Deputatlar “atışdılar” Siyasət

Deputatlar “atışdılar”

Siyavuş Novruzov: "Fazil Mustafa xalqdan üzr istəməlidir"
Fazil Mustafa: "Adamyeyənlərin təmsilçisi, onun müdafiəçisi kimi çıxış edilməsinə təəccüblənmirəm"

Dünən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deputat həmkarı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanın "Adamyeyən" adlı yazısını tənqid edib.
Siyavuş Novruzov xatırladıb ki, bir müddət əvvəl yazıçı Əkrəm Əylislinin əsəri tənqid obyekti olmuşdu: "Biz Əkrəm Əylislinin məlum əsərini tənqid etmişdik. İndi də Fazil Mustafanın "Adamyeyən" adlı yazısı çıxıb. O, Əkrəmdən heç də geri qalmır. Onlar bir oturub-dururlar yəqin. Yəqin bir-birlərindən məsləhət alıblar. Azərbaycanda görülən işlərin üzərinə bu dərəcədə kölgə salmaq, abadlıq, quruculuq işlərinin üstündən qara xətt çəkmək, azərbaycanlıları Afrikanın adamyeyənləri ilə müqayisə etmək heç bir məntiqə sığmır. Bu, ədalətsiz müqayisədir. Azərbaycanda çox böyük işlər görülüb. Azərbaycana gələn qonaqlar bunu təsdiq edirlər. Yazıda Azərbaycan idmanı ilə bağlı olmazın fikirlər səsləndirilib. Baxmayaraq ki, bizim idmançılarımız dəfələrlə ölkəyə medallar gətiriblər. Fazil Mustafa Fransa futbol yığmasını tərifləyir. Amma baxsın görsün, orda iki nəfər ağ adam tapsa, mənə nə deyir desin. Dünyanın hər yerində legionerlər var. Yollar çəkilir, əhalinin təhlükəsizliyi üçün yaşayış yerlərində yol kənarlarına divarlar çəkilir, yeni binalar tikilir, burda səni narahat edən nədir? Bina sökülür, yerində yenisi tikilir. Bu o demək deyil ki, dövlət vəsaiti dağıdılır. Səndə afrikalılara o qədər həvəs yaranıb ki, yenidən Afrikaya gedirsən. Mən bilmirəm Afrikada onu nə cəlb edir, nə maraqlandırır. Bunu başa düşmürəm. Azərbaycan xalqına bu cür yanaşmağın əleyhinəyəm. Hesab edirəm ki, Fazil Mustafa xalqdan üzr istəməlidir".
Millət vəkili Fazil Mustafa bələdəyyələrlə bağlı hesabatın müzakirəsi zamanı çıxışında Siyavuş Novruzovun ittihamlarını cavabsız qoymayıb: "Deputat həmkarımız məsələyə münasibət bildirəndə mən bir qədər təəccübləndim. Çünki cənab prezident bu yaxınlarda müşavirədə dedi mən xalqın xidmətçisiyəm və ölkənin əsas problemlərindən biri korrupsiyadır, bu məsələdə cəmiyyətin fəallığı özünü göstərməlidir ki, problem yavaş-yavaş aradan qalxsın.
Biz ona görə tənqidi edirik ki, harada neqativ məsələ varsa, aradan qaldırılsın. Ola bilsin ki, korrupsiya hər bir ölkədə var. Amma allahsızlıq deyilən bir termin var. Yəni məsələlər o həddə qədər olur ki, onu mütləq söyləmək lazımdır. Biz nə söyləyirik? Binaları bu qədər üzlük çəkib bu vəziyyətə gətirməyin nə mənası var? Hesab edirəm ki, tənqid dövlətin özünə xeyirdir. İnsanlar bu barədə düşünməlidir. Prezident özü də deyib ki, harada problem varsa, göstərin onun üzərinə gedilsin, problem aradan qalxsın. Ona görə də biz deyirik ki, nəyinsə bu qədər allahsız formada dağıdılması özü adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi, onun müdafiəçisi kimi çıxış edilməsinə təəccüblənmirəm. Çünki bu artıq ənənəyə çevrilib".