“Rusiya tərəflərə yardım göstərməyə davam edəcək“ Siyasət

“Rusiya tərəflərə yardım göstərməyə davam edəcək“

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışında tərəflərə yardım göstərməyə davam edəcək".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, erməni həmkarı ilə görüşü uğurla keçib və tərəflər beynəlxalq aləmdə və müxtəlif təşkilatlarda əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
"Mövqeyimiz belədir ki, Qarabağ münaqişəsinin həlli ATƏT Minsk qrupu vasitəsilə əldə olunmalıdır. Bu formatın doğruluğuna əminik. Digər həmsədrlərlə birlikdə Azərbaycan və Ermənistanın razılığa gəlməsinə yardım edəcək şərait yaratmaq üçün ümumi, ardıcıl xətt həyata keçiririk", - Lavrov bildirib.
O həmçinin erməni jurnalistə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri İqor Popovun bəyanatı ilə bağlı fikirlərinin təhrif olunmasına görə etirazını bildirib.
"Cənab Popov heç vaxt deməyib ki, Qarabağ tərəfi yenidən danışıqlara qayıtmalıdır. Əgər tərəflər hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlarda təmsil olunmasına dair razılıq əldə edərsə, bu, onların qərarı olacaq və biz buna hörmətlə yanaşacağıq", - Rusiya XİN başçısı vurğulayıb.