“Sanksiyaları həm mənfi, həm də müsbət yöndən qiymətləndirmək olar” Siyasət

“Sanksiyaları həm mənfi, həm də müsbət yöndən qiymətləndirmək olar”

"Dünəndən İrana qarşı sanksiyaların birinci hissəsi həyata keçirilməyə başlayıb. Dollar və metalların ticarəti qadağan edilir. İkinci hissədə isə enerji daşıyıcıları məsələsi dövriyyəyə girəcək. Bu, İranda ciddi şəkildə sosial etirazlar yaranmasına səbəb ola bilər".
Bu sözləri politoloq Natiq Miri bildirib.
Politoloq xatırladıb ki, sanksiyalar İranda 1 milyona yaxın adamın işsiz qalmasına səbəb ola bilər. Bu isə sosial etirazları qaçılmaz edə biləcək qədər ciddi məqamdır: "Onu da nəzərə alaq ki, ABŞ bu sanksiyaları təkcə İrana deyil, onunla ticari iş birliyində olan digər dövlət və şirkətlərə də tətbiq edir. Deməli, sanksiyalardan İranla əməkdaşlıqda olan dövlət və şirkətlər də zərər görəcək. Bildiyiniz kimi, Obama ilə bağlanan nüvə anlaşmasından sonra bir sıra ölkələr, şirkətlər İrana investisiya yatırmağa başladılar. ABŞ Xəzinə Nazirliyi açıqladı ki, həmin dövlət və şirkətlərə zərər qarşılığında heç bir ödəmə edilməyəcək. ABŞ bununla növbəti dəfə qeyri-qanuni hegemonluq ortaya qoymaqla təkcə İrana deyil, onunla əməkdaşlıq və münasibətdə olan bütün dövlətlərə təzyiq etməkdədir".
Politoloq hesab edir ki, bu məsələlər Azərbaycana da aiddir. Çünki Azərbaycanın da İranla ticari əlaqələri var: "Ölkəmiz əməkdaşlıqdan imtina etməsə, sanksiyalara məruz qala bilər. Amma bu məsələnin bəzi üstünlükləri də var. İran böyük ticarət dövriyyəsi olan ölkədir. Onun regionda dövriyyədən çıxarılması Azərbaycan və Türkiyənin rolunu artıra bilər. Azərbaycan həm ticari, həm də iqtisadi yöndə qazanclar əldə edə bilər. Yəni İranın buraxdığı boşluqları regionda və qlobal səviyyədə Azərbaycan və Türkiyə kimi dövlətlər doldura bilər. Ona görə də bu məsələni həm mənfi, həm də müsbət yöndən qiymətləndirmək olar".