Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. İclasda oktyabr ayının 1-də keçirilən iclasda gündəlikdə olan məsələlərin davmı müzakirə olunub.
Qeyd edək ki, Milli Məclisin oktyabr ayının 1-i və 5-nə təyin edilən iclaslarının gündəliyinə ümumilikdə 62 məsələ daxildir. Gündəliyin 45 məsələsi oktyabrın 1-də keçirilən iclasda müzakirəyə çıxarılıb, digər məsələlər isə dünənki iclasda müzakirə olunub.
Müzakirələrədn sonra millət vəkilləri həmçinin cari məsələlərdən də danışıblar.
Deputatı Siyavuş Novruzov "Bələdiyyələrin statusu haqqında" qanununa təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib ki, Yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq: "Sənəddə qəbirstanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq". O bildirib ki, bəzən insanlar tərəfindən qəbirstanlıqlarda qabaqcadan yerlər alınır. Onun sözlərinə görə, bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir: "Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəstgaha, artıq xərclərə ehtiyac qalmayacaq".
Siyavuş Novruzov qeyd edib ki, müasir dövrdə elə xəstəliklər var ki, bu xəstəlik uzun müddət həllini tapa bilmir və belə insanlar əkin sahələrindən, məktəb, xəstəxana və su hövzələrindən kənarda dəfn edilməlidir: "Əks halda, bu, prolemlərə səbəb olur. Bundan əlavə, yas və dəfn mərasimi ilə bağlı analayışlar fərqlidir. Belə ki, qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər. Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi özü istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq".
Deputata qeyd edib ki, şəhid adının əbədiləşdirilməsi və güzəştlər haqqında məsələyə bələdiyyələr də daxil edilməlidir: "Bildiyiniz kimi, bu prosedurlar dövlət büdcəsi hesabına həyata keçirilir. Başqa qanunda bu belə nəzərdə tutulub. Ona görə də bu qanun da uyğunlaşdırma aparılmalıdır".
Deputat Fazil Mustafa isə deyib ki, qəbristanlıq yerlərinin satılması, yaxud o yerlərin kiməsə verilməsi halında başqa qurumlar buradan vəsait götürürlər: "Amma qorunma, saxlanma bələdiyyənin üzərinə qoyulur". Fazil Mustafa bidirib ki, əslində bu məsələlər bələdiyyələrə verilməlidir: "İmkan yaradılmalıdır ki, torpağı da onlar versin, yeri də onlar ayırsın. Bələdiyyələr öz ərazisində bir sıra funksiyaları həyata keçirmək imkanı verilməlidir".
Deputat digər problemlərə də diqqət çəkib: "Şəhərin ortası ilə gedirsən, görürsən kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib? Bələdiyyələr də öz ərazilərində bu kimi hallara qarşı mübarizə aparmalıdır. Biz bələdiyyələrin statusunun artırılması istiqamətində addımlar atmalıyıq".
Fazil Mustafa qeyd edib ki, faktiki olaraq bələdiyyələr fəaliyyətsiz quruma çevrilib. "Normal büdcəsi olan bələdiyyəmiz yoxdur".
Deputat Fərəc Quliyev deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır: "İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır". O hesab edir ki, insanların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı: "Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar".
İclasda çıxış edən deputat Aqil Abbas isə Fərəc Quliyevin fikirlərinə etiraz edib: "İnsanların məcburi qaydada soyadlarını dəyişdirmək olmaz. Bu, könüllü olmalıdır. Bizim kənddə 500 nəfər Abbasov soyadındadır. İndi biz bunu dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz".
Milli Məclisin spikeri Oqtay Əsədov isə çıxışlardan sonra üzünü komitə sədri Əli Hüseynliyə tutaraq soruşub: "Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, "Fərəc Quliyev özün niyə dəyişmirsən?".
Deputat Aydın Mirzəzadə isə çıxışında bütün müəllimlərin peşə bayramını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib. Deputat bildirib ki, Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir: "Azərbaycanda təhsilə göstərilən qayğı özünü büruzə verir. Ölkəmizdə son 15 ildə 3500 məktəb ya təmir edilib, ya da yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qarşısındadır. Deputatlar arasında da müəllim fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm".
Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbriklərə qoşulub və Azərbaycan müəllimlərini peşə bayramları münasibətilə təbrik edib.
Deputat Fəzail Ağamalı deyib ki, sərnişin daşıması ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır. O xatırladıb ki, bu günlərdə Binə qəsəbəsində sərnişin daşıyan avtobus qatarla toqquşub və 2 nəfər ölüb, xeyli insan yaralanıb: "Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil və bənzər olaylar bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradır. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq". Fəzail Ağamalı bildirib ki, həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur. Deputat deyib ki, bəzi avtobuslarda gediş haqqı kartla ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaranır. Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və Nnzibati Xətalar məcəllələrinə konkret əlavələr olunmalıdır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, deputatı Şahin İsmayılov diqqətə çatdırıb ki, Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış "Azərbaycan Tələbə Kartı "tələbələrə tamamilə ödənişsiz paylanılır: "Bu layihə tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır".
Deputatın sözlərinə görə, regionda və paytaxtda yaşayan tələbələrin arzuları ondan ibarətdir ki, onlara ictimai nəqliyyatdan istifadə zamanı endirimlər edilsin: "Təbii ki, bizdə bu qiymətlər Avropa ilə müqayisədə çox ucuzdur. Ancaq yenə də tələbələrin müraciətləri nəzərə alınıb. Artıq müvafiq qurumlarla bu məsələ ətrafında danışıqlar aparılır. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq".
Deputat Qənirə Paşayeva bildirib ki, müəllimlər də güzəştli ipotekadan yararlanan kateqoriyaya daxil edilsin. Deputat deyib ki, yerlərdə müəllimlərlə görüş zamanı onlar belə təkliflər səsləndirirlər: "İlkin olaraq ən azı 20 il stajı olan müəllimlərin bundan yararlanması mümkün olsa yaxşı olardı. Çünki gənc müəllimlər sosial mənzil layihəsindən yararlana bilərlər. Amma çox stajlı müəllimlər güzəştli ipotekadan yararlana bilsələr, yaxşı olar. Bu onlar üçün ən böyük bayram hədiyyəsi olardı".

Əli