
“Azərbaycançılıq ideologiyası müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasını təşkil edən, xalqımızın milli birliyini, tarixi yaddaşını və ortaq gələcək məqsədlərini özündə birləşdirən fundamental dəyərlər sistemidir. Ümummilli Lider Heydər Əliyevin siyasi irsində xüsusi yer tutan bu ideologiya müstəqilliyin ilk illərində dövlət quruculuğunun mühüm istiqamətlərindən birinə çevrildi. Xüsusilə Heydər Əliyevin rəhbərliyi dövründə milli kimlik, dövlətçilik ənənələri, dil, mədəniyyət və vətəndaş həmrəyliyi ətrafında aparılan müzakirələr azərbaycançılığın siyasi və ictimai məzmununun formalaşmasına mühüm töhfə verdi. Bu ideologiyanın ən böyük üstünlüyü onun yalnız etnik mənsubiyyətə deyil, ortaq vətənə, vahid dövlətə və ümumi vətəndaşlıq kimliyinə əsaslanmasıdır”.
Bu fikirləri xalqcebhesi.az-a siyasi şərhçi Alim Nəsirov bildirib.
A.Nəsirovun sözlərinə görə, Azərbaycanda yaşayan müxtəlif etnik və dini icmaların, azsaylı xalqların vahid dövlətçilik ideyası ətrafında birləşməsi də məhz bu yanaşmanın praktik təzahürüdür: “Azərbaycançılıq fərqlilikləri aradan qaldırmağa deyil, onları qorumaqla ümummilli birliyi möhkəmləndirməyə xidmət edir. Onun tarixi kökləri xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, elmi-fəlsəfi əsasları isə milli özünüdərk, tolerantlıq, multikulturalizm və vətəndaş həmrəyliyi prinsiplərinə söykənir. Bu baxımdan azərbaycançılıq yalnız milli kimliyi ifadə edən ideya deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrini ortaq məqsədlər ətrafında səfərbər edən, dövlətin siyasi və mənəvi bütövlüyünü gücləndirən qurucu ideoloji sistemdir”.
“Bu gün Azərbaycan cəmiyyətində müşahidə olunan milli həmrəylik və dövlətçilik dəyərləri ətrafında birlik azərbaycançılıq ideologiyasının ictimai-siyasi əhəmiyyətini bir daha nümayiş etdirir. Xüsusilə Vətən müharibəsi və suverenliyimizin tam bərpası zamanı müxtəlif etnik, dini və sosial mənsubiyyətə malik vətəndaşların eyni məqsəd uğrunda birləşməsi milli ideologiyanın birləşdirici gücünü praktik olaraq təsdiqlədi. Bununla yanaşı, müasir dövrdə dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər yalnız hərbi və fiziki müdaxilələrlə məhdudlaşmır. İnformasiya manipulyasiyaları, ideoloji təsir mexanizmləri, ictimai rəyi xaricdən istiqamətləndirmək cəhdləri və dövlətlərin daxili siyasi proseslərinə müdaxilə müasir beynəlxalq münasibətlərdə ciddi çağırışlara çevrilib. Azərbaycanın daxili sabitliyi və milli həmrəyliyi xarici təsirlərə qarşı mühüm dayanıqlılıq amili olsa da, bu, ölkənin bütün daxili risklərdən tamamilə sığortalandığı anlamına gəlmir. Əsas məsələ həmin risklərin vaxtında müəyyənləşdirilməsi və cəmiyyətin ideoloji dayanıqlılığının gücləndirilməsidir. Bu kontekstdə müstəqil dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq prinsipi xüsusi aktuallıq qazanır” - deyə o qeyd edib.
Siyasi şərhçi həmçinin deyib ki, bəzi dövlətlərin öz daxili problemlərini həll etmədən başqa ölkələrə demokratiya, insan hüquqları və idarəçilik mövzusunda dərs keçməyə çalışması beynəlxalq münasibətlərdə ikili standartların təzahürü kimi qiymətləndirilə bilər: “Belə dövlətlər ilk növbədə, obrazlı ifadə etsək, güzgüyə baxmalı, öz cəmiyyətlərində mövcud olan sosial, siyasi və hüquqi problemlərə diqqət yetirməlidirlər. Çünki beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin əsasında bir dövlətin digərinə öz siyasi modelini qəbul etdirməsi deyil, suveren bərabərlik, konstruktiv dialoq və qarşılıqlı etimad dayanmalıdır”.
Röya İsrafilova