Ermənistan nümayəndə heyətinin rəhbəri biabır oldu Siyasət

Ermənistan nümayəndə heyətinin rəhbəri biabır oldu

ATƏT PA-nın iclasında onun təklifləri qəbul olunmayıb

Cavid

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev tərəfindən təqdim olunan "ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi" barədə qətnamə layihəsi Demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında müzakirə çıxarılıb. Qətnamə layihəsində ATƏT regionunda mədəni mülkiyyətin qorunması ilə bağıl yeni mexnizmin yaradılması nəzərdə tutulur.
Qətnamə layihəsində eyni zamanda ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün tədbirlərin gücləndirilməsi qeyd olunur.
Təkliflərə münasibət bildirən Azay Quliyev deyib ki, işğal altında olan torpaqlarda yerləşən tarixi-mədəni abidələrin dağıdılması, formasının dəyişdirilməsi, özgəninkiləşdirilməsi, oğurlanması, qəsb edilməsinin pislənməsi ilə yanaşı iştirakçı dövlətlərin bu cür hərəkətlərə yol verənlərə qarşı tədbirlər görməsi və tarixi abidələrin qorunması mexanizmlərinin təsis edilməsi kimi məsələlərin əksini tapdığı qətnamənin qəbulu ATƏT-in missiyasına tam uyğundur.
Qətnamədə YUNESKO-nun və digər beynəlxalq təşkilatların siyahısında olub-olmamasından asılı olmayaraq böyük əhəmiyyətə malik mədəni irsin qəsdən dağıdılmasının qadağan edilməsi, qarşısının alınması və bu hərəkətə görə cəza verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi yer alır.
Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan qətnaməyə etiraz edərək onun BMT-nin mədəni mülkiyyətlə bağlı sənədlərinə əsaslandırılmasını vacib sayıb. Geqamyan qətnaməyə düzəliş kimi mülkiyyətin qorunması ilə bağlı qətnaməyə "öz ərazilərində" sözünün əlavə edilməsini təklif edib. Layihə müəllifi Azay Quliyev Ermənistan nümayəndəsinə belə cavab verib: "İşğal olunmuş torpaqlarda mədəni mülkiyyəti qorumaq mümkün deyil. İşğalçı dövlət həmin ərazilərdə mədəni mülkiyyəti qorumalıdır".
Səsvermə nəticəsində Geqamyanın təklif etdiyi düzəliş qəbul olunmayıb.
ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi Bakıda qətnamə qəbul edib və müzakirələr zamanı qətnaməyə Azərbaycanla bağlı 3 düzəliş olunub.
Bir düzəlişə əsasən, Parlament Assambleyası ATƏT iştirakçısı olan bir çox dövlətlərdə hüquq müdafiəçilərinin saxlanması, həbsi, qorxudulması və ya başqa şəkildə susmağa məcbur edilməsi məqsədilə inzibati prosedurlar və qanunvericilikdən sui-istifadədən narahatlığını ifadə edir.
İkinci düzəlişdə vətəndaş cəmiyyəti nümayəndəsi, hüquq müdafiəçisi Anar Məmmədlinin həbsindən dərin narahatlıq ifadə olunur. Üçüncü düzəlişdə ATƏT-in Bakıda regional büro açmasına çağırış yer alır. Qeyd edək ki, 1 may 2014-cü ildən ATƏT-in Bakı ofisinin statusu layihə koordinatoru səviyyəsinə qədər azaldılıb.
Dünən həmçinin ATƏT regionunda "Dövlət və özəl sektorda təhlükəsizliyə demokratik nəzarət" adlı layihənin müzakirəsi keçirilib. Sloveniyadan olan deputat Roberto Battelinin təqdim etdiyi layihəyə düzəlişlərlə bağlı hər hansı təklif irəli sürülməyib.
Sənədin 36-cı bəndində təklif edilir ki, təhlükəsizlik və kəşfiyyat orqanları üzərində 2006-cı ildə qəbul edilmiş Brüssel bəyannaməsinə uyğun olaraq effektiv parlament nəzarəti aparılsın.
37-ci bənd isə bütövlükdə jurnalistlərin müdafiəsi ilə bağlıdır. Üzv dövlətlərdən təkidlə tələb olunur ki, insan hüquqlarına, özəl həyata dövlət orqanları tərəfindən təhdidləri ifşa edən jurnalistləri və onların mənbələrini qorusunlar.
39 bənddən ibarət sənədə yalnız Rusiya nümayəndəsi etiraz edib. Rusiyalı deputat sənədin üzərində işləməyin lazım olduğunu deyib. O, bir sıra bəndlərin ciddi redaktəyə ehtiyac olduğunu bildirib.
Layihə müəllifi isə bu irada təəssüfləndiyini bildirib:
"Mən Rusiya nümayəndəsinin dediklərinə təəssüflənirəm. Bu sənədi xeyli vaxt əvvəl biz deputatlara vermişdik. Gərək o vaxt öz iradlarını bizə bildirəydilər. Amma heç bir düzəliş təklifinin olmaması o deməkdir ki, bu sənədi hamı dəstəkləyir".
Sənəd səs çoxluğu ilə qəbul edilib.
Onu da qeyd edək ki, ATƏT PA-nın 23-cü sessiyasında ATƏT regionunda qaçqınların vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə olunub. Sənədə ümumilikdə 3 düzəliş təklif edilib.
Bu təkliflərdən ikisini ABŞ, birini isə Ermənistan nümayəndəsi irəli sürüb. ABŞ nümayəndəsi Kristofer Smit təklif edir ki, insan alverinin qurbanına çevrilməsin deyə qaçqınları qəbul edən ölkələr onları müvəqqəti və ya daimi yaşayış yeri ilə təmin etməlidir.
Müzakirələr zamanı Fransa nümayəndəsi bildirdi ki, Avropa ölkələri qaçqınların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı normal addımlar atmayana qədər, bu, ölkələr üçün problemlər yaradacaq.
Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sözügedən qətnaməni yerində olan bir sənəd adlandırıb: "Dünyada 51 milyon qaçqının 1 milyonu Azərbaycanın payına düşür. Azərbaycanlılar öz ölkələrində məcburi köçkünlərə çevriliblər. Onlara layiqli həyat şəraiti yaradılmalıdır. Azərbaycanın bununla bağlı çox mütərəqqi təcrübəsi var. Amma reallıq odur ki, dünyada bu məsələ çox ciddi problemdir. Azərbaycan bu insanların heç 30 faizinin problemini həll edə bilmir. ATƏT regionunda bu problemə qarşı ciddi iş aparılmalıdır. Bundan başqa Avropa ölkələri bu məsuliyyəti bölüşməlidirlər".
Müzakirələrə sədrlik edən portuqallı deputat İsabel Santos bu məsələnin dünyada ciddi problem olduğunu bildirib.
Sənəd səs çoxluğu ilə qəbul edilib.
Millət vəkili Fəttah Heydərovun fikrincə, bu gün beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq bir ənənə halını alıb. Xüsusən də beynəlxalq aləmdə çox nüfuzlu təşkilat olan, 57 ölkənin təmsil olunduğu ATƏT PA-nın sessiyasının Bakıda keçirilməsi demək olar ki, Azərbaycanın gücünün göstəricisidir: "Mən özüm 15 ildir ki, bu təşkilatın müxtəlif ölkələrində keçirilən toplantılarında iştirak etmişəm və bu səviyyədə toplantının keçirildiyinin şahidi olmamışam. Bunu digər ölkələrdən olan deputatlar da təsdiq edirlər. Onlar Azərbaycanda gedən inkişafı görüb heyrətlərini gizlədə bilmirlər. Qonaqları Azərbaycanın qonaqpərvərliyi valeh edib. Bu mənada və Azərbaycanın beynəlxalq aləmdə tanınması baxımından tədbirin burada keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Millət vəkili onu da deyib ki, ATƏT PA-da da digər beynəlxalq təşkilatlarda olduğu kimi ikili standartlar mövcuddur: "Azərbaycan prezidenti İlham Əliyev də öz çıxışlarında beynəlxalq təşkilatların ikili standartları ilə bağlı fikirlərini açıq formada izhar edir. O çıxışlarında açıq formada bəyan edib ki, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər bəzən iki saatdan sonra icrasına başlanılır, bəziləri isə uzun illər boyu kağız üzərində qalır. Necə ki, 20 ildən artıqdır BMT TŞ və digər təşkilatlar ermənilərin işğalçı siyasəti ilə bağlı sənədlər qəbul edib, ancaq onlar indiyədək icra olunmur. Amma onu deyə bilərəm ki, burada işitrak edən 500-dən arıq parlamentari Azərbaycandakı prosesləri öz gözləri ilə görür və bu, gələcəkdə öz müsbət təsirini göstərəcək".
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında SMDT-nin sədri Anar Məmmədlinin həbsində siyasi motivlərin olması ilə bağlı ATƏT qanununa 44-cü düzəlişin edilməsinə belə münasibət bildirib: "Norveçdə və yaxud başqa ölkələrdə o qədər insan həbsxanalarda həbsdədir, amma onlar haqda bizim deputatlar bir fikir söyləmir. Anar Məmmədli elə bu ölkələrdən maliyyə alaraq vergidən yayınıb və elə onların da tapşırığına əsasən, seçkilərə saxta rəy yazıb. Anar Məmmədlinin məsələsi sırf vergidən yayınmaq və aldığı qrantların mənimsənilməsidir. Burada heç bir siyasi motiv yoxdur. Ona görə də, bunların nə qərar qəbul etməsindən asılı olmayaraq, Azərbaycan qanunvericiliyi var. Əsas odur ki, qəbul edilmiş qərar heç bir fundamental və hüquqi təhlilə əsaslanmır. Ona görə də hesab edirəm ki, qanun qarşısında kimin hansı fəaliyyətlə məşğul olmasından asılı olmayaraq, hamı bərabərdir".