Azərbaycanlı tələbələrin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı davam etdiriləcəkmi? Siyasət

Azərbaycanlı tələbələrin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı davam etdiriləcəkmi?

Məhərrəm Zülfüqarlı: "Bu proqramın davam etməsinə nail olmaq mümkündür"

Bütün dünyada müasir, inkişaf etmiş təhsil ocaqlarına daha çox üstünlük verilir. Belə olduqda vətəndaşlar daha önəmli və dünyanın qabaqcıl universitetlərində təhsil almaqla, daha müasir biliklərə sahib olur, yüksək intellektual potensiala malik peşəkar və yaradıcı kadra çevrilir. Nəticədə belə kadrlar ona verilən vəzifələri daha uğurla həyata keçirir və bu da effektiv nəticələrə gətirib çıxarır. Bütün bunlar isə, təbii ki, dövlətin güclənməsi və inkişafına xidmət edir. Buna görə də,
gənclərimizin xaricdə təhsil alması vacib amildir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev dəfələrlə bu məsələni qaldırıb. Məsələn, 2014-cü ilin mayın 16-da keçirilən parılamentin iclasında
çıxış edən BAXCP sədri Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı dövlət proqramının icrasından narazılığını ifadə edib: "Bu məsələni mən keçən il də qaldırmışdım. Çünki ötən dəfə həmin məqsədlə ayrılan vəsaitin 40 faizi icra olunmuşdu. Yüksək rəqabətə davamlı, ixtisaslı kadrların hazırlanması üçün Azərbaycan gənclərinin nüfuzlu ali təhsil müəssisələrində oxumasına ehtiyac var. Amma təhsil naziri deyib ki, indiyə kimi 2612 nəfər göndərilib. Halbuki, proqram çərçkivəsində 5 min nəfərin xaricdə oxumağa göndəriləcəyi nəzərdə tutulmuşdu. Bu, nəzərdə tutulan rəqəmdən 50 faiz azdır. Bu, narahatedici məqamdır".
Deputat deyib ki, bəzi ixtisaslarda məhduiyyətlər var. "Amma bizim keyfiyyətli hüquqşünaslara da ehtiyacımız var. Xarici dillərin öyrənilməsinə aid xüsusi dövlət proqramına ehtiyac var. Əsasən Bakı və digər iri şəhərlərdə məzun olan şagirdlər xaricdə oxuya bilir. Çünki Azərbaycanda ingilis-Azərbaycan dilində normal elektron lüğət yoxdur".
Millət vəkili həmçinin 2016-cı il sentyabrın 30-da Milli Məclisin keçirilən iclasında çıxışı zamanı bildirib ki, xaricdə təhsillə bağlı Azərbaycanda yeni və uzunmüddətli qanun layihəsi hazırlanaraq qəbul edilməlidir. BAXCP sədri deyib ki, yeni qanun qəbul edildikdən sonra yaxın 10 il ərzində xaricə tələbə göndərilməlidir: "Biz 2016-cı ildə təhsil almaq üçün xaricə tələbə göndərə bilmədik. Amma Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır. Əvvəlki illərdən fərqli olaraq bu yeni qanunla hərbi, müdafiə, xüsusi hümanitar, hüquq və digər sahələrə aid ixtisaslar üzrə xaricdə azərbaycanlıların təhsilini təmin etməliyik. Azərbaycanda çox yüksək ixtisaslı hümanitar və xüsusuilə dünya dillərini bilən hüquqşünaslara ehtiyac var. Hesab edirəm ki, parlamentin Elm və təhsil komitəsi tez bir zamanda bu barədə yeni bir qanun layihəsi hazırlamadlıdır və payız sessiyasında qəbul edilməlidir. 2017-ci ildən xaricdə azərbaycanlı tələbələrin təhsilini bərpa etməliyik".
Qeyd edək ki, BAXCP sədrinin dəfələrlə qaldırdığı bu məsələ parlamentin 2018-ci il payız sessiyasınını ilk iclası zamanı millət vəkili Azay Quliyev tərəfindən də qaldırılıb.
Azay Quliyev deyib ki, azərbaycanlı tələbələrin xaricdə oxuması ilə bağlı vaxtilə həyata keçirilən Dövlət Proqramı çox uğurlu idi: "Onun nəticələrini də görürük. Hesab edirəm ki, bu proqram davam etdirilsə, yaxşı olar".
Deputat bildirib ki, Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi: "İstənilən azərbaycanlı xaricdə təhsil alması dövlətimizin maraqlarına uyğundur. Bunun davam etdirilməsi üçün büdcənin müzakirəsi zamanı məsələ qaldırmaq olar. Bir neçə milyon vəsait tələb olunduğundan düşünürəm ki, onu yenidən bərpa etmək olar. Nazirlər Kabineti qarşısında bu məsələ qaldırıla bilər".
Təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı "Xalq Cəbhəsi"nə bildirdi ki, bu proqramın davam etdirilməsinin çox önəmli olması aydın məsələdir: "Azərbaycanı ürəkdən istəyən, Azərbaycan dövlətçiliyinə sadiq olan insanlar bu məsələyə ürəkdən, ciddi yanaşır və bu proqramın həyata keçirilməsi üçün çalışır. Düzdür, əvvəllər bu proqram geniş formada həyata keçirilirdi. Buna görə də çox ailələr bundan bəhrələndi. Amma müəyyən məsələlər var ki, təkcə Azərbaycandan asılı deyil. Yəni dünyada gedən proseslər, neftin qiymətinin aşağı düşməsi, Rusiyaya qarşı embarqolar, dolların kursunun dəyişməsi və.s. Azərbaycana da müəyyən təsir etdi. Buna görə də bəzi proqramların həyata keçirilməsi azaldıldı". Ekspert əlavə etdi ki, bütün bunlara rəğmən çıxış yolu var: "Mənə elə gəlir ki, başqa sahələrə xərclənən vəsaitləri ixtisar etməklə bu prosesə dəstək vermək olar. Çünki bu, Azərbaycanın gələcəyi, Azərbaycan dövlətinin gücləndirilməsi üçün vacibdir. Xaricdə oxuyub gələn insanlar Azərbaycanda, həm də ölkə xaricində böyük işlər görürlər. Fikrimcə, bu məsələ barəsində yenidən düşünməyə dəyər. Bəziləri düşünə bilər ki, Azərbaycanda da yüksək təhsil verən universitetlər var və.s. Amma hər halda dünyanın adlı-sanlı universitetləri ilə müqayisədə bizim universitetlərimiz hələ o səviyyədə təhsil verə bilmirlər. Mənə elə gəlir ki, başqa sahələrə verilən maliyyə dəstəyini azaltmaqla bu sahədə tələb olunan xərcləri artırmaq və bu proqramın davam etməsinə nail olmaq mümkündür. Çünki bu daha önəmli məsələidr. Bu Azərbaycan dövlətinin inkişafına, möhkəmlənməsinə kömək edəcək".

Əli