14:15
483
Polisin verdiyi məlumata görə, Almaniyanın cənubundakı Reqensburg şəhərində çoxmənzilli binada yanğınla nəticələnən partlayış zamanı azı dörd nəfər xəsarət alıb, onların bəzilərinin vəziyyəti ağırdır.
Xalqcebhesi.az xəbər verir ki, polis nümayəndəsinin sözlərinə görə, zərərçəkənlərin sayı arta bilər. Yanğınsöndürmə xidməti həmçinin üç nəfərin itkin düşdüyünü bildirib, lakin onların partlayış anında binada olub-olmadıqları məlum deyil.
Bavariya şəhərində baş verən partlayışın səbəbi hələ ki müəyyən edilməyib. İlkin olaraq polis, yanğınsöndürmə xidmətinin binada qaz sızması barədə məlumatından sonra qaz partlayışının baş verdiyini ehtimal edirdi.
Polis nümayəndəsi bildirib ki, partlayış iki divarı uçurub. O əlavə edib ki, alov topu şəklində qısa sürətli alovlanma baş verib, bundan sonra bina güclü yanmağa başlayıb. Hadisə yerindən çəkilmiş fotolarda binanın fasadında böyük bir yarğan görünür.
Yanğınsöndürmə xidməti xəbərdarlıq edib ki, bina və iki qonşu ev uçma təhlükəsi altındadır, bu səbəbdən onlara daxil olmaq mümkün deyil. Texniki Yardım üzrə Federal Agentlik konstruksiyaların bərkidilməsi istiqamətində işlər aparıb.
Məryəm Quliyeva