“Dildə anlaşmaq, fikirdə uzlaşmaq, işdə isə ən yaxşı sonuca varmaq gərəkdir” Gündəm

“Dildə anlaşmaq, fikirdə uzlaşmaq, işdə isə ən yaxşı sonuca varmaq gərəkdir”

“Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünün “Türk yüzilliyi: Dildə, fikirdə, işdə birlik” düşüncəsi çevrəsində keçirilməsi özlüyündə çox önəmli anlam daşıyır. İsmayıl bəy Qaspıralının qərinələr öncə irəli sürdüyü bu düstur bir mənəvi-mədəni ülkü olmaq etibarıylal, çağdaş dövlətlərarası münasibətlərin də aktual gündəliyidir. Əlbəttə, dil birliyi - eyniləşmə, fikir birliyi - yekrəylik, iş birliyi isə sadəcə ortaq açıqlamalar kimi anlaşılmamalıdır. Söhbət müxtəlifliyi qoruyaraq ortaq çıxarları uzlaşdırmaqdan, tarixi-mədəni yaxınlığı iqtisadi, yükdaşıma, enerji, təhsil və texnoloji işbirliyinin davamlı mexanizmlərinə çevirməkdən gedir”.

Bu fikirləri xalqcebhesi.az-a Uluslararası “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.

Ə.Qoşalı söyləyib ki, Ankara Zirvəsindən gözləntilərimiz də bax, bu fəzadadır: ““Orta dəhliz”in imkanlarının genişləndirilməsi, gömrük və logistik prosedurlarının uyğunlaşdırılması, qarşılıqlı yatırımların təşviqi, ortaq informasiya-mədəniyyət məkanının gücləndirilməsi və gənclər arasında bağlantıların dərinləşdirilməsi diqqət mərkəzində ola bilər. Azərbaycanın bu prosesdə özünəxas yeri, rolu vardır. Ölkəmiz Türk dünyasının coğrafi, iqtisadi və kommunikasiya baxımından əlaqələndirilməsində çox önəmli mövqeyə malikdir. Özəlliklə də bölgədə nəqliyyat bağlantılarının inkişafı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantıların təmin olunması və Xəzər üzərindən işbirliyinin genişləndirilməsi bütövlükdə Türk dünyasının inteqrasiya imkanları ilə bağlıdır”.

“Burada başlıca məsələ “Türk yüzilliyi” anlayışını romantik-tarixi məzmundan çıxarıb çağdaş inkişaf konseptinə çevirməkdir. XXI yüzildə güc təkcə ərazi, əhali və təbii sərvətlərlə ölçülmür; elm, texnologiya, keyfiyyətli təhsil, mədəni təsir və institusional çeviklik də həlledici amillərdir. Bu baxımdan, Zirvə Görüşünün sonuclarını qəbul ediləcək sənədlərin nə dərəcədə işlək mexanizmlərə çevrilməsi ilə qiymətləndirmək doğru olardı.
Nəhayət, Qaspıralının ünlü çağırışına çağdaş anlam ilə yanaşsaq, deyə bilərik: dildə anlaşmaq, fikirdə uzlaşmaq, işdə isə ən yaxşı sonuca varmaq gərəkdir. Türk dünyasının gələcək uğurlarının əsas ölçüsü də elə bu olacaq. Ortaq keçmişdən ortaq gələcəyə gedən ulu yolda bayrağımız uca olsun!” - deyə o bildirib.

Röya İsrafilova