Aşqabad “Putin İttifaqı”na yox dedi Siyasət

Aşqabad “Putin İttifaqı”na yox dedi

Tofiq Abbasov: "Türkmənistanın birlikdən imtinası digər postsovet respublikalarının mövqeyinə heç bir təsir göstərməyəcək"

Vəfa Quluzadə: "Rusiya Avrasiya İttifaqından imtina edən dövlətlərə qarşı təzyiqlərini davam etdirəcək"

Türkmənistanın Rusiyadakı səfiri Berdımurat Rəcəbov ölkəsinin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsini şərh edərkən deyib ki, Türkmənistan prezidenti Qurbanqulu Bedriməhəmmədov rəsmi Aşqabadın xarici ölkələrdəki səfirlərlə görüşündə Avrasiya İttifaqı ilə bağlı məsələlərdən söz açıb. Səfirin sözlərinə görə, Türkmənistan dövlət başçısı Rusiyanı strateji partnyor hesab edir: "Türkmənistan Rusiyanı özünün strateji partnyoru hesab edir. Amma bizim ölkə Avrasiya İttifaqına girməkdə maraqlı deyil. Prezident bizimlə keçirdiyi müşavirədə Rusiya ilə əməkdaşlığın strateji xarakter daşıdığını bəyan etdi. Bu gün siyasi planda Türkmənistan və Rusiya BMT-də bir-birini dəstəkləyir. Avrasiya İttifaqı məsələsində isə Türkmənistan bitərəf xarici siyasətinə uyğun hərkət edəcək. Biz ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Lakin Avrasiya İttifaqına üzvlük bizim gündəliyimizə daxil deyil".
Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında sənədi imzalayıblar. Bəzi siyasi şərhçilərin "Yeni SSRİ" kimi xarakterizə etdiyi Avrasiya Birliyinin 2015-ci ilin ilk aylarından fəaliyyətə başlayacağı gözlənilir.
Türkmənistanın bu addımını şərh edən politoloq Tofiq Abbasov diqqətə çatdırdı ki, Türkmənistanın bu gedişiində gözlənilməz və ya qeyri-adilik axtarmağa dəymir. Onun sözlərinə görə, bu ölkə öz müstəqilliyini elan etdikdən drhal sonra neytralitetini rəsmən tərtib edib: "Sözügedən statusda olmaq rəsmi Aşqabada bir çox beynəlxalq təşkilatlardan, proseslərdən, hərbi-siyasi blok və iqtisadi birliklərdən uzaq durmağa imkan verir. Hətta Qərb birliyinin demokratiya və liberal dəyərlərlə bağlı 3-cü məmləkətlərə təzyiq göstərməsindən belə Türkmənistan özünü sığortalaya bilir. Odur ki, Aşqabadın "Putin İttifaqı"ndan rəsmi şəkldə imtina etməsi sensasiyalı gediş kimi qiymətləndirilməməlidir. Bu ölkənin təmsil olunduğu təşkilatlarda sərgilədiyi mövqeyə diqqət yeritsək, görərik ki, Aşqabad bir qayda olaraq çox ehtiyyatlı, işini bərk tutan tərəf kimi özünü qələmə verib". Politoloq əlavə etdi ki, Türkmənistanın birlikdən imtina addım digər postsovet respublikalarının mövqeyinə heç bir təsir göstərməyəcək: "Çünki Türkmənistan qapalı siyasət aparan dövlətdir və orada birinci şəxsin sözü və mövqeyi ictimai qüvvələr tərəfindən qətiyyən təftiş edilmir. Aşqabad bütün dünyanı özünün belə nizamına oyrəncəli edib. Bir də ki, bu ölkənin siyasəti ətrafa elə bir təsir etmək gücündə deyil ki, hansısa ölkə Türkmənistanın yolunu tutub hərəkətinə davam etsin".
Politoloq Vəfa Quluzadə bildirib ki, Türkmənistan əvvəlcədən Avrasiya İttifaqına qoşulmaq istəmirdi. O, hesab edir ki, Ermənistanı da Rusiya birliyə qoşulmağa məcbur edir. Qazaxıstanın da Avrasiya İttifaqı ilə öz oyununu oynadığını deyən Vəfa Quluzadə deyib ki, bu ölkənin də Rusiyadan asılılığı var: "Qazaxıstanda etnik rusları kifayət qədər çoxdur. Belorusiya isə Rusiyanın iqtisadi imkanlarından özü üçün istifadə edir. Belorusiya və Qazaxıstanın Rusiyaya qarşı münasibəti eynidir. Türkmənistanın da seçimi düzgündür. Bu ölkənin enerji resursları kifayət qədərdir, digər imkanları da boldur. Nəyə görə, bunların hamısını Rusiyaya verməlidir. Ona görə də Türkmənistanın Avrasiya İttifaqından imtina etməsi normalıdır. Kimin imkanı varsa, bundan imtina edir". Keçmiş müşavir hesab edir ki, Türkmənistan qazının Azərbaycandan keçməklə Avropaya çatdırılması reallaşsa, bu, Rusiyanın monopoliya siyasətinə ciddi zərbə olacaq. Vəfa Quluzadə Azərbaycan və Türkmənistanı bu istiqamətdə Rusiyanın təxribat planlarından ehtiyatlı olmağa çağırıb: "Rusiya Avrasiya İttifaqından imtina edən dövlətlərə qarşı təzyiqlərini davam etdirəcək. Qərb də qəti şəkildə bəyanat səsləndirdi ki, Azərbaycan və Türkmənistanı dəstəkləyəcək. Qərb Rusiyanın enerji monopoliyasına son qoymağa təkid edir. Hesab edirəm ki, Qərbin bu səyləri öz nəticəsini verəcək. Sonluq isə Rusiya üçün yaxşı nəsə vəd etmir. Bu istiqamətdə Türkmənistan və Azərbaycan qazının ölkəmiz üzərindən Avropaya çatdırılması Qərbin əsas strateji planıdır".
Politoloq Zərdüşt Əlizadə bildirib ki, bitərəf mövqeli siyasət aparan ölkə üçün bu addım da normal qarşılanmalıdır: "Türkmənistan Avrasiya İttifaqından imtina etməklə, ənənəvi siyasətini davam etdirdi. Onlar artıq özlərini neytral ölkə elan ediblər. Heç bir inteqrasiya barəsində düşünmürlər. Çoxları hesab edir ki, Türkmənistan bu addımı ilə Qərbə yaxınlaşmaq istəyir. Düşünürəm ki, bu doğru deyil. Onlar üçün Qərbə yaxınlaşmaq da maraqsızdır. Vaxtilə SSRİ tərəfindən türkmənlərə gətirilən Elmlər Akademiyası, opera və digər bu kimi mədəniyyətdən imtina edən ölkədən Qərbə yaxınlaşmağı gözləmək olmaz. Türkmənistan üçün ideal olan ölkələr orta əsr ölkələridir. Məsələn, Samaniləri buna misal göstərmək olar. Avropa onların marağında deyil. Bəllidir ki, Türkmənistanda bir növ feodalizm dövrü yaşanır. Xalqın hüquqları getdikcə məhdudlaşdırılır. Bu baxımdan məlum qərarı Türkmənistanın xarici siyasətinə tam uyğun hesab edirəm. Burada təəccüblənəcək hal yoxdur".
Onu da əlavə edək ki, 2014-cü il oktyabrın 1-dən Gömrük İttifaqının ərazisindən idxal edilən mallara əlavə tələblər tətbiq ediləcək. Bu barədə Azərbaycanın Sənaye və İqtisadiyyat Nazirliyinin saytında yerləşdirilmiş xəbərdə deyilir: "Avrasiya İqtisadi Komissiyası (AİK) Kollegiyasının qərarına əsasən, həmçinin Gömrük İttifaqının gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin aparılması haqqında sazişə müvafiq olaraq, 2014-cü ilin 1 oktyabr tarixindən etibarən Gömrük İtttifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı vasitəsilə daxil olan mallarla bağlı məcburi ilkin məlumatlandırma tələbi qüvvəyə minəcək. Gömrük İttifaqına üzv ölkələrin ərazisindən mal idxal edən azərbaycanlı sahibkarlar AİK saytından əlavə məlumat əldə edə bilərlər".
Qəbul edilmiş müvafiq qərara görə, Gömrük İttifaqının vahid gömrük ərazisi ilə daşıyıcı, o cümlədən gömrük daşıyıcısı onların Gİ-nin gömrük sərhədini keçənədək iki saat ərzində bu barədə ilkin məlumat verməlidir.
Maraqlanan şəxslər (onlara iqtisadi operatorlar, gömrük nümayəndələri, ekspeditorlar səlahiyyəti verilmiş, mallar sahiblik etmək, onlardan istifadə etmək və ya sərəncam vermək hüququna malik olan şəxslər və ya başqa şəxslər aiddirlər) ərazisində Gİ-nin gömrük sərhədi vasitəsilə mal yerdəyişməsi yerinin olduğu Gömrük Şurasına üzv dövlətin daşıyıcısına ilkin məlumat vermənin həyata keçirilməsi üçün malların gəlməsinə ən azı dörd saat qalmış mallar haqqında lazım olan məlumatlar təqdim edir.
Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) 2015-ci il yanvarın 1-dən Avrasiyaya inteqrasiya çərçivəsində Rusiya, Qazaxıstan və Belarusun Gömrük İttifaqı bazasında yaradılacaq və ləğv ediləcək Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının yerini tutacaq iqtisadi ittifaqdır.
Aİİ-nin sahəsi 20 milyon kvadrat kilometrdən çoxdur, onun ərazisində yaşayan əhalinin sayı 170 milyon nəfərə yaxındır.
Aİİ-nin yaradılması haqqında üçtərəfli saziş 2014-cü il mayın 29-da Astana sammitində imzalanıb.

Əli