“Avropanın tarixi təcrübəsindən istifadə etmək vacibdir” Siyasət

“Avropanın tarixi təcrübəsindən istifadə etmək vacibdir”

Hüseynağa Qəniyev: "Müsəlman ölkələrində səkkizinci əsrdən başlamış renessans yarımçıq qaldı, başa çatmadı"
"Radikal mübarizə metodu ilə demokratiya uğrunda mübarizə aparmaq, mədəniləşmək uğrunda mübarizəni kötəklə həyata keçirməyə bənzəyir"

Arzu Şirinova

Siyasət və siyasətçi ilə bağlı təzadlı fikirlər var və bu fikirlər bəzən mübahisələrə yol açır. Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəy deyirdi: "Kim deyirsə ki, siyasətçi romantik ola və ya poeziyanı sevə bilməz, o yanılır. Çünki peşəkar siyasətçi də insandır. O bütün siyasi gedişlərlə yanaşı, insanlıq qanunlarını da bilməlidir. Əks halda, o cəmiyyət uğur qazanmayacaq".
Siyasət nədir və siyasətçi necə olmalıdır? Bu sullara cavab tapmaq üçün nəzəri biliyi və həyat təcrübəsi
buna imkan verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin üzvü, keçmiş millət vəkili Hüseynağa Qəniyevlə müsahibəni oxuculara təqdim edirəm.
- Bu, çox ciddi, geniş əhatəli, ziddiyyətlər və mübahisələrlə dolu cavab tələb edir. Məncə sualın bəsit, rəsmi cavabı belədir - siyasət dövlətin, partiyanın və ya hər hansı bir qurumun daxili və xarici münasibət məsələlərində mənafeyinə uyğun fəaliyyətdir. Gəlin siyasət sözünün semantikasına, yəni məna anlamına diqqət yetirək. Siyasət ərəb dilindən gəlmə sözdür, lüğəti mənası canlı danışıq dilində hiylə, klassik ədəbi dildə cəza deməkdir. Onun qarşılığı-politika sözü isə yunan dilində dövləti idarə etmək sənəti kimi başa düşülür. Məsələ bununla bitmir. Dövlət-sərvət, mal-mülk, pul və başqa maddi nemətlərin məcmusunu xatırladır. Dövlətin başçısı hökmdar, hökm sahibi, hökumət hökm edən deməkdir. Qərb də nöqsanlardan xali deyil. Antik dünyada siyasətin ilk elmi təhlilinin banisi Aristotel məşhur "Siyasət" əsərini "mümkün olan işdən yapış, əndazəni pozma, abır-həyanı əldən vermə" əxlaq kodeksi ilə bitirirsə, yeni dövrün-kaptalizm siyasətinin nəzəriyyəçisi Hikola Makiavelli "Hökmdar" əsərində siyasətdə "qələbəyə xidmət edən bütün silahlar müqəddəsdir", deyir.
Bütövlükdə Qərb siyasətində demokratiya gerçəkdir, bəşəriyyətin böyük sərvətidir. Şərqə ixrac etdiyi demokratik siyasət isə gerçəklikdən daha çox xəyali, zahiri demokratiyaya bənzəyir. Orta əsrlərdə qalmış Əfqanıstanda inkişaf etmiş müasir Avropa ölkələrindəki demokratik dəyərləri bərqərar etmək cəhdi Vladimir Leninin geridə qalmış ayrıca bir ölkədə sosializmin qələbəsinin mümkünlüyü ideyası qədər absurddur.
- Sizcə, sözün lüğəti mənasının onun mahiyyətinə təsiri varmı?
- Terminin ilk yaranışı onun həmin dövrdəki mahiyyətindən doğur. Lakin cəmiyyət inkişaf etdikcə, mahiyyəti də dəyişə bilir. Söhbət etdiyimiz bu halda isə çox da əsaslı dəyişiklik görmürəm.
-Bunu əsaslandırmaq üçün tarixi faktlarınız və məntiqi əsaslarınız varmı?
-Müasirliyin anası keçmişdir. Gəlin keçmişə, tarixə nəzər salaq. Şrəq siyasətlə, yəni hiylə və cəza ilə məşğul olub. Ona görə də onun dövlətçilik tarixi başdan-başa monarxiya və istibdadın tarixidir. Qərb isə politika, yəni dövləti idarə etmə sənətinə elmin predmeti kimi yanaşıb. Şərqdə yalnız bir dövlət quruluşu - şahlıq və istibdad mövcud olduğu halda, Qərbdə, xüsusilə Yunanıstanda monarxiya və istibdadla yanaşı oliqarxiya, demokratiya, politiya, aristokratiya və s. dövlət quruluşları fəaliyyət göstərib. Şrəqdə dövlətin idarə olunması haqqında siyasət monarxa - şaha aid şəxsi məsələ olub, onu başqaları tərəfindən müzakirə etmək mümkün olmadığı halda, Yunanıstanda geniş müzakirə, elmi diskusiya və axtarışla müşayət olunub. Dövlətin idarə olunması elmin və cəmiyyətin diqqətindən yan keçməyib.
- Ataların belə bir məsəli var, "yalan ayaq tutar, yeriməz".
- Atalarımız çox nəcib, vicdanlı və şərəfli insanlar olub, bizi bu ruhda tərbiyə etməyə çalışıblar. Lakin siyasətdə yalan, hiylə əsrlərlə ayaq tutub, yeriyə bilib.
- Bunu necə izah edə bilərsiniz?
- Buna insan psixologiyasının təbiəti ilə aydınlıq gətirmək mümkündür. İnsanların əksəriyyəti üçün gerçəklik həqiqət deyil, ictimai rəydə həqiqət kimi qəbul olunanlar əsl həyat həqiqətidir. Kütlənin emosiyaları, inam və əqidəsi yoluxuculuq xassəsinə malikdir. Biri inandımı, başqalırını da yoluxdurub, ardınca dartıb aparır. Lider üçün isə irəli sürdüyü ideyanın nədən ibarət olduğu yox, ideyanın onun məqsədinin həyata keçirmək üçün yaratdığı təəssürat daha vacibdir.
- Bunu daha aydın izah edə bilərsinizmi?
- İnsan bədən və ruhdan ibarətdir. Bədən kompyuterin aparatıdırsa, ruh proqram təminatıdır. Maariflənməmiş beyinə nə yazdınsa o da qalacaq, pozulması müşkülə çevriləcək. Çünki onları aldatmaq üçün kiçik ağıl da kifayətdir, həqiqəti başa salmaqdan ötrü böyük ağıl da azlıq edir.
- Yəni deyirsiniz ki, yazıya pozu yoxdur?
- Var. Məsələ orasındadır ki, maariflənməmiş insanları aldatmaq, onlara aldandıqlarını başa salmaqdan daha asandır. Atalarımızın gözəl məsəli var-"yalançı tamahkarı aldatdı". Bu baxımdan insan arzu və istəklərinin xəyalı ilə öz-özünü aldatmağa da meyillidir. Buna aydınlıq gətirmək üçün bir haşiəyə ehtiyac var. Eramızın birinci əsrindən etibarən elmlər Aristotelin əsərlərini mahiyyətinə görə iki qrupa bölüblər - fizika və metofizika. Fizika maddi varlıq haqqında elmdir. Metofizika isə fizikadan sonra anlamını verir. Metofizika-ruh, təfəkkür, abstraksiya, dünyagörüş haqqında elmdir. O, bütün başqa elmləri öyrənmək üçün ağıla aydınlıq verir, dəqiqlik gətirir, onu genişləndirir, gerçək elmi məcraya yönəldir. Təbiətin, cəmiyyətin və təfəkkürün ümumi qanunauyğunluqlarını öyrənən metod, üsul rolunu oynayır. Fizikadan fərqli olaraq metofizikanın konkret sınaq, təcrübə laboratoriyası yoxdur. Onun laboratoriyası insanın başı, abstraksiya, induksiya və deduksiya məntiqi metodlardı. Metofizikanın ölçü vahidi-tərəzisi və metri yoxdur. Bütün mübahisələr buradan başlayır. Onlar da iki qrupa bölünürlər-iddialı, əndazəsiz və tövazökar, əndazəli metofiziklər. Birincilər bütün suallara cavab verməklə gerçəkliyin qulaqlarını o qədər dartıb uzadırlar ki, həqiqi simasını itirib yalana çevrilir. İkincilər elmin nəticələrinə əsaslanıb, konkret elmi həqiqətlərə cavab verib, həqiqətə çevrilirlər.
İnsanları aldadıb yanlışlığa aparan da iddialı, əndazəsiz metofiziklərdir. Onlar metofizik anlayışlarını düzgünlüyünün yoxlanılmasının, xüsusilə dərk olunmasının çətin, çox halda mümkünsüz olmasından istifadə edib bilərəkdən və ya bilməyərəkdən siyasətlərini həyata keçirib, bütün suallara konsepsiyalarına uyğun yanlış cavab verir, maariflənməmiş insanları asanlıqla arxalarınca aparıb elmin, həqiqətin böyük dağıdıcı qüvvəsinə çevrirlər. Məsələ orasındadır ki, gözün görmə qabiliyyətinin üfüqləri olduğu kimi, gerçəkliyi dərk etmənin də hər dövr üçün sərhədləri var. Mütləq həqiqət kainat qədər sərhətsiz və sonsuzdur. Yalnız yalanın, ehkamın üfiqi yoxdur. Bu səbəbdən iddialı, əndazəsiz, mən deyərdim davakar metofiziklər hər şey haqqında mütləq sonluğa qədər məlumat verməyi öhdələrinə götürüb, min illərlə əsassız mübahisələr edirlər.
- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Avropanın tarixi təcrübəsindən istifadə etmək vacibdir. Müsəlman ölkələrində səkkizinci əsrdən başlamış renessans yarımçıq qaldı, başa çatmadı. Avropa on beşinci əsrdən həmin estafeti götürdü və başa çatdırdı. Həticədə onlar bütövləşdilər, dövlətləşdilər və millətləşdilər.
- Bu həm də BAXCP-nin siyasətinin ana xəttidir.
- Elədir ki, var. Biz həmişə parçalanmışıq. Dinimiz də, Vətənimiz də, dövlətimiz də, millətimiz də, mentalitetimiz də... Ona görə də çox düzgün olaraq bütövləşmədən başlayırıq.
- Bütövləşmənin əsas prinsipini nədə görürsünüz?
- Ruhumuzun, dünyagörüşümüzün bütövlüyündə. Bunun yolu isə maarifçilikdən, həqiqəti, gerçəkliyi dərk etməkdən keçir. Yalanın min bir yolu, həqiqətin, gerçəkliyin bir yolu var. O yol bizi birləşdirən, bütövləşdirən haqq yoludur.
Yaxşı yadımdadır, Milli Azadlıq Hərakatının mərhum lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-nin parçalanmasına cəhdlər baş tutdu. Partiyanın parçalanmış bir hissəsinin qurultayında ikinci AXCP-nin təsis olunması alqışlarla qarşılandı. Yalnız Qüdrət Həsənquliyev kürsüyə qalxıb qurultay nümayəndələrinə qətiyyətlə ciddi bir sual verdi: "Həyi alqışlayırsınız? Azərbaycanın müstəqilliyinə nail olmuş AXC-nin varisi AXCP-nin parçalanmasını alqışlamağa dəyərmi?"
Bu fikir, ənənəvi standart düşüncə tərzindən xilas olmuş, yeni, yaradıcı, qeyri-stantart, keçmişin acı təcrübəsindən düzgün əqli nəticə çıxaran, uğurlu, gələcəyə yönələn, əsil liderliyə iddialı təfəkkür tərzinin məhsulu idi.
- Sizin BAXCP-yə gəlməyinizdə bunun təsiri oldumu?
- Oldu. Yeni siyasi kurs, yeni mübarizə metodu məni cəlb elədi. Yəni kostruktiv müxalifət. Fəlsəfədən məlumdur ki, hər hansı ideyanın forması məzmunla uyğun olmalıdır. Radikal mübarizə metodu ilə demokratiya uğrunda mübarizə aparmaq, mədəniləşmək uğrunda mübarizəni kötəklə həyata keçirməyə bənzəyir. Konstruktivlik demokratiyanın tərkib hissəsidir. Hərbin əzələləri talançılığa və dağıdıcılığa xidmət etdiyi kimi, sülhün əzələləri də əmin-amanlığa, tərəqqiyə xidmət edir.
- Dillə siyasətin əlaqəsi haqqında nə deyə bilərsiniz?
- Hər hansı siyasətin ideyası insanlar tərəfindən mənimsənildikdə maddi qüvvəyə çevrilir. Kütlə tərəfindən mənimsənilməyən ən ali ideya belə köməksiz və gücsüzdür. Bu baxımdan dilin kütləviliyinin rolu böyükdür. İngilis dili bu baxımdan ən kəsərli və geniş əhatəli güclü silahdır. İngilis dilində yazılan məlumat bütün dünyanı əhatə edir, digər dillərdə yazılan məlumat isə regional xarakter daşıyır. Super dövlətlər olduğu kimi super dillər də mövcuddur.
- Bəzi adamlar siyasətlə məşğul olmadıqlarını söyləyirlər. Digərləri isə deyirlər ki, siyasətlə məşğul olmasan siyasət səninlə məşğul olacaq. Bir qismi də "siyasət çirkin işdir, baş ağrısıdır" deyə, bildirirlər.
- Siyasətlə məşğul olmamaq mümkün deyil. Ailə dövlətin başlanğıcıdır. Siyasət isə ondan əvvəl mövcuddur. Alimlərin fikrincə, insan bioloji və sosial varlıqdır. Məncə ona daha bir söz əlavə etmək lazımdır-insan həm də siyasi varlıqdır. Harada siyasi məqsəd, niyyət varsa, orada insan da var, onun icrası üçün fəaliyyət varsa, orada siyasət də var. O ki, qaldı siyasətin çirkinliyi və baş ağrısı məsələsinə, bu işlə məşğul olanların fikri başqadır. Onlar deyirlər:" Heft və neft məhsulları da çirkindir və qoxusu baş çatladır. Lakin onsuz heç bir maşın və mexanizm yağlanıb hərəkət edə bilməz".