Hadı Rəcəbli jurnalistləri əməkdaşlığa çağırdı Siyasət

Hadı Rəcəbli jurnalistləri əməkdaşlığa çağırdı

"Çalışırıq ki, bizə müraciət edən insanların problemlərini həll edək. Amma nə edəsən ki, bəzən saytlarda, sosial şəbəkələrdə haqq-nahaq müzakirələr açırlar, deputatların gördüyü müsbət işlər bəzi hallarda yaddan çıxır".
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.
O, qeyd edib ki, parlamentin Əmək və sosial siyasət komitəsi ən ağrılı problemlərlə məşğul olur, sosial durumu aşağı olan aztəminatlı qrup insanlarla işləyir: "Məntiqli olaraq, problemlər də meydana çıxır. Bütün hallarda biz əhalinin qaldırdığı problem və məsələlərin həllinə müsbət yanaşırıq, eyni zamanda qayğı göstəririk və müraciətlərə diqqətlə baxırıq. Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsinin icrası ilə bağlı bəzi problemlər ortaya çıxdı. Narazı insanların qarşısına çıxdıq, söhbət apardıq. Humanist söhbətlərimizə baxmayaraq, bəzi hallarda saytlar bunu yanlış, - heç adına müxalif də demək olmaz, - təqdim etdilər. Həmin saytlar bizim işimizi başqa formada çatdırmağa çalışırdılar. Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, onlar gərgin məsələlərin həllində hər zaman bizim yanımızda olublar".
Hadı Rəcəbli parlamentdə akkreditasiyadan keçən jurnalistlərə də müraciət edib və bildiirb ki, jurnalistlər hər hansı məsələdə anlaşılmazlıq olarsa, parlamentə müraciət etsinlər. Komitə sədri KİV nümayəndələrinə əməkdaşlıq etməyi təklif edib: "İnanın, kütlə psixologiyasına uyan insanlarımız var. Sosial şəbəkələrdə yalanın birini yazırlar, bütün ölkəboyu müzakirə olunur. Bir nəfər soruşmur ki, bəlkə belə deyil? Biz hər zaman jurnalistlərlə görüşürük. Parlament jurnalistlərinə müraciət edirəm ki, siz bizim yanımızda olmalısınız. Təəssüflə qeyd etmək istərdim ki, bura gəlib-gedənlərin arasında mənfur düşüncəyə sahib insanlar var, onlar yanlış fikir yayırlar. Sanki, bilərəkdən belə edirlər. Əlbəttə ki, problemsiz cəmiyyət yoxdur, bunu kim inkar edir ki?"