“Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır” Siyasət

“Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır”

Fazil Mustafa: "Bunun aradan qaldırmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsinlər"


Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Millət vəkilləri iclasın gündəliyinə daxil olan 27 məsələni müzakirə ediblər.
İclasda həmçinin "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsinə təklif olunan dəyişiklik barədə məlumat verib. H.Rəcəli vurğulayıb ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub: "Bu qanun layihəsi cəmiyyət tərəfindən yüksək dəyərləndirilir. Hesab edirəm ki, bu qanuna dəyişiklik vətəndaşların sosial rifahına yüksək təsir göstərəcək".
Layihəyə əsasən, "Əmək pensiyaları haqqında" qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir".
Dəyişiklik nəticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılıb ki, bu da 233 min nəfərin pensiyasında artıma səbəb olacaq. 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq. Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.
Deputatı Fazil Mustafa deyib ki, ölkə başçısının minimum əmək haqqını artırması barədə sərəncamı, eləcə digər sosial yönümlü addımları cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır, müsbət qarşılanır: "Bu işləri təbliğ etməliyik". Ölkə başçısının ötən gün Sumqayıta səfərini xatırladan deputat söyəyib ki, Prezident İlham Əliyevin iştirakı ilə obyektlərin açılması işsizlik üçün mühüm həmiyyət kəsb edir. Onun sözlərinə görə, görülən işlərlə yanaşı, sanki hansısa əllər bu işlərin genişləndirilməsinə mane olur: "Dövlətdən asılı insanların sayının çox olması yaxşı hal deyil. Qeyri-neft sektoru elə inkişaf etməlidir ki, dövlətion yükü azalsın. Bu gün vətəndaşların alıcıq qabliyyəti çox aşağıdır. Bunun qarşısnı almaq üçün tədbirər görülməlidir".
Fazil Mustafa deyib ki, Azərbaycanda Rəqabət Məcəlləsi təcili qəbul olunmalıdır: "Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır. Bunun aradan qaldırmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsinlər. Bu gün tikinti sektorunda vəziyyət də ürəkaçan deyil. Tikinti ilə bağlı ləngilmələr insanların kirayədə qalma vaxtını bir az da uzadır. Ölkə başçısına neqativ hallala bağlı informasiyaları çatdırmaq üçün mexanizm hazırlanmalıdır".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bəzi insanlar ölkə başçısı tərfindən həyata keçirilən addımları öz adlarına çıxırlar: "Həmin şəxslər xalqı aldatmaq üçün bu addımları atırlar. Bilirsiniz ki, cənab Prezident seçildiyi gündən islahatların keçiriləcəyini bəyan etmişdi. Ayrı-ayrı sahələrdə insanların təminatı ilə bağlı proqrmlar hazırlanmışdı. Lakin bəziləri ucuz düşüncəli tərzdə insanları aldatmaq, ölkə başçısının atdığı addımları öz adlarına çıxmaq istəyirlər. Bu onların naşılığıdır. Hansı ki, həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər".
Ötən gün ölkə başçısının iştirakı ilə Sumqayıtda zavodun açılış mərasimin keçirildiyini xatırladan Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yerlərdə emal müəssiələri açılır, çox böyük proqramlar, vergidə, gömrükdə islahatlar həyata keçirilir: "Vətəndaşlar bu atılan addımları müsbət qarşılayır. Bu addımlar kiminsə yürüş, piket keçirməsinin nəticəsi deyil. Həmin şəxslər əksinə, bu layihələrin həyata keçirilməsini istəmirlər".
Deputat Səttar Möhbalıyev diqqətə çatdırıb ki, bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər: "Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin". O bildirib ki, həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir: "Ölkə Prezidenti xeyli işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik".
"Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsində nəzərdə tutulan dəyişikliklər haqqında millət vəkili Ziyad Səmədzadə məlumat verib. Millət vəkili bildirib ki, dəyişikliyə əsasən, "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti 1 il müddətinə uzadılıb.
"Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik sənədinin müzakirəsi zamanı deputat Çingiz Qənizadə adı çəkilən qanuna dəyişikliyi yüksək dəyərləndirib. Deputat bununla yanaşı banklarda faiz dərəcələrinin aşağı salmasını təklif edib: "Bu gün ölkəmizdə fəaliyyət göstərən bankların əksəriyyətində faiz dərəcələri çox yüksəkdir. Hesab edirəm ki, bankların faiz dərəcələri aşağı salınmalıdır".
Çingiz Qənizadə həmçinin deyib ki, cənab prezident seçkiləri udduqdan sonra islahatlarla bağlı ciddi addımlar atır: "Son dövrlərdə cənab Prezidentin birbaşa tapşırığı ilə bir sıra strukturlarda ciddi islahatlar həyata keçirilir". Ç.Qənizadə bildirib ki, təkcə gömrük islahatları nəticəsində dövlət büdcəsinə 1,2 milyard əlavə vəsait daxil edilib.
Deputat həmçinin Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını da təqdir etdi və fəaliyyətini yüksək qiymətləndirdi: "Amma qurumla bağlı yayılan məlumatlardan narahatam. Bu agentliklə bağlı yayılan məlumatları araşdırsaq, məlum olar ki, bunların arxasında "leş mafiyası" durur". Deputat mətbuata da müraciət edib "Mətbuatdakı dostlardan xahiş edirəm, bu cür yazıları yazanda diqqətli olsunlar. Çünki bu cür yazıların arxasında müəyyən mafioz qüvvələr, onların şəxsi maraqları dayanır".
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik sənədinin müzakirəysi zamanı çıxış edən millət vəkili Fazil Mustafa vəkil olmaq istəyən şəxslər üçün şərtlərin daha da asanlaşdırılmasını təklif edib.
Fazil Mustafa vəkillərdən məmur düzəltməyə ehtiyacın olmadığını deyib: "Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur. Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər".
Milli Məclisin sədri Oqtay Əsədov isə Fazil Mustafanın təklifi ilə razılaşmayıb: "Mən sizinlə razı deyiləm. Əhali kimdir? Onlar dövlətin vətəndaşıdır. Vəkilin savadı olmasın, amma müştərisi bol olsun?! Niyə görə savadı olmamalıdır?! Zəhmət çəkib hazırlaşsın və növbəti ilə sənəd versin. Biz savadlı vəkil korpusunun formalaşmasında maraqlıyıq".
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Telekommunikasiya haqqında" qanunun müzakirəsi zamanı fikirlərini bölüşüb: "Sən Londondasansa, sənə Bakıdan gələn zəng başqa ölkədən keçib gəlir. Telefonun ekranında Azərbaycan əvəzinə Rusiya yazılır. Bakıda da elədir, tutaq ki, Rusiyadan sənə zəng olunur, telefonda başqa nömrə, başqa ölkə görünür. Görünür, kimlərsə bu yolla külli miqdarda vəsait əldə edirlər". Əflatun Amaşov qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir: "Söhbət telekommunikasiyadan gedirsə, bir məsələni xüsusi qeyd etmək istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir, hətta udur.
Ağsu dolaylarında erməni radio dalğaları eşidilir, Gəncədən sonra gürcü radio dalğaları hakimdir. Hər bir ölkənin quru sərhədi olduğu kimi informasiya məkanlarının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq".
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli