspert Pavel Felgenhauer bəyan edib.
"Təbii ki, ermənilər dərs çıxarmağa, çatışmazlıqları anlamağa çalışdılar. Çünki əllərində olan hər şeyi etmişdilər. Lakin daha fundamental məsələlər var. Bu təcrübə erməni silahlı qüvvələrində qaldı. Necə deyərlər, bu, sizin günahınız deyil. Bu, sizin bədbəxtliyinizdir.
Döyüş fəaliyyətinin aparılması üçün müasir döyüş aparılması vasitələrinə ehtiyac var və onların bir hissəsi Azərbaycanda var. Azərbaycanın məsələn, aprel döyüşləri zamanı erməni zirehli maşınları və texnikasını sıradan çıxaran zərbə PUA-ları var. İrəvanın buna bənzər pilotsuz uçuş aparatları yoxdur. Hətta Rusiyanın da yoxdur.
Hazırda Azərbaycan bəzi məsələlərdə Rusiyadan daha çox inkişaf edib, çünki İsrail Azərbaycanı texnika ilə təchiz edir, Rusiyanı isə yox. Səbəb aydındır – amerikalılar icazə vermir. Öz gücümüz sayəsində isə biz hələ belə PUA-lar istehsal edə bilmirik. Deyirlər ki, biz "demək olar istehsal etmişik", amma "demək olar" və "istehsal etmişik" fərqli anlayışlardır. Rusiyanın zərbə PUA-ları yoxdur, amma kəşfiyyat PUA-ları var. Hərçənd mahiyyət etibarilə onlar da İsrailindir. Zərbə PUA-larının alınması sahəsində isə işlər davam edir. İrəvanda isə onlar ümumiyyətlə yoxdur. Bu, çox ciddi nüansdır. Xüsusən müharibə mövqeyindən yanaşdıqda onun ciddiyyəti bir qədər də artır.
Ermənistan döyüş texnikası keyfiyyəti baxımından geri qalır. Zirehli texnikalar Ermənistanda Sovet dövründən qalandır, Azərbaycanda isə İsrailin modernləşdirdiyi zirehli texnikalardan istifadə olunur. Müharibə baş verəcəyi təqdirdə bu nüanslar öz rolunu oynayacaq.
Azərbaycanın hərbi-texniki üstünlüyü var və bu, belə olaraq qalacaq. Vəziyyət belədir, buna görə də, erməni hərbçiləri şəksiz olaraq hazırlanmışdılar. Amma imkanları hüdudlarında hazırlanmışdılar. Yəni nümayiş etdirə biləcəkləri hər şeyi ortaya qoydular. Hələ ki, aradan qaldırılmasına nail olunmayan bəzi çatışmazlıqlar mövcuddur", - deyə rus ekspert bildirib.