Oman nümayəndəsi: Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir Siyasət

Oman nümayəndəsi: Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir

Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə çevirmək vacibdir.

APA xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edən Omandan olan nümayəndə heyətini üzvü Zahra Mohamed Redha Mohamad Said Al Lawaiti jurnalistlərə açıqlamasında deyib.

O, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, dövlət vəsaitlərinin qorunmasının və institusional hesabatlılığın təmin edilməsinin vacibliyini vurğulayıb.

Omanlı nümayəndə qeyd edib ki, görüş Məkkə əl-Mükərrəmə Konvensiyasının həyata keçirilməsinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Nümayəndənin sözlərinə görə, bu istiqamətdə sərhədlərarası məlumat mübadiləsinin, qarşılıqlı hüquqi yardımın, aktivlərin izlənilməsi və geri qaytarılması mexanizmlərinin, eləcə də hüquq-mühafizə tədbirləri üzrə koordinasiyanın gücləndirilməsi mühüm rol oynayır.

O bildirib ki, korrupsiyaya qarşı səmərəli mübarizə sistemləri profilaktik tədbirləri, risk əsaslı nəzarəti, pozuntuların erkən aşkarlanmasını və hüquqi məsuliyyətin təmin edilməsini əhatə etməlidir: “Əsas prioritetimiz beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçülə bilən nəticələrə çevirmək, institusional imkanları gücləndirmək və dövlət vəsaitlərini qorumaqdır”.

Oman nümayəndəsi tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycanın Baş Prokurorluğuna təşəkkür edib.