Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edib Siyasət

Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edib

Sergey Lavrov: "Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb"

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır və iqtisadi əlaqələr sürətlə inikşaf edir.
E.Məmmədyarov bildirib ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu söyləyib: "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu".
E. Məmmədyarov qeyd edib ki, ölkələr arasında parlament diplomatiyası da mühümdür, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub, Rusiya parlamentarları yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər.
E. Məmmədyarov görüşdə Yaxın Şərq və Ukraynada baş verənlərin də müzakirə olunduğunu, S. Lavrovun Ukrayna ilə bağlı Rusiyanın mövqeyini çatdırdığını bildirib.
Onun sözlərinə görə, Fransa prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi barədə təklif vermişdi: "Biz hazırda Fransadan belə bir görüşün təşkili barədə daha konkret təklif gözləyirik".
Nazir bildirib ki, Fransada keçirilməsi nəzərdə tutulan görüşlə bağlı hələlik dəqiq məlumat olmadığı üçün əlavə heç nə söyləyə bilməz.
Sergey Lavrov isə bildirib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır: "İki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir. O, keçən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etdiyini xatırladıb: "Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib, oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək".
S. Lavrov Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünü xatırladaraq qeyd edib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar. Nazir görüşdə Ukraynada baş verənlərin də müzakirə olunduğunu açıqlayıb: "Dünən iki rusiyalı jurnalist Ukraynada həlak olub. Bu, tezliklə atəşin dayandırılmasının və Cenevrə prinsipləri çərçivəsində danışıqların aparılmasının zəruri olduğunu göstərir".
S. Lavrov Yaxın Şərqdə terrorçuluqdan narahatlığını ifadə edib: "Bu, həm Rusiya, həm Azərbaycan, həm də Avropa üçün təhlükədir".
Qonaq görüşdə Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlığın da müzakirə olunduğunu vurğulayıb. S. Lavrov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladıb və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın mühüm olduğunu vurğulayıb.
Rusiya XİH rəhbəri Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb: "İki ölkənin rəhbər şəxslərin görüşlərində bu məsələ müzakirə olunur. Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq".
Nazir qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur: "Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Beldarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək".
Lavrov Bakıda Ukraynadakı vəziyyət barədə də danışıb: "Ukraynanın Luqansk və Donetsk bölgələrində hərbi vəziyyətin elan olunması zorakılığı daha da artıracaq. Ukrayna qəzetlərindən birində oxudum ki, Ukraynanın şərqində bir neçə yüz min insanın ölkənin qərbinə köçürülməsi nəzərdə tutulur. Bu, açıq şəkildə etnik təmizləmədir. Öz hüquqlarını tələb edən insanları öz yerlərindən başqa yerlərə köçürürlər. Hərçənd mən bilmirəm ki, bu, tam həqiqətdir, ya yox. Həqiqətdirsə, çox pisdir".
S. Lavrov Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəs təklifinə də toxunub: "Əgər bütün ölkə ərazisini əhatə edərsə, atəşkəs təklifi yaxşıdır. Ancaq bir tərəfdən atəşkəs haqqında danışırlar, bir tərəfdən də aqressiya davam edir. Atəşi dayandırmaq lazımdır. Ukrayna hakimiyyətinə qarşı çıxan könüllülər, şərqi Ukrayna təmsilçiləri ilə danışıqlar aparılmasını gözləyirik. Atəşkəsin müəyyən dövrü əhatə etməsini, bu zaman könüllülərin silahının yığılmasını, sonra onların həbs edilməsini nəzərdə tuturlarsa, bu, yolverilməzdir. Ukrayna hakimiyyəti danışıqlardan yayınmaqla özünü Avropa dəyərlərindən uzaq aparır. Kompromissiz mövqe düzgün deyil. Şərq regionlarında hərbi vəziyyətin elan edilməsi səmərəsiz olar".