“ Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı...” Siyasət

“ Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı...”

Elxan Şahinoğlu: "Azərbaycanda Rusiyanın müsbət imicini formalaşdırmağa çalışırlar"


"Moskvada Azərbaycana simpatiyası olan və Dağlıq Qarabağ məsələsində bizim haqlı mövqeyimizi müdafiə edən bir neçə siyasi ekspert və jurnalist var, ara-sıra Bakıya da gəlirlər. Dəstəyə görə sağ olsunlar, ancaq başımızın altına yastıq qoymağa da ehtiyac yoxdur. Açıqlama verirlər ki, guya Moskva Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı Dağlıq Qarabağ ətrafındakı 5 rayonu azad etməyə razı salıbmış, sadəcə Nikol Paşinyanın qəfil hakimiyyətə gəlişi bu planları pozub. Bu iddia yumşaq desək nağıla oxşayır, Serj Sərkisyan 10 ilə yaxın hakimiyyətdə idi, bəs Moskva bu illərdə nəyi gözləyib və niyə Sərkisyan bu 10 ildə 5 rayonu azad etməyib?" Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, nə Sərkisyan 5 rayonu azad etmək istəyirdi, nə də Moskvanın bu məsələdə Ermənistanın keçmiş prezidentinə hər hansı təzyiqi olub: "Sadəcə, Oleq Kuznetsov, Aleksandr Duqin və digərləri Ermənistanı tənqid etməklə yanaşı Azərbaycanda Rusiyanın müsbət imicini formalaşdırmağa çalışırlar. Yəqin tapşırıq elədir. Bu onların işidirsə, mənim də vəzifəm heç nəyə əsaslanmayan açıqlamalara inanmaq yox, Rusiyanın atdığı addımları analiz etməkdir".
E.Şahinoğlu həmçinin Qətər məsələsinə də münasibət bildirib: "4 ölkə - Səudiyyə Ərəbistanının, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin və Bəhreynin Qətər dövləti ilə diplomatik münasibətləri kəsmələrindən bir il keçdi. Faktiki Qətər blokadaya alındı. Bu dövlətlər Qətərə qarşı 13 maddəlik ultimatum irəli sürdülər. Maddələr içərisində İranla əməkdaşlığın dayandırılması, Türkiyə hərbi bazasının çıxardılması və məşhur "Əl-Cəzirə" televiziya kanalının yayımının dayandırılması var idi. Faktiki bu o demək idi ki, müstəqilliyindən əl çək!
Bu işi başladan Səudiyyə Ərəbistanı düşünürdü ki, müttəfiqi ABŞ-dan dəstək alacaq. Ancaq Vaşinqton qovğaya qarışmadı, Donald Trampın anti-İran ritorikasına rəğmən, Ağ Ev Səudiyyə ilə yanaşı Qətərlə də strateji tərəfdaşlığını davam etdirir. Bunda ABŞ-ın Qətərdə hərbi bazasının varlığı da rol oynayır. Blokadanın ilk günlərində Qətərdə bir az panika yarandı, dükanlar boşaldıldı və s. Məsələ burasındadır Qətər qaz nəql edən varlı dövlət olsa da, ərzağın tamamını xarici ölkələrdən alırdı. Qətərin köməyinə Türkiyə və İran yetdi, daha sonra Oman və Hindistan da Qətər üçün limanlarından gen-bol istifadəyə icazı verdilər. Bir sözlə Qətər təslim olmadı, əksinə özü ərzaq istehsalına başladı.
Buna baxmayaraq, Qətər üçün böyük qonşusu Səudiyyə Ərəbistanı ilə düşmənçilik şəraitində yaşaması böyük təhlükəsizlik problemi yaradır. Ayrıca, qətərlilər müqəddəs Məkkə və Mədinə şəhərlərini ziyarət edə bilmirlər. Səudiyyə Ərəbistanı geri addım atmaq istəmir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə bir il öncə formalaşan yeni münaqişə ocağı digərləri kimi uzun sürəcək".