Azərbaycanla AŞ PA arasında daha bir qalmaqal Siyasət

Azərbaycanla AŞ PA arasında daha bir qalmaqal

Səməd Seyidov: "AŞ PA sədrinin Azərbaycanla bağlı qərarın qəbul edilməsindəki davranışları qurumun prosedur qaydalar üzrə komitəsində araşdırılacaq"

AŞ PA sədri Ann Brassör: "Səməd Seyidov məni və Assambleyanın baş katibini manipulyasiya etməkdə günahlandırır"

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun toplantısı keçirilib. Büronun iclasında Azərbaycanla bağlı da bir neçə məsələ müzakirə edilib.
İclasda iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-nın Avropa müxbirinə açıqlamasında Azərbaycanla bağlı üç əsas qərarın qəbul edildiyini bildirib.
"Bugünkü iclasda bizimlə bağlı üç əsas qərar qəbul olundu. Birincisi, büronun iclasında Azərbaycan prezidenti İlham Əliyevin çıxışı və Assambleya üzvlərinin suallarına verdiyi cavablar müzakirə olundu. Cənab prezidentin suallara cavabları xüsusi olaraq müzakirə olundu və dəstəkləndi. Azərbaycanla bağlı bütün məsələlərdə gələcəkdə də ölkə ilə əməkdaşlığa qərar verildi. İkinci məsələ, AŞPA sədri xanım Ann Brassörün həftənin birinci günü keçirilmiş plenar iclasda etdiyi hərəkətlərin Assambleyanın ümumi abı-havasına uyğun olmaması və qurumun prosedur qaydalara cavab verməməsi ilə bağlı idi. Bu məsələnin AŞ PA-nın prosedur qaydalar üzrə komitəsində araşdırılmasına qərar verildi. Bu ona görə edildi ki, bu məsələ prosedur qaydalar üzrə komitədə təhlil olunsun və araşdırsınlar, gələcəkdə belə şeylər bir daha baş verməsin. Çünki dünən xanım Ann Brassör jurnalistlərə açıqlamasında söyləyib ki, guya o, hər şeyi prosedura uyğun edib, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı təklifin səsə qoyulması qaydası düzgün olub, guya bizə naharın saat 13:15-də başlanması barədə əvvəldən məlumat verilib və s".
S. Seyidov deyib ki, Büroda onun xanım Ann Brassörə ünvanladığı məktubu da müzakirə olunub: "Büro üzvləri də məsələ qaldırdılar ki, xanım Brassör belə həssas məsələlərlə bu şəkildə davrana bilməz. Çünki Assambleyanın cənab Maknamaranın sənədi ilə bağlı qəbul etdiyi qərarın içərisində bir çox müəmmalı məqam vardı. Bu məqamları da AŞPA-nın qanunlar və prosedur qaydaları komitəsi araşdırmalıdır".
S. Seyidov deyib ki, Büroda millət vəkili Elxan Süleymanovun təklif etdiyi iki sənəd və bundan başqa, onun Dağlıq Qarabağla bağlı təklif etdiyi sənədin müzakirəsi keçirilib: "Bu gün büronun iclasında münaqişə və ermənilərə qarşı sanksiya ilə bağlı ümumilikdə 3 sənədə baxıldı və bu sənədlərin heç biri gündəmdən çıxmadı. Belə bir təhlükə var idi ki, bu sənədlər gündəlikdən çıxacaq, müzakirə edilməyəcək və s. Sadəcə bugünkü iclas yay tətilindən qabaq büronun son iclası olduğundan, qərara alındı ki, hər üç sənədə büronun sentyabr ayında keçiriləcək toplantısında baxılsın".
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brassör isə azərbaycanlı jurnalistlər üçün brifinq keçirərək mövqeyini açıqlayıb: "Azərbaycanın ərazi bütövlüyü məsələsinin Avropa Şurası üçün prioritet təşkil edir. Biz həmçinin Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini ölkədə demokratik islahatlar prosesinin sürətləndirilməsi üçün yaxşı fürsət olduğunu düşünürük".
Assambleyanın sədri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə münasibətlərinə də toxunub: "Səməd Seyidov birinci gün keçirtdiyimiz plenar iclasda Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul etdiyimiz qərarla əlaqədar mənə məktub ünvanlayaraq, bu iclasda iştirak edə bilməməsinə öz münasibətini bildirib. Həmin gün səhər Büro qərara almışdı ki, Azərbaycan üzrə siyasi məhbuslar məsələsi qurumun Monitorinq Komitəsinə göndərilsin və bu məsələ Azərbaycan üzrə həmməruzəçilərin hesabatına salınsın. Günorta isə cənab Maknamara söz istədi və büronun qərarına etiraz edərək, bu məsələnin İnsan hüquqları Komitəsinə göndərilməsinə təkid etdi. Bizim prosedur qaydalarımız da nəzərdə tutur ki, kimsə belə təklif edəndə buna digər deputat da öz etirazını bildirə bilər. Amma mən zala baxdıqda heç kimin etiraz etmək üçün əlini qaldırdığını görmədim. Hətta kiminsə bu təklifə etiraz edib-etmədiyini soruşdum. Zaldan cənab Maknamaranın təklifinə heç kim etiraz etmədi. Daha sonra mən hesabatçının rəyini soruşdum. Bundan sonra isə biz məsələni səsverməyə çıxardıq. Mən iclası aparan şəxs olaraq bu proseduru yerinə yetirməliydim. Çünki sədr olaraq mənim işim ilk növbədə prosedur qaydalara riayət olunmasını təmin etməkdir. Assambleyada bütün məsələlərə eyni qaydada baxılmalıdır. Mənim sədr kimi işim də ilk növbədə reqlamenti gözləmək, daha sonra isə qəbul edilmiş qərarın icrasını təmin etməkdir. Yəni belə məsələlərdə mənim şəxsi mövqeyim heç bir rol oynamır və oynamamalıdır da. Sədrin başqa bir imtiyazı, üstünlüyü yoxdur. Onun işi sadəcə məclisin reqlamentinə cavabdeh olmaqdır".
A. Brassör deyib ki, iclasın fasilədən sonrakı hissəsində Səməd Seyidov onu və Assambleyanın baş katibini manipulyasiya etməkdə günahlandırıb: "Mən bu ittihamı qəbul etmirəm, çünki bu, manipulyasiya deyil, sadəcə reqlamentin icra edilməsidir. Cənab Seyidovun arqumentinin biri də odur ki, o, günorta ziyafətə qatıldığı üçün məsələnin səsə qoyulması zamanı zalda olmayıb. Əlbəttə, birinci gün səhər iclası həmişəkindən bir az uzun çəkmişdi. Amma onu da deyim ki, günorta təşkil etdiyimiz ziyafət deyildiyi kimi saat 13:00-da deyil, saat 13:15-də başlayırdı".
Xanım Brassör onu da deyib ki, o bu məsələ ilə bağlı etirazları anlamır.