Leyla Yunus kimlərin hüququnu qoruyur? Siyasət

Leyla Yunus kimlərin hüququnu qoruyur?

Arzu Şirinova

Azərbaycan müstəqillik qazanandan sonra bütün müstəqil dövlətlərdə olduğu kimi bizdə də qeyri-hökumət təşkilatları yarandı. Müxtəlif adlarla qeydiyyatdan keçən bu təşkilatlar demək olar ki, bütün sahələri əhatə eləməyə başladılar.
İlk baxışdan hər şey qaydasında və qanunlar çərçivəsindədir. Onlar demokratiya yoluna yenicə qədəm qoymuş dövlətlərdə vətəndaş cəmiyyətinin qurulması, siyasi plüralizmin tərəqqisi və bu kimi ilk baxışdan heç də təhlükəli görünməyən dəyərlərin qorunmasına xidmət göstərdiklərini bəyan edirlər. Amma məhəbbətdən fərqli olaraq, siyasətdə ilk baxışdan gözəl görünən hər şey heç də həmişə gözəl olmur. Odur ki, ilk təəssüratın aldadıcı illüziyyasından qurtulmağa çalışaraq, adına qeyri-hökumət təşkilatları (QHT) deyilən fəaliyyət sahəsinə bir daha və diqqətlə nəzər salmağa çalışaq.
Müstəqilliyin ilk illərində bəziləri bu fəaliyyət sahəsinə yalnız yaxşı qazanmaq fürsəti kimi baxırdı. Bəlkə də elə buna görədir ki, bəziləri hələ də o illərin həsrətiylə yaşayır və "əvvəllər əməlli-başlı gəlirimiz olurdu", deyə təəssüflənirlər. İndi Azərbaycan cəmiyyətinin "QHT-lərlə ilk tanışlıq" tarixindən xeyli keçib və baş verənlərin təhlili göstərir ki, qazanan heç də biz yox, qarşı tərəfdir. Bəli, bu gün Azərbaycanda bəzi QHT-lər - Leyla Yunus kimiləri - Qərb siyasi dairələrinin əlində hər hansı dövləti içindən çürütmək və özündən asılı vəziyyətə salmaq üçün böyük vasitə hesab olunur. Hər halda xarici donor təşkilatların ölkəmizdə vaxtilə maliyyələşdirdiyi mövzuların siyahısı ilə tanışlıq belə düşünməyə əsas verir. Milli mentalitetə və Azərbaycanda tarixi ənənələrdən kənar bir cəmiyyət qurulmasına yönəlmiş bu siyasətin icraçıları isə öz içimizdədir. Qərbin siyasi və maddi dəstəyi ilə ortaya atılan bu şəxslər müstəqil mövqedən və sosial bazadan kənar olmalarına rəğmən qısa zaman ərzində kifayət qədər populyarlaşa biliblər. Bu bir yana qalsın, Qərbdəki, Avropadakı dayaqları hesabına bu qüvvələr yeri gəldikcə hakimiyyətə də öz mövqelərini qəbul etdirməyi bacarırlar. Prinsipcə QHT fəaliyyəti bütün normal və sivil dövlətlərdə mövcuddur və bu sistem cəmiyyətin liberallaşması və dövlətin demokratikləşməsi istiqamətində iş aparır. Amma unutmaq olmaz ki, QHT-lərin Avropa ölkələrində apardıqları işlə Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlərdə apardığı iş arasında kəskin və prinsipial fərqlər mövcuddur. Qərbdə donor təşkilatlarının başlıca funksiyası bir qayda olaraq mövcud olan problemlərin həllində dövlətə yardımçı olmaqdan ibarətdir. Amma həmin donor təşkilatların xarici fəaliyyətləri tamamilə başqa prinsiplər üzərində qurulub və bu fəaliyyət prinsipləri heç də ürəkaçan deyil.
Təcrübə beynəlxalq donor təşkilatların Azərbaycan kimi üçüncü qrup-inkişaf etməkdə olan ölkələrdə öz maraqlarını həyata keçirmək üçün vasitə rolunu oynadığını göstərir. Əgər ölkədəki iri QHT-lərin həyata keçirdikləri layihələrin mövzularına diqqət yetirilsə dediklərimiz öz təsdiqin tapar. "Şimal bölgəsində təhsilin səviyyəsinin yüksəldilməsi", "Mətbuatda qloballaşma ideyalarının təbliği", "Milli azlıqların problemləri" "Vətəndaşlar arasında ingilis dilinin tədrisi", "Siyasi məhbuslar məsələsi" və s. Görəsən, həmin təşkilatlar belə "həssas nöqtələr"ə vurmaqda nə dərəcədə səmimidirlər? Məgər, Azərbaycanda həllinə yardımçı olmağa başqa heç bir problem qalmayıb? Aydın məsələdir ki, onların əsl məqsədi heç də hər hansı problemi həll etmək yox, lazım gəldiyi anda ölkədə hər hansı ziddiyyət ocağının alovlandırılması imkanlarını dəyərləndirməkdir.
Digər bir maraqlı məqam isə sözügedən donor təşkilatların Azərbaycanda portnyor kimi seçdiyi qüvvələrdir. Bu baxımdan Azərbaycanda ofislərini açmış nüfuzlu beynəlxalq təşkilatların yerli siyasi qüvvələr və qeyri-hökumət təşkilatları arasında apardıqları tərəfdaş seçimi də heç vaxt birmənalı qarşılanmayıb. Qeyd edək ki, sözügedən xarici təşkilatlar ölkədə mövcud olduqları müddət ərzində demokratik ənənələrin təşəkkülünü sürətləndirmək məqsədilə müəyyən layihələr həyata keçirirlər. Onlar bu məqsədlə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində fəaliyyət göstərən bəzi partiya və QHT-lərlə fəal əməkdaşlıq edirlər. Lakin təbii ki, xaricilərin əməkdaşlıq çərçivəsi bütün partiyaları və QHT-ləri əhatə edəcək qədər geniş deyil. Xarici təşkilatlar əməkdaşlıq üçün siyasi qüvvələr arasında seçim edərkən balans gözlənilmir, sadəcə olaraq özlərinə sərf edən qüvvələrin layihələrini maliyyələşdirirlər. Azərbaycanda çalışan əcnəbi missiyaların yerli tərəfdaşları isə adətən milli maraqlardan imtina etmiş və ya bu maraqlardan hər hansı məsafədəsə uzaqlaşmış partiya və QHT-lər arasından seçilir. Maraqlıdır ki, belə fikirlər mətbuatda müntəzəm səsləndirilsə də, beynəlxalq təşkilatların rəhbərləri bu mövzuda danışmağa həvəs göstərmirlər.
Ancaq onlar bu mövzuda danışmağa maraq göstərməsələr də bizlər mövzuyla bağlı yazmalı, danışmalı və heç nəyi nəzərdən qaçırmamalıyıq. Bunu bizdən həm də təhlükə altında olan milli maraqlarımız tələb edir.
İndi isə keçirəm əsil mətləbə. Bir neçə gün əvvəl Bakıda HATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarı keçirildi. Tədbirə dəvət alan hüquq müdafiəçisi Leyla Yunus fasilə zamanı gur səslə iştirakçılara səslənərək bir müddət əvvəl hava limanında saxlanmasından, polisin onu ayaqyolunda təqib etməsindən danışdı və ermənilərə çönərək (tədbirə ermənilər də qatılmışdı-A.Ş.) "bunlar indi necə Azərbaycanın tərkibində qalmağa razı olsunlar", deyib yenə ermənipərəstliyini nümayiş etdirdi. Ermənilər də iclas başlayan kimi Leyla yunusun onlara təqdim elədiyi sənədlərə istinad edərək "Azərbaycanda hətta hüquq müdafiəçilərinin belə hüquqları təhlükə altındadır" fikirlərilə iştirakçıların beyinlərini zəhərlədilər. Bu hadisədən az keçməmiş Bakıda ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyası başladı. Və bu dəfə Leyla Yunus yaxasını cırdı ki, onu tədbirə buraxmayıblar...
...Əməlləri yalnız Azərbaycanı gözdən salmağa yönələn Leyla Yunus vaxtilə Azərbaycanı parçalamaq üçün "Talış Muğan Resrublikası"nı yaratmağa cəht göstərən və buna görə də cəsası verilən Əlikrlam Hümbətovu "siyasi məhbus" kimi qələmə vermişdi. Milli və dövlətçilik maraqlarından imtina eləmiş Leyla Yunus sonda separatçı Əlikram Hümbətovun azadlığa çıxmasına nail oldu. Bu gün separatçı Əlikrlam Hümbətov heç də əməllərindən imtina eləməyib. O yenə də öz aumplasındadır və bu dəfə ermənilərlə işbirliyi quraraq düşmən ölkənin maraqlarına xidmət göstərir. Hətta İrəvana səfər edərək düşmən ölkənin sayılıb-seçilən qonağı qismində rahatlıqla işini görür. İşini görür deyəndə ki, Azərbaycanın parçalanması üçün əlindən gələni əsirgəmir.