Soçi görüşündə prinsipial razılaşma əldə olunub? Siyasət

Soçi görüşündə prinsipial razılaşma əldə olunub?

Qabil Hüseynli: "Moskvanı bu məsələdə ruhlandıran Qazaxıstandır, üstəlik Rusiyanın Azərbaycana ciddi ehtiyacı var"
Nizami Cəfərov: "Rusiya həqiqətən Azərbaycanın dostudursa, münaqişəni həll etməlidir"
Sahib Alıyev: "Hər ötən il Ermənistanın müstəqilliyini bir az da itirməsi deməkdir, hər il on minlərlə insanın Ermənistandan köçüb getməsi deməkdir"

"Soçi görüşündə prinsipial razılaşmalar əldə edilib. Hazırda Azərbaycanın Rusiya üçün strateji əhəmiyyəti var". Bunu "Trend"ə açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O, Moskvanın Azərbaycana ögey münasibət göstərməməyə çalışdığını bildirib: "Mən hələ ki bunları istisna etmirəm. Çünki Rusiya Azərbaycanla yaxınlaşmaq siyasətini elə-belə götürməyib. Bu dəqiqə Azərbaycanın Rusiya üçün strateji əhəmiyyəti var. Rusiyaya müxtəlif problemlər içərisində boğulan Azərbaycan yox, sabit, inkişaf edən ölkə lazımdır. Çünki bu potensialdan hansısa formada Rusiyaya da pay düşür. Moskva artıq bazarlarını Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün açıb. Rusiya artıq Qərbdən gələn müəyyən mallara embarqo qoyub. Soçidə bu məsələ də müzakirə olunurdu. Bundan başqa, Moskva Azərbaycana öz ordusunun istifadə etdiyi ən müasir silahları satmaqda davam edir. Hazırda hər iki ölkənin münasibəti bir il bundan əvvəlkindən fərqlənir. Əgər Moskva Azərbaycana ögey münasibət bəsləmiş olsaydı, o zaman heç Soçi görüşünü də təşkil etməzdi. Rusiya indi tamam başqa taktika seçib. Bu Azərbaycanla sürətlə yaxınlaşma üsuludur. Moskvanı belə işdə ruhlandıran da Qazaxıstandır. Rusiyanın hələ ki, Azərbaycana ciddi ehtiyacı var. Əgər Moskva Bakının arzuladığı şəkildə Qarabağ münaqişəsinin həllinə dəstək verməsə, Azərbaycan Avrasiya İttifaqında olmayacaq. 7 rayon alınıb Azərbaycanın tərkibinə qatılması Bakı üçün taktiki üstünlük olacaq. Soçi görüşündə prinsipial razılaşmalar əldə edilib və onların praktik müstəviyə keçməsi bundan sonra olacaq. Bu səbəbdən də xarici işlər nazirlərinə prosesin aparılması tapşırığı veriləcək".
Millət vəkili Nizami Cəfərov da bildirib ki, ikitərəfli, üçtərəfli görüşlərin əhəmiyyəti var. O qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktdır və bunu Azərbaycan prezidenti İlham Əliyev görüş zamanı bir daha çox aydın şəkildə söylədi: "Ermənistan bu fakt qarşısında cavab verə bilmədi, çünki Ermənistanın heç bir arqumenti yoxdur. Sadəcə həmişə olduğu kimi, yenə yalan danışmaqla qeyri-konstruktiv mövqeyində qaldı".
Bütün dünyanın işğal faktını pislədiyini deyən millət vəkili bildirib ki, vəziyyət 20 il bundan əvvəlkindən xeyli fərqlidir: "Azərbaycanın bütün spektrlərdə inkişafı, Ermənistanın isə geriləməsi vardır, yəni olduqca qeyri-normal bir təzad yaranıb. Ermənistan Azərbaycanın ərazisini işğal edib. Yəni bütün spektrlərdə inkişafdan bu qədər geri qalasan, amma Azərbaycan torpaqlarını işğal edəsən. Artıq bu vəziyyətə Azərbaycanın dözmək imkanı yoxdur".
N.Cəfərov əlavə edib ki, burada Rusiyanın da rolu böyükdür: "Bu gün dünyada belə bir fikir yayılıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir. Rusiyanın əlindədirsə, Rusiya bunu həll etməlidir. Çünki burada bütün parametrlərdə Azərbaycanın mövqeyi haqlıdır. Ümid edirik ki, Rusiya həqiqətən Azərbaycanın dostudursa, yaxın qonşuluq münasibətlərini nəzərə alırsa, münaqişəni həll etməlidir. Görüş zamanı Rusiya prezidenti Vladimir Putin də bildirdi ki, insan ölümünə yol vermək olmaz, heç kim məsələnin insan ölümü ilə həll edilməsini istəmir".
Millət vəkili Sahib Alıyev isə deyib ki, Soçi görüşünün nəticələri haqqında konkret fikir söyləmək çətindir, amma Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə son zamanlar danışıqların passivliyi fonunda belə bir təşəbbüs göstərməsi hər halda müsbət haldır. Ümumiyyətlə, bu münaqişənin sülh yolu ilə həllinə şans yaradan hər bir addımı qiymətləndirdiyini deyən millət vəkili bildirib ki, münaqişənin tezliklə həlli nəinki Azərbaycanın, eyni dərəcədə də həm Ermənistanın, həm də Rusiyanın maraqlarına cavab verir: "Əgər indiki geosiyasi konyunkturanı nəzərə alsaq, bunu aydın görmək olar. Ona görə Azərbaycanın marağındadır ki, torpaqlarının 20 faizi 20 ildən artıq bir müddətdir ki, işğal altındadır, ölkədə bir milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. Təbii ki, bu problemlərin həlli ölkə üçün birinci dərəcəli məsələdir".
S.Alıyevin sözlərinə görə, münaqişənin tezliklə həlli Ermənistanın maraqlarına ona görə cavab verir ki, hər il bu dövlət öz şanslarını daha da itirir, daha da təcrid vəziyyətinə düşür: "Hər ötən il Ermənistanın müstəqilliyini bir az da itirməsi deməkdir. Hər il on minlərlə insanın Ermənistandan köçüb getməsi deməkdir. Belə vəziyyət isə ölkəni uçuruma aparır".
Rusiyanın maraqlarına gəlincə isə, millət vəkili hesab edir ki, münaqişənin məhz indi, yəni Rusiyanın Ermənistana yetərincə təsir imkanları olduğu bir vaxtda həlli Rusiyanın maraqlarına da cavab verərdi.