Brüsseldə anti-milli qüvvələrin düşmən məqsədinin səbəbləri... Siyasət

Brüsseldə anti-milli qüvvələrin düşmən məqsədinin səbəbləri...

15 may

“Brüsseldə anti-milli qüvvələrin düşmən məqsədinin səbəbləri çox müxtəlif ola bilər. Maraqlı bir fikir var: deyirlər ki, iki şey sərhəd tanımır, hüdudsuzdur: Kainat və insan axmaqlığı. Hərçənd kainatın hüdudu hardasa bitə bilər, insan axmaqlığı isə sonsuzdur. Bu baxımdan Azərbaycanı sevməyən bu 3-4 nəfərin hərəkətlərinin motivi, səbəbi nə olursa-olsun, nəticəsi olduqca mənfidir”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, hər bir ölkəsini, millətini sevən insan bir hərəkətə yol verməzdən öncə bunun nəticəsinin nə olacağını götür-qoy etməli, məsuliyyətli olmalıdır: “Lakin təəssüf ki, bir çoxları öz hərəkət və davranışlarının məsuiyyətini dərk ermir”.

Azərbaycanın çox mühüm bir dövrə qədəm qoyduğunu deyən politoloq söyləyib ki, bu, həm daxili, həm də xarici şərait baxımından önəmli bir mərhələdir: “Azərbaycanın daxilində islahatlar keçirilir, xarici siyasətdə isə Avopa Birliyi kimi mötəbər bir təşkilatla münasibətlərin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparılır. Azərbaycan dövlət başçısı Brüsseldə keçirdiyi mühüm görüşlərin nəticəsindən milyonlarla Azərbaycan vətəndaşının taleyi asılı olacaq, AB ilə tərəfdaşlıq vətəndaşlarımız üçün yeni imkanlar açacaq.

N. Məmmədova vurğulayıb ki, Azərbaycan kimi mühüm əhəmiyyətə malik ölkə ilə yaxınlaşma Avropa Birliyi üçün də vacib addımdır: “Biz daxildə və xaricdə bundan narahat olan nə qədər qüvvələrin olduğunu müşahidə edirik. Onlar bunu istəmir, öz məkrli maraqlarını Azərbaycan dövlətinin və AB-nin mənafeyindən daha üstün tutaraq proseslərə öz mənafeləri prizmasından baxırlar. Burada hər zaman olduğu kimi erməni amili ön sırada dayanır. Ermənistan, erməni diasporu və onlara əlaltılıq edən bəzi əcnəbi siyasətçilər, habelə Azərbaycanın Avropa Birliyinə yaxınlaşmasından narahat olan qüvvələr var gücü ilə buna mane olurlar”.

Politoloq qeyd edib ki, mənfur qüvvələrin Azərbaycana qarşı addımlarını hardasa başa düşmək mümkündür: “Çünki onlar ölkəmizi təsir altında saxlamaq, onun inkişafına mane olmaq, Cənubi Qafqazda güclü bir müsəlman dövlətinin Avropaya inteqrasiyasına mane olmaq, vətəndaşların rifah halının yüksəlməsinə, demokratiyanın inkişafına əngəl olmaq üçün var güclərini ortaya qoyurlar. Zəngin resursları olan, əhalisi yüksək intellektə malik olan, dünyanın inlişaf etmiş ölkələri sırasına daxil olmaq potensialı olan, təbii və insan resurslarının vəhdətinə malik olan Azərbaycanın Avropa ailəsinə inteqrasiyası şübhəsiz ki, yalnız uğur gətirə bilər və qeyd etdiyimiz kimi bundan narahat olan güclər var. Lakin milliyyəti azərbaycanlı olan bəzi şəxslərin buna qarşı çıxması məyusedicidir. Onların Avropada Azərbaycana qarşı piket keçirməsi birbaşa ermənilərə rəvac verməkdir. Paşinyanın Azərbaycana gəlib burada ucuz piar şousu düzəltməsinə etiraz etməyən həmin qüvvələrin ölkəmizin milli maraqlarına birbaşa cavab verən Brüssel danışıqlarına etiraz etməsi, mane olmağa çalışması başadüşülən deyil, məyusluq yaradır və təəssüfvericidir”.

N. Məmmədova əlavə edib ki, dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır: “Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını Şərq tərəfdaşlığı proqramına üzv ölkələrin rəhbərlərinin, eləcə də AB rəhbərliyinin diqqətinə çatdırıb, Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək, habelə AB ilə enerji sahəsində əməkdaşlığımıza diqqət çəkib. Bütün bunlarla yanaşı İlham Əliyev Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunduğunu xatırladaraq, Avropa Birliyindən münaqişənin həllində ədalətli mövqe gözlədiyimizə dair məsuliyyətini xatırlatmış oldu. Belə bir şəraitdə bir qrup şəxsin addımları təxribatdır, öz şəxsi ambisiyalarını dövlətin və xalqın maraqlarından daha üstün tutmaqdır və Azərbaycana zərər vurmağa hesablanmış addımdır. Əgər onlar ölkəmizdə həqiqi demokratiyanın inkişafını arzu edirlərsə, əksinə ölkəmizin AB kimi mühüm demokratik təsisatlarla yaxınlaşmasında daha çox maraqlı olmalıdırlar. Çünki bu cür tərəfdaşlıq ölkələr üzərinə öhdəlik və məsuliyyət yaradır, onlarda demokartiyaya doğru inkişafa stimul verir. Deməli, bu addımlar qeyd etdiyimiz kimi təxribatdır və onun qarşısını xalqımızın həmrəyliyi ala bilər”.