“2019-cu ildə ölkəmiz bütün sahələrdə inkişafa nail olub” Siyasət

“2019-cu ildə ölkəmiz bütün sahələrdə inkişafa nail olub”

Tahir Rzayev: “Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür”

“Cənab Prezident yerli jurnalistlərə verdiyi müsahibədə demək olar ki, bütün sahələrə toxundu. Elə bir sahə qalmadı ki, həmin sahədən danışılmasın. Təbii ki, 2019-cu il Prezidentimizin də vurğuladığı kimi uğurlu oldu. Bu il Azərbaycan tarixinə böyük hərflərlə yazılacaq”. Bunu millət vəkili Tahir Rzayev bildirib. O vurğulayıb ki, 2019-cu ildə ölkəmiz bütün sahələrdə inkişafa nail olub: “İlk növbədə demək istəyirəm ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu isə hər bir ölkənin inkişafını təmin edən ən vacib amillərdəndir. Cənab Prezidentin də vurğuladığı kimi, bu il iqtisadi sahədə nəticələr yaxşıdır. Bilirsiniz ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra bizim milli valyutamız da devalvasiyaya uğramışdı, iqtisadi fəallıq aşağı düşmüşdü. Ancaq buna baxmayaraq, dövlət heç bir sosial layihəni ixtisar etmədi. Bütün sosial öhdəlikləri yerinə yetirdi. İqtisadi sahədə çox ciddi addımlar atıldı. Demək olar ki, bu sahədə sabitləşmədən sonra ilkin inkişaf təzahürləri özünü keçən il büruzə verdi. Bu il isə artıq inkişaf daha genişmiqyaslıdır və bütün iqtisadi parametrlər bunu göstərir. Məsələn, qeyri-neft iqtisadiyyatımız təqribən 3,5 faiz artıb.
Sevindirici hal odur ki, qeyri-neft sənaye sahəsində artım təxminən 14 faizdir. Bu, onu göstərir ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı bizim planlarımız artıq real rəqəmlərlə ölçülür. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyuldu, böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən çox artım vardır. Digər iqtisadi göstəricilər də müsbətdir. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artdı. Qeyri-neft ixracımız təqribən 14-15 faiz artıbdır, baxmayaraq ki, daxili istehlak da artır. Bundan başqa, xarici borcumuz aşağı düşüb, ümumi daxili məhsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir. Eyni zamanda, bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 5 dəfə artıqdır. Bu, dünya təcrübəsində nadir nəticədir. Adambaşına düşən valyuta ehtiyatlarımızın həcminə görə biz MDB-də birinci yerdəyik. Bu il valyuta ehtiyatlarımız 4,5 milyard dollar artdı. Bütövlükdə isə ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatıb. Əlbəttə ki, bu həm iqtisadi sahədə çox böyük nailiyyətdir, eyni zamanda, bu, bizim iqtisadi müstəqilliyimizi tam təmin edir. Çünki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmiz əldə etdiyi uğurlar, aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi. Yəni, bu o deməkdir ki, beynəlxalq aləmdə ölkəmizin nüfuzu hər il yüksəlməkdə davam edir”.
Tahir Rzayev əlavə edib ki, bu il Azərbaycanda sosial sahədə də ciddi nailiyyətlər əldə olundu: “Bu il sosial sahədə çox ciddi addımlar atıldı. Birinci növbədə, problemli kreditlər məsələsi öz həllini tapdı. Ondan sonra maaşların artırılması, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin, yəni, bütün sosial sahədə olan məsələlər kompleks şəkildə öz həllini tapdı. Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Digər tərəfdən, məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim olundu. Cənab Prezidentin də qeyd etdiyi kimi təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa edildi. Təqribən 25-30 min nəfər bundan bəhrələnir, 800-ə yaxın şəhid ailəsi, müharibə əlili evlərlə təmin edilir. Heç bir ölkədə bu, yoxdur. Bu Azərbaycan modelidir və ölkə başçısının yürütdüyü uğurlu siyasətdir. Sözsüz ki, bu islahatlar, əldə olunan uğurlar davamlı olacaq. Çünki dövlət başçısının yürütdüyü bu siyasət əhali arasında böyük rəğbətlə qarşılanır. Vətəndaş Prezidentinə, Prezident də vətəndaşına güvənir. Bu isə Azərbaycanın daha da inkişaf edəcəyinin, gələcək illərdə daha böyük uğurlara imza atacağının qarantıdır”.