“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu, artırılmalıdır” Siyasət

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu, artırılmalıdır”

Fəzail Ağamalı: "Bu vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz"


Dünən Milli Məclisin komitələrində büdcə müzakirələri davam etdirilib. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələri müzakirə olunub.
İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ombudsman Elmira Süleymanova və digrələri iştirak edib.
Maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında bildirib ki, cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib. Nazir bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb. Nazir qeyd edib ki, eyni zamanda, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.
S.Şərifov bildirib ki, dövlət büdcəsi layihəsində ölkəmizin beynəlxalq fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsil olunması ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 207 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Nazir deyib ki, həmin vəsaitin 115 milyon manatı Azərbaycan Respublikasının xaricdə diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlıdır. Təxminən 4 milyon manat ölkəmizin xaricdəki ticarət nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsi xərcləridir. 4,2 milyon manat ölkəmizin xarici dövlətlərdəki mədəniyyət mərkəzlərinin fəaliyyətinin təmini ilə bağlıdır.
"Digər tərəfdən isə üzvlük haqları ilə əlaqədar vəsaitlər nəzərdə tutulur. 23 milyon manat beynəlxalq maliyyə kreditinin, 24 milyon manat ictimai-siyasi təşkilatlara üzvlük haqqı xərclərinin maliyyə təminatına ayrılıb. Xarici dövlətlərdə ölkəmizin diaspora təşkilatlarının formalaşdırlması və möhkəmləndirilməsi məqsədlərinə də vəsait ayrılır. Ümumiyyətlə, ölkəmiz tərəfindən çox aktiv beynəlxalq fəaliyyət həyata keçirilməkdədir. Bu fəaliyyətin təmin edilməsi üçün dövlət büdcəsindən müxtəlif istiqamətlər üzrə vəsaitin ayrılması təmin olunub",- deyə S.Şərifov qeyd edib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, əvvəllki illərlə müqayisədə növbəti ilin büdcəsində xeyli artımlar var: "Qəribədir ki, hətta, yerli idarəetməyə də vəsait artırılıb. Subvensiyalara da pul ayrılıb. Düzdür, 2017-ci ildən bələdiyyələrin əl-qolları bir qədər soyumuşdu ki, subvensiyar üçün pul ayrılmayacaq. Ancaq dediyim kimi, çox yaxşı haldır ki, növbəti ildən subvensiyalar üçün vəsait nəzərdə tutulub".
Komitə sədri bildirib ki, Azərbaycanda bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna çox böyük borcları var: "Bunlar ondan irəli gəlir ki, bəzi hallarda lazımınca düşünmədən rəqəmlər yazıblar. Məsələn, məvacib vermədən adamın adını işdə saxlayıblar. Bunun nəticəsində də Dövlət Sosial Müdafiə Fonduna müəyyən məbləği keçirə bilməyiblər. Mən Samir müəllimdən (Samir Şərifov -red) xahiş edirəm ki, dotasiyaların bir hissəsi subvensiyalara yönəldilsə, daha yaxşı olar. Eyni zamanda subvensiya formasında mümkündürsə, bələdiyyələrin borclarının silinməsi məsələsinə baxmaq lazımdır. Çünki elə bələdiyyələr var ki, onların xeyli miqdarda borcu var. Ona görə də fəaliyyət göstərə bilməyəcək".
Deputat Fəzail Ağamalı "mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?", - deyə vurğulayıb. O bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: "Buna nəzrət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın". O həmçinin Milli Məclisin ezamiyyə xərclərinin artırılmasını təklif edb. Deputat bildirib ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır: "Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamnetlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Dəfələrlə biz bunun şahidi olmuşuq ki, maliyyə xərclərinin az olmasına görə bizim beynəlxalq təşkilatlarda ayrı-ayrı dövlətlərlə aparmış olduğumuz parlament münasibətlərində kifayət qədər problemlərimiz ortaya çıxır. Ona görə də çox xahiş edərdim ki, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın".
Deputat bildirib ki, Azərbaycanda yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlər artırılmalıdır. O qeyd edib ki, birdəfəlik müavinətlərin artırılması demoqrafik vəziyyətə, əhali artımına müsbət təsir göstərə bilər. F.Ağamalı onu da əlavə edib ki, elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu artırılmalıdır: "Bu vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz".
Deputat qeyd edib ki, bu gün Azərbaycandan xaricə beyin axını problemi var: "Məndə olan məlumata görə, bir çox gənclərimiz burada aldıqları əməkhaqları çox az olduğundan elmlə məşğul olmaq üçün xarici ölkələrə üz tuturlar. Bu, bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Məsələn, bu gün İsraildə ildə elmə ən azı 16 milyard dollar vəsait ayrılır və bunun nəticəsidir ki, cəmi 8-9 milyonluq bir xalq dünyaya az qala hökmranlıq edir. Ona görə də bizdə elmə, təhsilə ciddi diqqət yetirilməli, maliyyə vəsaitləri qat-qat artırılmalıdır. İslahatlar gücləndirilməlidir, xeyir gətirməyən sahələrdən, elmi müəssisələrdən qurtarmaq lazımdır".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanın dövlət büdcəsi sosial yönümlü büdcə kimi təqdim olunub: "Büdcə həm də beynəlxalq münasibətlər yönümlü büdcədir". O bildirib ki, dünyada beynəlxalq münasibətlərimizlə ölkəmizin imici ən yüksək səviyyədə təmsil edilir: "Hazırda dünyada gedən proseslər faktiki sanksiyalar müharibəsini mövcud edir. Bu sanksiyalar müharibəsinin içərisində Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb". Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq və iqtisadi əlaqələrini ən yüksək səviyyədə təmin edib: "Beynəlxalq sahəyə maliyyənin daha da artırılmasını istərdik. Büdcəyə baxdıqda bunun yüksələn xətlə inkişaf etdiyi görünür".
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirib ki, 2018-c il əldə edilən bütün iqtisadi nailiyyətlər 2019-cu ilin büdcəsində əsas meyar kimi qəbul edilib: "Diqqət çəkən məqam odur ki, 2019-cu ilin büdcəsi sosial yönümlüdür. Tibb, təhsil müəssisələrinin inşa edilib, təhvil verilməsi, sosial təminat, sosial müdafiə xüsusi önəm daşıyır. Bundan başqa elm sahəsinə ayrılan vəsaitin artırılması elmi tədiqataarın aparılmasına müsbət nəıtucələrini verəcək". Növbəti ilin büdcəsində müdafiə xərclərinin artırılmasının müsbət hal olduğunu deyən komitə sədri söyləyib ki, bu, silahların alınması, zabit və əsgərlərin sosial şəraitinin daha da yaxşılaşdırılmasına imkan verəcək: "Ümumiyyətlə, ölkədə aparılan islahat ölkə iqtsiadiyyatını stimullaşdırır. Bu, gələcəkdə qeyri- neft sektorunun inkişafına öz töhfəsini verəcək. Büdcə tərtib olunduqda insan amili, rifah halı, təhlükəsizlik məsələləri xüsusilə nəzərə alınıb. Bu büdcə makro iqtisadi sabitliyi, dayanıqlı inkişafı təmin edəcək. Büdcəni dəstəkləyirik".
Gənclər və idman siyasəti ilə bağlı 2019-cu ilin büdcəsində artımın nəzərdə tutulduğunu deyən Ü. Quliyev söyləyib ki, idman ölkənin rəmzini təmsil edən yeganə vasitə olduğunu dilə gətirib.
"Bildiyiniz kimi, ölkəmizdə 2011-ci ildə Gənclər Fondu yaradılıb. Fondun vəzifəsi gənclər və gənclər təşkilalarının layihələrinin maliyyələşməsi ilə bağlı olub. Lakin 2018-ci ildə Fondun fəaliyyəti genişləndirilib. Bura gənclərin təhsil ödənişləri, maliyyələşmə, kreditlərin verilməsi və digər fəaliyyətlər əlavə edilib. Buna görə, fondun ştat cədvəli də artıb. Bu baxımdan düşünürəm ki, fondun vəzifələrini layiqincə yerinə yetirə bilməsi üçün büdcədən bu sahəyə ayrılan xərcləri artırılsın", - deyə komitə sədri çıxışında qed edib.
Ü.Quliyev çıxışında idmançıların xaricdə təmsil olunması ilə bağlı maliyyə çətinliklərinə də toxunub.
Maliyyə naziri Samir Şərifov isə bildirib ki, Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə baxılır. Nazir bildirib ki, ölkə daxilində ezamiyyə xərcləri artırılıb: "Xarici ezamiyyə xərcləri ilə bağlı normalara baxılması vaxtaşırı olaraq həyata keçirilir. Biz buna növbəti ildə baxılmasını planlaşdırmışıq. Amma mən bildiyim qədər söhbət normalardan deyil, Milli Məclisə ayrılan ezamiyyə vəsaitlərindən gedir. Maliyyə Nazirliyinə Milli Məclisin İşlər idarəsi tərəfindən müvafiq dəqiqləşmələrlə bağlı məlumat daxil olub. Biz onları nəzərdən keçiririk".
Onun sözlərinə görə, növbəti ildə Azərbaycanın xaricdə olan diplomatik nümayəndlərinin maaşlarının artırılması nəzərdə tutulub. Nazir bildirib ki, artıq Xarici İşlər Nazirliyi ilə birgə məsələ ilə əlaqədar işçi qrupu yaradılıb: "Həmin işçi qrupu işlərin qiymətləndirilməsi ilə məşğul olacaq. Bunun əsasənda da daha müvafiq təkliflər ali dövlət orqanlarına təqdim olunacaq".
Nazir deyib ki, uşaqların doğulması ilə bağlı müavinətlərin artırılması ilə bağlı məsələni də təhlil etmək lazımdır: "Mənim fikrim odur ki, Azərbaycanı Belarus, eləcə də digər xarici ölkələrlə müqayisə etməməliyik. Çünki orada demoqrafik vəziyyətlə bizdəki vəziyyət tamamilə fərqlidir". S.Şərifov bildirib ki, hər dövlətin öz xüsusiyyətləri var: "Lakin bu xüsusiyyətləri nəzərə alaraq, uşaqlara müavinətlə bağlı münasibət formalaşdırmalıyıq. Prinsp etibarı ilə buna baxa bilərik".
Gənclər Fonduna əlavə vəsaitin artırılmasına gəlincə nazir qeyd edib ki, Fonda verilən əlavə saləhiyyətlərin icrasına görə, büdcəyə əlavələr edilib: "Belə ki, Gənclər Fonduna ayrılan vəsait 3 dəfə artıb. O ki qaldı idmançıların ezamiyyətli ilə bağlı maliyyə vəsaitinə bununla bağlı məsələni müzakirə edib qiymətləndirməmizi təqdim edəcəyik".
Xatırladaq ki, Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihən sənədlə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclaslarının keçirilməsi və büdcə zərfinin 3 oxunuşda qəbul edilməsi nəzərdə tutulur.