Elnur Soltanov: Azərbaycanda 2030-cu ilədək bərpa olunan enerjinin payı 34%-ə çatacaq İqtisadiyyat

Elnur Soltanov: Azərbaycanda 2030-cu ilədək bərpa olunan enerjinin payı 34%-ə çatacaq

Elektrik enerjisi sektorunda ən mühüm istiqamətlərdən biri bərpa olunan enerji mənbələridir.

“APA-Economics” xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbiri çərçivəsində təşkil olunan panel sessiyalarında bildirib.

Onun sözlərinə görə, 2027–2028-ci illərə qədər Azərbaycanda əlavə 2 giqavat gücün istismara verilməsi nəzərdə tutulur və bu proses artıq başlayıb: “2030-cu ilə qədər isə daha 1 giqavat gücün əlavə olunacağını düşünürük. Söhbət külək və günəş enerjisindən gedir. Hazırda Azərbaycanın elektrik enerjisi istehsalı üzrə quraşdırılmış gücündə bərpa olunan enerji mənbələrinin payı 22%-dən bir qədər az, təxminən 21,5% təşkil edir. 2030-cu ilə qədər bu göstəricinin 34%-ə çatacağı hesablanır və həmin istiqamətdə sürətlə irəliləyirik”.

Elnur Soltanov vurğulayıb ki, necə ki neft və təbii qaz sahəsində regional liderik, yaşıl enerji sahəsində də Azərbaycan ən azı regional liderdir:

"Bəs burada əsas məhdudlaşdırıcı amil nədir? Bərpa olunan enerji bir çox sahədə artıq bazar şərtləri çərçivəsində ənənəvi enerji mənbələri ilə rəqabət apara bilir, lakin bu, hər zaman mümkün olmur.

Məsələn, əlavə 2 giqavat gücün yaradılması ölkəyə təxminən 2 milyard dollar investisiyanın gəlməsi deməkdir. Masdar şirkəti bizim bu sahədə ilk tərəfdaşlarımızdan biridir və ən böyük strateji tərəfdaşımızdır. Təxminən 1 giqavatdan çox günəş və külək enerjisi gücünün yaradılmasını məhz Masdar şirkəti həyata keçirəcək.

Amma demək istədiyim budur ki, bu 2 milyard dollarlıq investisiyaya qarşılıq olaraq, Azərbaycan dövləti öz elektrik şəbəkəsini gücləndirmək üçün bunun təxminən beşdə biri qədər vəsait xərcləməlidir”, - o vurğulayıb.