Xarici işlər nazirlərinin görüşündən nə gözləyək? Siyasət

Xarici işlər nazirlərinin  görüşündən nə gözləyək?

Arzu Nağıyev: "Bu görüş bir daha doğurdan da Azərbaycanın sülhməramlı fikirlərini ortaya qoymaq üçündür"

Asim Mollazadə: "Müsbət heç nə gözləmirəm"

Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 25-ci iclasında iştirak etmək üçün İtaliyanın Milan şəhərinə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. İclas çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Ekspertlər görüşün əhəmiyyətini dəyərləndiriblər. Politoloq Arzu Nağıyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "Nə qədər görüşlər keçirilsə, danışıqlar olsa onda detallar daha çox ortaya çıxır".
O bildirib ki, bu gün əsas məqamlardan biri keçiriləcək parlament seçkilərindən sonra Ermənistanın hansı istiqamətdə hərəkət edəcəyi, həmçinin bunların aydınlaşdırılması məsələsidir: "Dağlıq Qarabağ separatçıları özləri dərk edirlər, orda hər hansı bir dəyişiklik olsa Ermənistan avtomatik olaraq çalışacaq ki, separatçılarda da mühüm dəyişikliklər etsin və ora başqa qüvvələr gəlsin. Bako Saakyan bilir ki, bu onun son addımlarıdır".
Politoloq qeyd edib ki, bu görüş bir daha doğurdan da Azərbaycanın sülhməramlı fikirlərini ortaya qoymaq üçündür: "Lakin bütün danışıqlardan aydındır ki, birinci şərt Azərbaycanın ərazi bütövlüyüdür və digər məsələlər də mərhələli şəkildə danışıqlara getməkdir. Bu danışıqlar müəyyən detalların daha da dəqiqləşdirilməsi ilə bağlı ola bilər. Buna görə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərində əsas məqamlar danışıqların daha da intensivləşməsi ilə əlaqədar ola bilər, amma tam şəkildə münaqişənin həll edilməsi gözlənilən deyil".
Deputat Asim Mollazadə bildirib ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında dekabrın 5-də keçiriləcək görüşdən müsbət heç nə gözləmirəm: "Çünki Ermənistan tərəfinin nə istədiyi məlum deyil" . Ermənistanda stabil hakimiyyətinin olmadığını deyən deputat söyləyib ki, bu ölkədə seçkilərin dekabrın 9-da keçiriləcəyini nəzərə alsaq, hazırda orada heç kim qərar qəbul etmək iqtidarında deyil. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında keçiriləcək görüşün sadəcə protokol xarakterlidir: "Bu baxımdan görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli istqamətində sülh prosesinə təsir edəcəyini gözləmək mümkün deyil". Asim Mollazadə qeyd edib ki, Ermənistanda ciddi parçalanma var və köhnə hakimiyyət yeni hakimiyyətə uzunvədəli proseslər həyata keçirməyə imkan verməyəcək:"Ermənistanın keçmiş hərbi cinaytkarları bilavasitə bu ölkənin sahibləri ilə bağlıdırlar. Bu baxımdan yeni seçiləcək parlamentin iflic vəziyyətinə düşə biləcəyi istisna edilmir".
Politoloq Qabil Hüseynli diqqətə çatdırıb ki, Ermənistan 9 dekabr parlament seçkiləri ərəfəsindədir: "Ona görə də hər şey seçkiqabağı ideologiyaya köklənib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan bundan əvvəl Nyu-Yorkda BMT-nin Baş Sessiyasının iclasında bir araya gəlmişdilər. Həmin görüşdə ciddi bir şey əldə edilməmişdi. Görüşdə yalnız müzakirələrin davam etdirilməsi qərara alınmışdı". Onun sözlərinə görə, indi də ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabrda Milanda görüşü planlaşdırılır: "Təbii ki, bu görüşdə də nazirlər biraraya gələcəklər. Ümumiyyətlə Ermənistan tərəfi danışıqlar prosesini ləngitmə taktikasını həyata keçirməyə çalışırlar. Baxmayaraq ki, ATƏT, BMT təzyiqlər göstərir, status-kvonun dəyişdirilməsini tələb edir və s. amma Ermənistan tərəfi qeyri-konstruktiv yol tutub. Hələki tərəflər bir-birini test etməklə (öyrənməklə) məşğuldur. Zöhrab Mnatsakanyan əvvəllər Ermənistanın BMT-dəki nümayəndəsi olub. Yəni təcrübəsi var. Amma işğalçı ölkə qeyri-konstruktiv mövqe tutmaqla danışıqlar prosesini ləngitmək istəyir. Bu görüşdə də mən güman etmirəm ki, gündəmə hansısa bir sənədin, problemin müzakirəsi gələ bilər. Təbii ki, prosedur məsələlər ətrafında söhbətlər gedəcək. Daha sonra danışıqlar prosesini sürətləndirməyin yolları haqqında tərəflərin mövqeləri gündəmə gələcək. Ermənistan hər dəfə danışıqlar prosesində Dağlıq Qarabağın statusu məsələsini ortaya atmaqla bütövlükdə danışıqlar prosesini pozur".
Politoloq Fikrət Sadıqov vurğulayıb ki, danışıqlar prosesində durğunluğun əsas səbəblərindən biri uzun illər ərzində vasitəçililk missiyasının həyata keçirilməsində passivlik nümayiş etdirən ATƏT Minsk qrupu formatının böhranıdır: "ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ probleminin tərəflərin konstruktiv dialoqu əsasında həll olunması üçün Ermənistanın Azərbaycanla predmet danışıqlara cəlb olunması məsələsində daha fəal olmalıdır".
O bildirib ki, ATƏT Minsk qrupu formatındakı heç bir vasitəçi ölkə danışıqlar prosesində aktivlik göstərmir. Onun sözlərinə görə, bunu beynəlxalq vasitəçilərin regiona, Ermənistan, Azərbaycan və işğal olunmuş Qarabağa səfərlərinin nəticələri göstərir: "Heç bir vasitəçi ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün Ermənistana lazımi təzyiq göstərmir. Fikrimcə, substantiv danışıqların keçirilməsinin zərurəti barədə çağırışlarla yanaşı, beynəlxalq vasitəçilər Qarabağ məsələsinin nizamlanmasına yönəlmiş konkret təkliflər paketi ilə çıxış etməlidir".

Əli