Ombudsman Milli Məclisdə illik məruzəsini təqdim edib Siyasət

Ombudsman Milli Məclisdə illik məruzəsini təqdim edib

Fazil Mustafa: "Kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqları bərpa olunmalıdır"

Milli Məclisin yaz sesiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 18 məsələ daxil edilib. Gündəlikdə duran ilk məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın illik məruzəsi olub.
İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Ombudsman Elmira Süleymanovanın məruzəsində deyib ki, Milli Preventiv Qrup (MPQ) Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkib: "Bunların 220-i plan, 123-ü isə plandankənar olub. Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinə 186, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 56, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılma mərkəzinə 3, Təhsil Nazirliyinin xüsusi-təlim tərbiyə və internat müəssisələrinə, habelə xüsusi peşə məktəbinə 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat, pensiya yaşına çatmış və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə 7, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə və körpələr evlərinə 29, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 14 başçəkmə həyata keçirilib. Saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb. Bununla yanaşı, bu müəssisələrdə çalışan 600-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici söhbətlər aparılıb. Müəssisə rəhbərləri və aidiyyatı vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılıb, pozuntuların aradan qaldırılması üzrə verilən tövsiyələr nəzərə alınıb...".
Elmira Süleymanova qeyd edib ki, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı 1 442 müraciət daxil olub: "Bu müraciətlərdə əsasən, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, o cümlədən məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin vaxtında göndərilməməsi, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb. Bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilməyib, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnib. Birinci instansiya məhkəməsinin qərarından verilən şikayətin apellyasiya instansiyasına göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olub. Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir".
Ombudsman qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunula qadağa qoyulmasını təklif edib: "Qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub. Əksər hissəsi artıq məskunlaşmış bir çox çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb. Bəzi işbazlar tərəfindən xarici ölkələrdən gətirilən, müəyyən edilən standartlara cavab verməyən tikinti materiallarının yararlığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən çoxmənzilli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilən ciddi tədbirlər görülməlidir".
Elmira Süleymanova bildirib ki, orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilən yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərindən düşünməyi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir
O, yaşa görə əmək pensiya yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması təklif edib: "İşçilərin ixtisarı zamanı nəzərə alınmayan ən ciddi məsələlərdən biri də pensiya yaşının çatmasına azı 5-7 il qalmış şəxsin işdən azad edilməsidir. Bu yaşda şəxslərin, xüsusilə qadınların işlə təmin edilməsi ciddi problemdir. Odur ki, yaşa görə əmək pensiya yaşına 10 il qalmış qadınların və 7 il qalmış kişilərin əmək müqaviləsinin əsassız ləğv edilməsinin qadağan olunması, bununla bağlı Əmək Məcəlləsinin 79-cu maddəsinə, eyni zamanda işəgötürən tərəfindən müvafiq hallarda işə qəbuldan əsassız imtina edilməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə müvafiq əlavənin edilməsi zəruridir".
Müvəkkil qeyd edib ki, dövlət yol polisi ilə bağlı şikayətlərdə öz əksini tapan halların yoxlanılması məqsədilə ilə aparılan araşdırmalar üzrə qanunauyğun tədbirlər görülüb
Onun sözlərinə görə, Müvəkkil və Milli Preventiv Qrup Azərbaycanın psixiatriya müəssisələrinə də baş çəkib rəftar, saxlanılma şəraiti, qidalanma və tibbi yardımın vəziyyəti, yerləşdirilməsi və saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər araşdırılıb.
Daha sonra millət vəkilləri müzakirələrə başlayıblar.
Deputat Tahir Kərimli deyib ki, dövlət başçısı islahatlar həyata keçirir, əməkhaqqı, əmək pensiyası artırılıb: "Amma bununla yanaşı qiymətlər də artıb". Deputat bildirib ki, ombudsman bu məsələni diqqətdə saxlamalıdır, süni qiymət artımının qarşısının alınmasında addımlar atılmalıdır. T.Kərimli təqsirliliyin məhkəmədə müəyyən olunması məsələsinə də toxunub: "Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların olacağı barədə anons verib. Bu islahatların əsası təqsirliliyinin məhkəmədə müəyyən olunması ilə bağlıdır. Hər hansı sahə müvəkkili, orqan işçisi kabinetdə qarışqanı fil, fili qarışqa edə bilər. Bu məsələ məhkəmədə həll edilməlidir. Təqsirlilik yalnız məhkəmənin işidir. Məhkəmə müəyyən etməlidir ki, həmin şəxs təqsirlidir, ya yox".
Deputat Fazil Mustafa bildirİb ki, vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır. O bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: "Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanları var. belə olan halda. onların hüquqları pozulmuş olur. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir".
Deputat həmçinin kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqlarının bərpa olunması təklifi ilə çıxış edib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı: "Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandkı kimi diqqət edilir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur". İnsanların hüquqlarının qorunması ilə bağlı mühüm işlərin görüldüyünü deyən deputat söyləyib ki, Azərbaycan Prezdentinin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir.
Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir"
Sonda hesabat və digər qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli