“Üçüncü qüvvənin məkrli planı ifşa olunmalıdır” Siyasət

“Üçüncü qüvvənin məkrli planı ifşa olunmalıdır”

Xəbər verdiyimiz kimi iyulun 15-də "Keşikçidağ" məbədi ətrafında bir qrup Gürcüstan vətəndaşının keçirdiyi aksiya əsnasında gürcülər Azərbaycan sərhəd qoşunlarına hücum çəkərək onların silah və güllə daraqlarını əllərindən alıb. İnsidentin gürcü tərəfdən çəkilmiş videosu sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, gürcü sərhədçiləri hadisə yerində olsalar da, onlar faktiki seyrçi mövqeyi tutublar və hadisələrə müdaxilə etməyiblər.
Bu hadisənin baş verməsi artıq aylardır müzakirələrə səbəb olan “Keşikçidağ” məbədi problemini yenidən aktuallaşdırıb. Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasındakı sərhəd ərazilərin 64%-i delimitasiya edilib. Qalan 36% mübahisəli ərazi hesab edilir və bu monastdra o ərazidə yerləşir. Aprel ayının 23-də Gürcüstan prezidenti Salome Zurabişvilinin ərazinin təcili delimitasiyasıyla bağlı çağırışından sonra Azərbaycan sərhədiçiləri ərazidə nəzarəti gücləndirmişdi. Nəticədə Gürcüstan vətəndaşlarının əraziyə daxil olmasında problemlər meydana gəlmişdi.
Azərbaycan və Gürcüstan tərəfi sözügedən ərazinin delimitasiya edilməsi üçün işçi qrupları və komissiyalar yaradıb. Lakin gürcü aktivistlərin son olayda Azərbaycan əsgərini tərkisilah etməsi xüsusən Azərbaycan ictimaiyyətində ciddi narahatçılıq doğurub.
Hadisənin baş verməsi müxtəlif aspektlərdən izah edilməkdədir. Baxmayaraq ki, həm rəsmi Bakı, həm də Tiflis bununla bağlı öz mövqelərini bildiriblər. Gürcüstan tərəfi məlum hadisəni pisləyərək, onu təxribat adlandırıb və iki xalq arasında dostluq münasibətlərinin pozulmasında kənar qüvvələrin rolunun olduğunu qeyd edib.
“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da Azərtac-a açıqlamasinda qeyd edib ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir: “Həmçinin istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq...”
Təbii ki, bu hadisənin baş verməsində, Gürcüstan-Azərbaycan münasibətlərinin pisləşməsində maraqlı olan üçüncü qüvvə var. Ə.Həsənovun vurğuladığı kimi, emosiyalara qapılmamalıyıq, hadisənin baş verməsinə təmkinlə yanaşılmalıdır. Bu zaman xalqlar arasında münaqişənin yaranmasında maraqlı olan üçüncü qüvvə məkrli planın baş tutmadığını görüb geri çəkilmək məcburiyyətində qalacaq.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov “Xalq Cəbhəs”nə bildirib ki, bu hadisələr Azərbaycan və Gürcüstan arasındakı münasibətləri gərginləşdirməyi hədəfləyən qüvvələr tərəfindən yaradılan təöxribatdır: Bu məsələ ortaya atılandan eyni mövqe nümayiş etdirmişəm və eyni fikir söyləmişəm. “Keşikçidağ” məbədi məsələsində üçüncü qüvvə aranı qızışdırır. İki dövlət arasında problem yaratmaq istəyən, bu iki dövlətin müttəfiqliyindən narahat olan qüvvələr var. Bu qüvvələr müxtəlif provakatorlar, özünü təsdiq etməyə çalışan siyasi qruplardan məharətlə istifadə edib bu məsələni qızışdırırlar, lakin tərəflər soyuqqanlılığını itirməməli, bu məsələdə diqqətli olmalıdır. Əlbəttə ki, Azərbaycan əsgərinə edilən hörmətsizlik həm də Azərbaycan dövlətinə və xalqına edilmişdir. Bu, bizi, iki dövlətin müttəfiqliyini qorumağa çalışan insanları çox narahat edir. Lakin mən bir millət vəkili kimi öz soydaşlarıma çatdırmaq istərdim ki, bütün Gürcüstan vətəndaşları “Keşikçidağ” ərazisində təxribat törədən provakatorlarla eyni fikirdə deyillər və onların mövqeyini əsla dəstəkləmirlər”.
Gürcüstanlı deputat hesab edir ki, sərhəddə yaşanmış olayda Azərbaycan əsgərinin nümayiş etdirdiyi davranış təqdirəlayiqdir:”Hadisənin videosunu izlədikdən sonra sözün həqiqi mənasında Azərbaycan əsgərinə təşəkkür etməyi özümə borc bildim. Əsgər ora yığışan provakotlarla münaqişəyə girmədi, soyuqqanlılığını qorudu. O şəraitdə Azərbaycan əsgəri hər cür yola əl ata, hətta atəş aça bilərdi. Lakin səbrlə oraya yığışan insanları sakitləşdirməyə çalışırdı. Düşünürəm ki, həmin əsgərlərə bütün Gürcüstan vətəndaşları təşəkkür borcludur. Çünki onlar provakasiyaya getmədilər və iki dövlət arasındakı münasibətlərin daha da gərginləşməsinin qarşısını aldılar”.
A.Süleymanov onu da vurğulayıb ki, Azərbaycan tarix boyu Gürcüstana dəstək olub: “Gürcü xalqı 2003 və 2008-ci illər krizində Azərbaycanın dəstəyini unutmayıb. Rusiya ilə müharibə dövründə Gürcüstan Azərbaycanın yardımları nəticəsində üzləşdiyi böhrandan xilas olub. Azərbaycanın etdiyi bu yaxşılıqlar unudulmamalıdır və iki dövlətin müttəfiqliyi davam etdirilməlidir”.
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov isə əmin olduğunu bildirib ki, Gürcüstan rəhbərliyi məsələni çox ciddi araşdıracaq, günahkarlar qanun qarşısında cavab verəcəklər: “Elə tədbir görülməlidir ki, gələcəkdə bu sayaq xoşagəlməz hallar yaşanmasın. Ümumiyyətlə, millətindən, vətəndaşlığından asılı olmayaraq Gürcüstanla Azərbaycan arasında nifaq salmağa cəhd edən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır".
Deputat qeyd edib ki, həssas çoğrafi mövqedə yerləşən Azərbaycan və Gürcüstan strateji tərafdaş ölkələrdir: “Xalqlarımızı qədim tarixə malik möhkəm dostluq və mehriban qonşuluq ənənələri birləşdirir. Regionumuz nəhəng beynəlxalq layihələrin reallaşdığı məkandır. Bu məkanda başlıca söz sahibi Azərbaycan və Gürcüstandır. Hər iki ölkə regionun mühüm sabitlik təminatçıları olaraq çıxış edirlər. Bu mövqeyimizi gözü götürməyənlər də az deyil.
Bəzi gürcü din nümayəndələri, gürcü olmayan, sonradan gürcüləşmiş şəxslər, reytinqləri kifayət qədər aşağı olan partiyalar "Keşikçidağ" məsələsini şişirdərək onu sanki Gürcüstan hakimiyyətinin görməli olduğu ən mühüm vəzifə kimi dəyərləndirirlər, mövcud xüsusda ittihamlar yağdırırlar. İstəkləri Azərbaycan və Gürcüstan cəmiyyətində gərginlik yaratmaqdır”.
Politoloq Rauf Məmmədovun fikrincə isə, hadisədə üçüncü qüvvənin əlinin olduğu şübhəsizdir: “Çox güman ki, burada erməni və rus barmağı var, daha doğrusu, iki təxribatçı qüvvənin birgə işidir. Bu təxribatçılar “Keşikçidağ” məsələsini gündəmə gətirməkjlə iki xalq arasında münasibətlərin pozulmasında maraqlıdırlar. Onlar bilirlər ki, Azərbaycan-Gürcüstan münasibətləri mğhkəmdir, hər iki xalq terrora, işğala məruz qalıb. Azərbaycan dar gündə Gürcüstanın yanında olub, bu ölkəyə investisiya yatırıb, iqtisadiyyatını dirçəldib... Bu isə üçüncü qüvvə adlandırdığımız təxribatçıların narahatlığına səbəb olub. Ona görə də, “Keşikçidağ” məsələsindən sui-istifadə edirlər. Bir neçə millətçi gürcünü yoldan çıxarıb sərhədimizi qoruyan əsgərlərimizə hücum planını təşkil etməsi asan bir məsələdir. Amma həmin təxribatçı üçüncü qüvvə unudur ki, iki xalq arasında münasibətlərin pozulması onların özlərinə belə xeyir olmayacaq. Ona görə də, belə təxribatlara uymamalıyıq, hadisələrə təmkinlə yanaşmalıyıq və ümüncü qüvvənin planlarını ifşa etməliyik”.