"Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır" Gündəm

"Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır"

ABŞ prezidenti Donald Tramp, İrandan Livandakı müttəfiqi olan və ABŞ-ın İranın proksi qüvvəsi hesab etdiyi Hizbullahı durdurmasını tələb etməsi və əks halda İrana qarşı yeni, daha sərt zərbələr endirəcəyini bildirməsi, əslində bir neçə gün öncə iki ölkə arasında əldə olunan razılaşmaya ciddi şəkildə kölgə salmaq məqsədi daşıyır və hesab edirəm ki, bu kimi ritorika razılaşmanın pozula bilmə ehtimalını yüksəldir.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Əlbəttə ki Trampın belə açıqlama verməsində, İsrailin təsir mexanizmlərinin rolu böyükdür və İsrail, ABŞ və İran arasında əldə olunan razılaşmaya qarşı olduğunu öncədən bildirmişdi. Digər tərəfdən açıqlamanın İsveçrədə davam edən, ABŞ -İran danışıqları fonunda verilməsi, əlbəttə ki Trampın diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxladığını mesaj olaraq vermiş olduğunu göstərir. Bu arada İsrail və Hizbullah arasında yenidən döyüşlər başlayıb və bu səbəbdən Tramp, İranın birbaşa deyil, regiondakı nümayəndələri vasitəsilə təzyiq göstərdiyini düşünür və bu səbəbdən prezident Tramp, yalnız İranın himayə etdiyi proksi qüvvələri deyil, birbaşa İranın özünü də hədəf ala bilər, mesajı verir" - politoloq deyib.

O, qeyd edib ki, əlbəttə ki İran, ABŞ-la əldə etdiyi razılaşmanın pozulmasını istəmir və Hizbullah üzərində əvvəlki kimi tam olaraq nəzarəti əlində saxlaya bilmir:

"Görünən isə odur ki, təsir böyükdür və əmrlərin hamısı da Tehrandan gəlmir. Bu baxımdan da Trampın verdiyi bəyanat əldə olunan razılaşmaya inamı azaldır. Ola bilər bu açıqlama Hörmüz boğazının açıq qalması üçün və yaxud da sazişi qorumaq məqsədi daşıyır. Həmçinin, növbəti mərhələdə diplomatiya və hərbi təhdidlə İranı zəif mövqedən çıxış etməyə məcbur etmək cəhdləri ola bilər. Bütün bunlar isə deməyə əsas verir ki, səslənən fikirlər daha çox Trampın öz strategiyasına xidmət edir və həm İsrailə, həm də İrana qarşı eyni "razılaşmanı pozmasın" mesajı verir. Cunki, artıq ortada ilkin siyasi razılaşma formalaşıb. İsrail-Hizbullah toqquşmaları davam edərsə, saziş risk altına düşür və Trampın təhdidi də məhz həmin razılaşmanın pozulmasının qarşısını almaq cəhdi kimi də qiymətləndirmək olar".

Cavid