“Bu, ölkəmizin müstəqil xarici siyasət kursunun və beynəlxalq reputasiyasının göstəricisidir” Siyasət

“Bu, ölkəmizin müstəqil xarici siyasət kursunun və beynəlxalq reputasiyasının göstəricisidir”

“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində mövcud olan ziddiyyətlərə və qlobal təhlükəsizlik mexanizmlərinin çatışmazlıqlarına diqqət çəkilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın son 35 ildə üzləşdiyi hadisələr göstərdi ki, müharibələrin yaranmasının əsas səbəblərindən biri beynəlxalq hüququn selektiv tətbiqi, bəzi dövlətlərin özlərini digərlərindən üstün hesab etməsi və təcavüzkar siyasətin cəzasız qalmasıdır”.

Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini uzun illər işğal altında saxlaması, yüz minlərlə insanın doğma yurdundan didərgin düşməsi və beynəlxalq ictimaiyyətin bu prosesə münasibətdə nümayiş etdirdiyi ikili standartlar bunun bariz nümunəsidir: “Xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin onilliklər ərzində icra olunmaması beynəlxalq təhlükəsizlik sisteminin effektivliyini ciddi sual altına qoydu. Prezident İlham Əliyevin bu məsələni beynəlxalq platformalarda, o cümlədən BMT Baş katibi Antonio Quterreşin diqqətinə çatdırması təsadüfi deyil. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn kağız üzərində qalan müddəalarının real həyatda təmin edilməsinin nə qədər mürəkkəb olduğunu nümayiş etdirdi. Bununla belə Azərbaycan təcrübəsindən çıxarılan əsas nəticə yalnız hərbi gücün əhəmiyyəti deyil, münaqişələrin qarşısının vaxtında alınması, beynəlxalq qərarların icrası və ədalətli sülh mexanizmlərinin formalaşdırılması zərurətidir. Çünki davamlı sülhün təminatı güclünün zəif üzərində üstünlüyü deyil, dövlətlərin suverenliyinə qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl olunması və cəzasızlıq mühitinin aradan qaldırılmasıdır”.

“Digər tərəfdən, Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolu ölkəmizin regional dövlət olmaqla yanaşı, qlobal siyasi və diplomatik proseslərdə də mühüm tərəfdaşa çevrildiyini göstərir. Son 35 ildə əldə edilən siyasi sabitlik, iqtisadi inkişaf, enerji və nəqliyyat layihələrinin reallaşdırılması, müasir infrastrukturun yaradılması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə ciddi zəmin formalaşdırıb. Xüsusilə Bakı Prosesi çərçivəsində həyata keçirilən təşəbbüslər Azərbaycanın müxtəlif dinlər, sivilizasiyalar və mədəniyyətlər arasında dialoq məkanı kimi tanınmasına imkan yaradıb. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi də bu siyasətin davamlı xarakter daşıdığını təsdiqləyir. Azərbaycanın İslam dünyasında artan siyasi çəkisi, İslam Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlığı və 2027-ci ildə təşkilatın sammitinə ev sahibliyi etməsinin nəzərdə tutulması ölkəmizin müsəlman dövlətləri arasında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir” - deyə politoloq söyləyib.

O əlavə edib ki, eyni zamanda, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində yüksək səviyyəli tədbirlərin təşkili, 2028-ci ildə Avropa Siyasi Birliyinin toplantısının Azərbaycanda keçirilməsinin planlaşdırılması Bakının həm Şərq, həm də Qərb üçün mühüm diplomatik platformaya çevrildiyini göstərir: “Burada əsas məqam odur ki, Azərbaycan fərqli geosiyasi maraqların toqquşduğu mürəkkəb beynəlxalq şəraitdə müxtəlif tərəflərlə əməkdaşlıq imkanlarını qoruyub saxlaya bilir. Bu isə ölkəmizin yalnız iqtisadi potensialının və təşkilati imkanlarının deyil, həm də siyasi etibarlılığının, müstəqil xarici siyasət kursunun və beynəlxalq reputasiyasının göstəricisidir”.

Röya İsrafilova