“Azərbaycan həyata keçirdiyi strateji layihələrdə Türkmənistan üçün də yer ola bilər” Siyasət

“Azərbaycan həyata keçirdiyi strateji layihələrdə Türkmənistan üçün də yer ola bilər”

"Azərbaycanın əsas xarici siyasəti bütün qonşu ölkələrlə tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq qurmaqdır". Bu fikri Türkmənistan-Azərbaycan münasibətləri barədə danışarkən deputat Asim Mollazadə deyib.
O bildirib ki, Türkmənistanla bir kökdən olan xalq kimi tarixi əməkdaşlığımız var: "Hal-hazırda çox böyük bir perspektiv var ki, Azərbaycan həyata keçirdiyi strateji layihələrdə Türkmənistan üçün də yer ola bilər. Türkmənistanın da bu istiqamətdə maraqları var. Düşünürəm ki, həm iqtisadi, həm enerji, həm də mədəniyyət sahələrində bizim ölkələrimizin bu səfərdən sonra əməkdaşlığı genişlənə bilər".
Politoloq Qabil Hüseynli isə deyib ki, Azərbaycanın Türkmənistan ilə əlaqələri müəyyən dövrlərdə soyuq olub: "Xüsusən Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi məsələsində Türkmənistanın İranla eyni mövqedən çıxış etməsi bu münasibətlərin inkişaf etməsinə mane olub".
O bildirib ki, son zamanlar, əsasən də Qurbanqulu Berdiməhəmmədovun prezidentliyi dövründə münasibətlərdə istiləşmə hiss edilməyə başlayıb: "Q. Berdiməhəmmədov və Türkmənistan XİN rəhbəri Azərbaycana səfər edib. Xəzər dənizinin statusuna dair konvensiyanın imzalanmasından sonra bu münasibətlərdə yeni perspektivlər açılıb. Buna da səbəb Xəzərin dibindən türkmən qazının TANAP layihəsinə ötürülməsi imkanlarının yaranmasıdır. Prezident İlham Əliyevin Türkmənistan səfərində bu proseslər müzakirə edilib. Belə hesab edirəm ki, Azərbaycan prezidentinin bu səfəri Türkmənistan-Azərbaycan münasibətlərində yeni səhifə açacaq və yeni səviyyəyə qaldıracaq".