Bakı-Tiflis əlaqələri genişlənir Siyasət

Bakı-Tiflis əlaqələri genişlənir

Margvelaşvili Azərbaycana ilk səfərindən məmnun qalıb

Cavid

Gürcüstan yeni hökumətin formalaşmasından sonra prezident Georgi Margvelaşvili Azərbaycana ilk dəfədir ki, rəsmi səfərə gəlib. Qonaq prezident İlham Əliyevlə təkbətək və geniş tərkiblə görüşlər keçirib, daha sonra isə iki dövlət başçısı mətbuata birgə bəyanatla çıxış ediblər. Bəyanatda prezidentlərin ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirdiyi qeyd olunur. Həmçinin Azərbaycan və Gürcüstan arasında əlaqələrin gələcək inkişafına əminlik ifadə olunub.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan əlaqələri yüksək səviyyədədir. Münasibətlərimiz tarixi baxımdan da çox zəngindir. Xalqlarımız əsrlər boyu mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar. Bu gün də bu ənənə davam etdirilir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarının, yüksək səviyyəli hökumət və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayır. Bu günədək ölkələrimiz arasında 105 sənəd imzalanıb ki, onlar da əlaqələrimizin hüquqi bazasını təşkil edir.
Gürcüstan Azərbaycanın reallaşdırdığı böyük miqyaslı beynəlxalq layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi neft və qaz kəmərlərinin reallığa çevrilməsində ölkələrimiz səmərəli əməkdaşlıq ediblər. Bu gün "Şahdəniz-2" qaz layihəsinin, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin həyata keçirilməsində bu əməkdaşlığımız xalqlarımızın rifahı naminə davam etməkdədir.
Onu da bildirək ki, bir müddət öncə Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Seretelinin "Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik üçün əməkdaşlıq" adlı hesabatı iki ölkə arasındakı münasibətlərə həsr olunmuşdu. Hesabatda qeyd edilirdi ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan Cənubi Qafqazın üç ölkəsindən ikisi kimi təkcə ortaq sərhədləri deyil, həmçinin tarixi dinc birgə yaşayışı və bir çox ortaq ənənələri paylaşırlar. Müəllif bildirir ki, region ölkələrindən Azərbaycan və Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya etmək siyasətlərini bəyan ediblər. Xəzər dənizində böyük enerji ehtiyatlarına malik Azərbaycan əsas neft-qaz kəmərləri və dəmir yolu vasitəsilə Qara və Aralıq dənizlərindəki bazarlara çıxış əldə edib. Həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji münasibətlərə malikdirlər. Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd aktiv şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır.
Yenidən müstəqillik əldə etdikdən sonra iki ölkə arasında aktiv ikitərəfli münasibətlər qurulub, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən yüzdən artıq müqavilələr imzalanıb, strateji əməkdaşlıq kimi xarakterizə ediləcək münasibətlər yaradılıb. Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində dağıdıcı iqtisadi və sosial nəticələrə gətirən vətəndaş və etnik münaqişələrlə üzləşmişdilər. Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər - Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevardnadze hakimiyyətə gəldilər. Onlar keçmiş SSRİ-nin Siyasi Bürosunun üzvləri kimi, istər keçmiş sovet məkanında, istərsə də beynəlxalq aləmdə geniş əlaqələrə malik şəxslər idilər. Öz ölkələrinin müstəqilliklərini və suverenliyini gücləndirmək arzuları iki lideri qarşılıqlı münasibətlərin daha da dərinləşdirməsinə sövq edən ən mühüm amil idi.
İkitərəfli münasibətlərin inkişafının, daha geniş miqyasda isə regional əməkdaşlığın genişləndirilməsini sürətləndirən əsas amil Azərbaycanın enerji resursları olub. Məhz iki liderin uzaqgörən siyasətlərinin nəticəsində regionun inkişafı üçün mühüm rol oynayacaq "Əsrin müqaviləsi", TRASECA, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və digər mühüm layihələrin əsası qoyulub. Bu layihələr həmçinin regionun əhəmiyyətini Qərb üçün artırmaqla bölgədə gələcəkdə sabitliyin yaranması üçün zəmin yaradıb. Nəticə olaraq müəllif Azərbaycan-Gürcüstan münasibətlərin hər iki ölkənin strateji maraqlarına cavab verdiyini vurğulayır, bu münasibətləri ikitərəfli və çoxtərəfli, regional səviyyədə, xüsusilə Türkiyə ilə birlikdə daha da dərinləşdirməyi tövsiyə edir.
Təbii ki, bu münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində çoxtərəfli münasibətlər də ikitərəfli strateji əməkdaşlığın inkişafına kömək olub. Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyədə nəşr olunan "Turkish policy" jurnalına müsahibəsində bildirib: "Azərbaycan da Türkiyə kimi bizim strateji müttəfiqimizdir. Gürcüstan ilə Azərbaycan arasında elə münasibətlər yaranıb ki, biz bu münasibətlər olmadan yaşaya bilmərik".
Bu münasibətlərin humanitar sahədə inkişafı da özünü göstərməkdədir. Elə son iki ayda keçirilmiş bir sıra tədbirlər, eləcə də Tiflisdə Azərbaycan və Gürcüstan gənclərinin "Gənc liderlərin forumu" layihəsi çərçivəsində keçirilən və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər Azərbaycanla Gürcüstan arasında kök salmış mədəni-mənəvi əlaqələrin tərəqqisində mühüm rol oynayıb.
Buna baxmayaraq, təhlilçilər Margvelaşvilinin Bakı ziyarətini "nəzakət səfəri" adlandırır. Çünki onların fikrincə, Gürcüstandakı siyasi durum buna səbəb verir. "Prezident daha dövlətin aparıcı şəxsi deyil. Səfər çox simvolikdir, prezident Türkiyədən sonra Azərbaycana gedir" deyə, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Mamuka Areşidze BBC-yə bildirib. Bununla bərabər, ekspertin sözlərinə görə, ölkələr enerji, nəqliyyat-kommunikasiya və kənd təsərrüfatı sahələrindəki qarşılıqlı əməkdaşlığın davam etməsində maraqlıdır.
"Margvelaşvili yaxşı diplomat olsa da, düşünürəm ki, səfərdən çox şey gözləmək lazım deyil. Onun xarici səfərləri sadəcə xoşluqla yada salınır. Ən azından ölkələr arasında hər zaman mövcud qarşılıqlı əlaqə və dostluq platforması olduğu kimi saxlanacaq". Bu fikirləri isə Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili səsləndirib.
Lakin Qoqolaşvili yeni prezidentin ötənlərdə olduğu kimi Azərbaycana "qaçmadığını" vurğulayır: "Dostluq zəifləməyib, lakin qarşılıqlı məsləhətləşmələr əvvəlki kimi şəxsi dostluq səviyyəsində deyil".
Ekspertə görə, Gürcüstanda Margvelaşvilinin Bakı səfəri xüsusi hazırlıqla müşahidə edilməyib və səs-küy yaratmayıb.
"Enerji elə bir məsələdir ki, kimin gəlməyindən asılı olmayaraq, əvvəlki hakimiyyətin münasibətlərini qorumağa çalışacaq", - iqtisadçı Rövşən Ağayev qeyd edir.
Lakin o, iqtisadçı qonşuların bir-birinin potensialından "zəif" istifadə etdiyini söyləyir: "2012-ci ildə Azərbaycandan ora 570 milyon dollarlıq məhsul ixrac olunub, bunun da 490 milyon dollarını neft-qaz məhsulları təşkil edib. Gürcüstandan isə 130 milyon dollarlıq məhsul idxal olunub".
Rəqəmləri izah edən iqtisadçı deyir ki, neft-qaz tərəfini çıxsaq, qarşılıqlı ticarətin payı 5-10 faizdir. Halbuki əgər Azərbaycan qonşusuna tranzit ölkəsi kimi baxmasa, oranı bitkiçilik məhsulları ilə təmin edə bilər və Gürcüstan taxılı uzaq Qazaxıstandan almaz. Əvəzində isə ucuz bazar sayılan Gürcüstan bəzi məhsulların alınması üçün yararlı ola bilər. Azərbaycanla Gürcüstanın münasibətləri yerli mediada daha çox Dövlət Neft Şirkətinin qonşu ölkədəki sərmayəçilər və ən çox vergi ödəyənlər lideri olması ilə xatırlanır".
Yeri gəlmişkən, gürcü ekspertləri də Azərbaycanı "Gürcüstanı neft-qazla təmin edən yeganə tərəfdaş" adlandırsa da, ehtiyatlı davranmağı məsləhət görüb. "Tərəfdaşlıq yaxşıdır, lakin bunu enerji asılılığına çevirmək lazım deyil", - Qoqolaşvili bildirir. Ekspertin fikrincə, hələ də sabiq sovet respublikaları üzərində təsir gücünə malik Rusiya bu amildən rahatcasına istifadə etməyə çalışacaq: "Azərbaycan da bu təsirin altına düşə, enerji kapitalını siyasi kapitala çevirmək istəyində ola bilər. Əlbəttə bu mümkündür, Gürcüstan Azərbaycanla yaxşı, yaxud pis münasibətlərdən asılı olmayaraq diqqətli davranmalıdır".
Bununla belə təhlilçi, prinsip olaraq iki ölkə arasında münasibətlərdə problem yaranacağına inanmır. Lakin heç bir ölkənin bundan sığortalanmadığını vurğulayır.
Maraqlıdır, Gürcüstanda hakimiyyətlər bir-birini əvəz etsə də orda yaşayan yarım milyon soydaşımızın problemləri azalmaq əvəzinə artır və demək olr ki, hər gün bu ölkədən narahatçılıq dolu xəbərlər gəlməkdə davam edir. Hətta bəzi analitiklər Cavaxetiyadakı bir ovuc erməninin rəsmi Tiflisə yaşatdıqları narahatçılıqları qabardaraq iddia edir ki, orada yaşayan soydaşlarımıza edilən zülmü heç bir millət həzm etməzdi.
Gürcüstandan olan "Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli isə bildirib ki, vəziyyət getdikcə düzəlir: "Mən deyərdim ki, daha çox pozitiv dəyişikliklər var. Problemlər də təbii ki, yox deyil. Ancaq inkişafı da danmaq olmaz".
Xatırladaq ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılsa da, inkişaf 1993-cü ildən sonraya - Eduard Şevardnadze və Heydər Əliyevin hakimiyyət dövrünə təsadüf edib. Bu illər ərzində münasibətlərin yüksələn xətlə inkişafı nəzərdə olub. Şevardnadzenin "narıncı inqilab"la istefasından sonra hakimiyyətə xarici təhsilli Mixail Saakaşvili gəlib. Onun hakimiyyəti dövründə iki ölkə arasında münasibətlər daha da inkişaf edib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib.