“Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var” Siyasət

“Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var”

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri:" Onlara qarşı mübarizə aparmışıq və yenə də bu mübarizəni davam etdirəcəyik"

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin "Xalq Cəbhəsi" qəzetinə müsahibəsini təqdim edirik.

-Əli müəllim, son dövrlər Gürcüstanda baş verən hadisələr barədə danışmağınızı xahiş edirəm.
- İlk növbədə Gürcüstanda keçirilən seçkilərə toxunmaq istəyirəm. Seçkilər gərgin şəraitdə, eyni zamanda, şəffaf və demokratik olaraq keçirildi. Bu seçkilərdə müəyyən seçki dairələrində ikinci turun keçirilməsi zərurəti yarandı. Son nəticədə "Gürcü arzusu" iqtidar partiyası qələbə çaldı. Tianetidə və bir neçə secki dairəsində müxalifət qələbə qazandı. Bu da onu göstərir ki, Gürcüstan demokratik ölkədir. Gürcüstan Avropaya , NATO-ya inteqrasiya etmək istəyir. Əlbəttə ki, bu inteqasiya prosesinə uzun bir vaxt lazımdır. İnsanların şüurunda da inteqrasiya prosesi getməlidir. Gürcüstanda yaşayan soydaşlarımız da bu prosesə fəal qoşulublar. Gürcüstanda böyük rayonlardan biri olan, yüz mindən çox soydaşımızın yaşadığı Marneludə mer vəzifəsinə soydaşımız seçildi. Bu da böyük qələbədir. Əlbəttə ki, bizim üçün yaxşı olardı ki, Temur Abazov kimi gənclərimiz başqa rayonlarda da fəallıq göstərəydilər. Hələlik bunu Bolnisi, Dmanisi, Qardabani rayonlarında görmürük. Bu rayonlarda da gərək fəallıq ola, rayon rəhbərliyində azərbaycanlılar layiqli şəkildə təmsil olunalar. Onlara da biz dəstək olmalıyıq. Gürcüstan bizim vətənimizdir. Burda başqa millətlərlə yanaşı biz də onun gələcəyini düşünürük. Qonşu dövlərlərlə, Türkiyə və Azərbaycanla da əlaqələrin qurulması prosesində fəal iştirak etməliyik. Türkiyə-Azərbaycan münasibətləri gündən-günə genişlənir və bu əlaqələri alqışlayıram. Bakı-Tbilisi -Qars dəmiryolunun açılışını xüsusilə qeyd etmək istəyirəm. Bu hadisə bizim üçün böyük bir bayram idi. Hələlik bu yol ilə yük daşınır. Bu yol Qafqazda mühüm bir yoldur. Qardaşlıq, dostluq yoludur. Orta Asiyadan Qafqaza, Qafqazdan Avropaya açılan yoldur. May ayında bu yol ilə sərnişin daşınması həyata keçiriləcəkdir ki, bu da bizim üçün çox əhəmiyyətlidir. Əlbəttə ki, inteqreasiya prosesini davam etdirməliyik. Biz həmişə mübarizə aparmışıq ki, Gürcüstanda soydaşlarımız çəmiyyətə inteqrasiya olunsun, idarəetmə strukturlarında soydaşlarımızın sayının çox olmasını arzulayırıq. Hələlik biz bunu görmürük. İqtidar partiyasının təsisçilərindən biri, partiyanın siyasi şurasının keçmiş üzvü, onun fəal üzvlərindən biri olmağıma baxmayaraq, qətiyyətlə deyə bilərəm ki, soydaşlarımızdan idarəetmə strukturlarında az təmsil olunurlar. Ola bilər ki, beş il, on il bundan əvvəl o qədər bizim potensialımız yox idi. İndi isə kifayət qədər bacarıqlı, istedadlı, dövlət dilini bilən fəal gənclərimiz vardır. Onların nazirliklərdə, idarələrdə, digər idarəermə strukrurlarında olması vacidir.
-Gürcüstanda minlərlə qeyri-hökumət təşkilatı mövcuddur. Soydaşlarımız tərəfindən yaradılan bu cür təşkilatlar yetərincədir. Onların fəaliyyətindən danışardınız.
-Gürcüstanda istənilən şəxs qeyri-hökuməıt təşkilatı yarada, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edə bilərlər. Təşkilat yaratmaq üçün böyük maliyyə vəsaiti tələb olunmur, 105 lari qeydiyyatına, 15 lari də möhürünə verilir. Amma bilmək lazımdır ki, bu təşkilatı nə üçün yaradır, onun məqsədi və məramı nədir, nəcə olmalıdır. Bu sahədə bizdə vəziyyət heç də ürəkaçan deyil. Məndə olan məlumata görə, Gürcüstanda soydaşlarımız 160-dan çox qeyru- hökumət təşkilatları yaradıblar. Onlara da elə adlar qoyurlar ki, düşünürsən soydaşlarımızın hüquqlarının müdafiəsində, mədəniyyətin, dinin inkişafında, tarixi abidələrin qorunmasında mühüm işlər görəcəklər. Əslində isə bu təşkilatlar Gürcüstanda heç bir ictimai-siyasi hadisələrə qarışmırlar və passivlik göstərirlər. Bu adamların heç bir fəallığı görünmür.
-Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkillərimiz barədə nə deyə bilərsiniz?
-Parlamendə dörd nəfər deputatımız var. Üç nəfəri iqtidar partiyasından, bir nəfəri müxalifətdən. Onlardan ikisi majoritar qaydada, Marneuli və Qardabani rayonu üzrə, o biriləri isə partiya siyahısı ilə seçilib. Ümumi götürəndə, üçü Marneuli rayonundandır. Onların fəalyyətini izləyirik. Öz problemləri ilə əlaqədar bizim cəmiyyətə Qardabanidən, Marneulidən, Bolnisdən, Dmanisidən insanlar gəlır və qeyd edirlər ki, yerlərdə deputatların yanına gedəndə onları qəbul etmirlər. "Bizim vaxtımız yoxdur" deyirlər. Biz onları qəbul edir, problemlərini dinləyir, müvafiq olaraq nazirliklərə, idarələrə rəsmi şəkildə müraciət göndəririk. Elə bu günlərdə Bolnisinin kəndlərində oldum. Onların problemləri ilə yaxından maraqlandım. Müəyyən işlərdə onlara yardım edilməsinə söz verdim. Parlamentdə oturub telefon ilə deyil, camaatın problemləri ilə məşğul olmaldırlar. İndiyədək 17 nəfər soydaşımız deputat olub. Bəziləri də bir neçə dəfə bu mandatı əldə edib. Heç biri qanun təşəbbüsü ilə çıxış etməyib. Bu hal doğrudan da məni narahat edir. Gələn seçkilərə kimi, yəni 2020-ci ilədək heç olmasa fəal olsunlar. İctimaiyyət görsün ki, onun dörd nəfər deputatı vardır. Onlar gərək ictimaiyyət ilə görüşsünlər. İqtidar partiyasının siyahısı ilə mandat əldə edənlər öz bölgəsindən başqa Kaxeti bölgəsində və başqa yerlərdə yaşayan soydaşlarımızın da poblemləri ilə ə yaxından tanış olamalıdırlar.
-Böyük layihələrdə iştirak edən qonşu dövlətlər olan Gürcüstan, Türkiyə və Azərbaycan əlaqələri barədə danışmağınızı xahiş edirəm.
- Bu ölkələr arasında əlaqələr inkişaf edir, gələcəkdə də inkişaf edəcək. Gürcüstana ən çox sərmayə qoyan qardaş Türkiyə dövlətidir. Sonra Azərbaycan gəlir. Son vaxtlar böyük layihələr həyata keçirilir, yeni-yeni strukturlar yaranır, iş yerləri açılır. Onu da qeyd edim ki, müəyyən qüvvələr, qruplaşmalar da mövcuddur ki, onlar da bu ölkələr arasındakı əlaqələrə xələl gətirilməsinə çalışırlar. Gürcüstan kütləvi informasiya vasitələrində böhtan xarakrerli yazılar dərc olunur. Mən bu yaxınlarda Azərbaycanda idim. "Quriya" agentliyində məlumat yayılmışdı ki, Qaxda xristian kilsəsində azərbaycanlılar tərəfindən vəhşilik törədilib. Qapını qırıblar, içəri soxularaq nələrsə ediblər. Biz operativ olaraq Gürcüstanın Gəncədəki konsulluğuna müraciət etdik. Mən konsul Mamuka Palavadzeyə öz minnətdarlığımı bildirirəm. Məsələ ilə məşğul olub, yerli əhali ilə görüşüblər, aydın olub ki, bu təxribatdır. Belə hadisə baş verməyib. Halbuki, bu informasiya gürcü ictimaiyyətində, kütləvi informasiya vasitələrində, sosial şəbəkədə, böyük narazılıq yaratmışdı. Əlbəttə, biz Gürcüstan Azərbaycanılılarının Milli Konqresi olaraq əvvəlcə Zaqatala, Qax, Balakən zonasına gedəcəyik və orada yaşayan gürcülərin problremləri ilə yerindəcə tanış olacağıq. Kilsələrin, məktəblərin dururmu ilə maraqlanacağıq. Ondan sonra da Gürcüstanın başqa -başqa bolgələrində soydaşlarımızın problremləri ilə yerindəcə tanış olacağıq. Onların həyatına dair sənədli film çəkmək niyyətindəyik. Onu da qeyd edim ki, son vaxtlar çox pis mövqedə olan "Vətənpərvərlər alyansı"nın lideri David Tarxan- Mouravi və onun məsləkdaşı İrina İnaşvili və bu partiyanın üzvləri tərəfindən özlərinin"Obyektiv" tele kanalının reklamları ilə Türkiyəyə zidd olan çox pis mövqe sərgiləyirlər. Biz bunları vaxtında pislədik, onlara cavab verdik. Bu günlərdə "İmedi" kanalı ilə onlar çıxış edərək bəyan etdilər ki, türklər Gürcüstanı zəbt edib, Batumini artıq mənimsəyiblər. Tbilisinin mərkəzi olan Marcanişvili məkanını türklər əllərinə keçiriblər. Mən bu üzdəniraq vətənpərvərlərə cavab verərək dedim ki, Batumidə milyonlarla sərnayə qoyan türklərdir. Eləcə də Tbilisidə sərmayə qoyan türklərdır. Almaniyada da, Norvecdə də, ümumiyyətlə, Avropada sərbəsrtlikdir. İstənilən şəxs orda sərmayə qoyur. Bunlar isə Gürcüstanın inkişafına qarşı çıxırlar. Onlar gürcü hakimiyyətinin də ziddinə çıxırlar. Açıq şəkildə bəyan edirəm ki,bu insanlar qonşu ölkələrdən maliyyə dəstəyi alan ekstremist qüvvələrdir, siyasi partiyalardır, qeyru- hökumət təşkilatlarıdır. Hansı dövlətləri nəzərdə tutduğumu yaxşı başa düşürsünüz. Onlar Gürcüstan -Azərbaycan münasibətlərinə də zidd hərəkətlər edirlər. Onlara qarşı bir qayda olaraq mübarizə aparmışıq və yenə də bu mübarizəni davam etdirəcəyik.