Ərdoğanın Bakı səfərinin əhəmiyyəti Siyasət

Ərdoğanın Bakı səfərinin əhəmiyyəti

Rufiz Qonaqov: "Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı baxımından yeni mərhələ başlayır"
Andrey Petrov: "Türkiyə Azərbaycana hansısa yeni siyasi ittifaq təklif edir"

Cavid

Ərdoğanın Bakı səfəri əslində həm də bir siyasi gediş idi. Türkiyənin yeni prezidentinin Şimali Kipr Türk Cümhuriyyətinə səfərdən dərhal sonra Bakıya gəlməsi əlbəttə ki, Ankaranın strateji tərəfdaşı olan Azərbaycana jest kimi xarakterizə olunur. Amma eyni zamanda bir maraqlı fakt da diqqətdən yayınmayıb.
Söhbət ondan gedir ki, Ərdoğan prezident kimi Bakıya tam fərqli heyətlə gəlmişdi. Abdulla Gülün protokulunda olan məmurların çoxu demək olar ki, gözə dəymirdi. Elə Türkiyə mediası da Ərdoğanın Azərbaycana gətirdiyi komandaya diqqət edib. Siyasi karyerasını Avropa Şurasındakı fəaliyyətilə zənginləşdirən Mövlud Çavuşoğlu bu dəfə Azərbaycana xarici işlər naziri kimi gəlmişdi. Əvvəlcə prezidentlər təkbətək, sonra isə geniş tərkibdə görüşdülər.
Ərdoğanın görüşdən əvvəlki açıqlamalarına istinad edərək prezidentlərin regional və ikitərfli məsələləri müzakirə etdiklərini deyə bilərik. Lakin prezidentlərin üzərində dayandığı əsas məsələ isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı oldu. Çünki Rəcəb Tayyib Ərdoğanın prezident postunda Ermənistana yanaşması da maraq doğurur. Bu məsələyə özü belə aydınlıq gətirdi: "Azərbaycanla-Ermənistan arasında mövcud problem həll olunarsa, o zaman Ermənistanla-Türkiyə arasında problem həll olumuş sayılır. Amma mövcud problem öz həllini tapmadığı təqdirdə, eynilə Ermənistanla-Türkiyə arasında problem davam edəcək".
Media qarşısına keçən prezidentlərin birgə bəyanatları da zəngin idi. Prezident İlham Əliyev rəsmi İrəvanın qondarma erməni soyqırımı ilə bağlı gələn il geniş miqyaslı tədbirlər keçirmək planını pislədi. O, işğal olunmuş Azərbaycan torpaqlarının beynəlxalq hüquq normaları və tərəflərin ərazi bütövlüyü çərçivəsində təmin olunmasının vacibliyini bir daha vurğuladı.
Təbii ki, Rusiyanın xüsusi maraq dairəsində olan Cənubi Qafqaz ölkəsinə Türkiyə prezidentinin səfəri rus ekspertlərin də xüsusi maraq dairəsindədir. Rusiyalı ekspertlər Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ istiqamətinin gücləndirilməsi haqqında bəyanatları şərh ediblər.
İkinci dərəcəli dövlət müşaviri, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında Elmi Şuranın eksperti Stanislav İvanov Ərdoğanın Azərbaycan səfərində Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatı "ritorika" hesab edir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin postsovet məkanın öyrənilməsi üzrə analitik bölmənin rəhbəri Andrey Petrov isə həmkarı ilə razılaşmır: "Məsələ ondadır ki, son zamanlar Azərbaycanla qardaş əlaqələr və strateji əməkdaşlıq haqqında Türkiyə hakimiyyətinin ənənəvi dost ritorikasına yeni notlar əlavə olundu. Yeni prezident, yeni baş nazir və xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması barəsində hərəkətlərin koordinasiyası, eləcə də "erməni soyqırımı" iddialarına qarşı birgə mübarizədən danışdılar. Bu, hələ ki, ayrı-ayrı məsələlərdir. Amma onu demək olar ki, Türkiyə Azərbaycana hansısa yeni siyasi ittifaq təklif edir".
Onun sözlərinə görə, Türkiyənin xarici siyasətində Azərbaycan istiqamətinin gücləndirilməsi Ərdoğanın prezident seçilməsi ilə bağlıdır. Rusiyalı ekspert bildirir ki, prezident İlham Əliyevlə Ərdoğanın şəxsi dostluq əlaqələri artıq heç kim üçün sirr deyil.
"Türkiyənin Avropa Birliyi ilə siyasi münasibətlərdə soyuqluq bu gün göz qabağındadır. Türkiyənin xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin prioritet hesab olunması başadüşüləndir. Münaqişənin nizama salınması Qafqaz regionunun iqtisadi çiçəklənməsi üçün qapıları açacaq və Avropada məyus olan Türkiyəyə münasibətlərini şərq istiqamətində inkişaf etdirməyə imkan verəcək", - politoloq vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri Türkiyə mediasının da əsas mövzusu kimi gündəmdə yer alıb. "Anadolu" xəbər agentliyi, "Sabah" və "Yeni Şəfəq" kimi beynəlxalq nüfuzlu qəzetlər prezident Rəcəb Tayiib Ərdoğanın dövlət başçısı kimi Azərbaycana ilk səfərini iki qardaş ölkə arasında strateji müttəfiqlik münasibətlərinin bariz nümunəsi kimi təqdim edir.
Qeyd olunur ki, iki ölkə arasındakı qardaşlıq münasibətlərinin dinamik inkişafı xalqlarımızın mənəvi sifarişinin, ortaq dəyərlərimizin qorunmasının vacibliyini ortaya çıxaran real həqiqətdir.
Ekspertlər Rəcəb Tayyib Ərdoğanın ümumxalq səsverməsi yolu ilə prezident seçilməsindən sonra Türkiyənin siyasi mühitində yaranmış yeni mənzərənin Azərbaycan-Türkiyə münasibətlərinin strategiyasında da yeni bir inkişaf mərhələsinin başlanğıcı olduğunu önə çəkirlər. Bildirilir ki, prezident İlham Əliyev ilə Türkiyənin yeni dövlət başçısı Ərdoğanın şəxsi dostluq münasibətləri Azərbaycan-Türkiyə qardaşlığını daha sıx tellərlə bir-birinə bağlayan mühüm amildir.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı əlaqələr artıq yeni bir mərhələyə çatıb və strateji əlaqələri özündə əks etdirir. Bu da onu göstərir ki, Türkiyə ilə Azərbaycanın bütün istiqamətlər üzrə mövqeləri birdir və həqiqətən də strateji tərəfdaş olan iki dövlətdir: "Azərbaycanla Türkiyə arasında olan əlaqələri ümumiləşdirəndə belə ifadə işlətmək olar: Azərbaycanla Türkiyə arasında əlaqələr dünyada ikinci örnəyi olmayan əlaqələrdir. Təbii ki, dəyişən dünyada əlaqələrin gündəlik də olmasa, ara-sıra təkmilləşdiriləməsinə ehtiyac yaranır. Sadəcə, ola bilsin ki, iki ölkə arasında iqtisadi əlaqələr bizim siyasi əlaqələrimizin potensialını əks etdirmir. Ona görə önümüzdəki dönəmlərdə əsas məqsədimiz Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələri yüksək səviyyəyə çatdırmaqdır. Hazırda 5 milyarda yaxın ticarət mübadiləmiz olduğu halda əlaqələrimizi gerçəkdən əks etdirən rəqəmlərə nail olmalıyıq. Həmin rəqəmlər də ondan daha artıqdır - yəni 10 milyard dollara çata biləcək səviyyə əldə etməliyik. Azərbaycanla Türkiyə arasındakı əlaqələr artıq yeni bir mərhələyə çatıb və strateji əlaqələri özündə əks etdirir. Bu da onu göstərir ki, Türkiyə ilə Azərbaycanın bütün istiqamətlər üzrə mövqeləri birdir və həqiqətən də strateji tərəfdaş olan iki dövlətdir".
Səfir onu da bildirib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin hansı səviyyədə olduğunu bir daha göstərir: "Artıq ənənəyə çevrilib: hər iki ölkədə seçkilərin nəticələrindən sonra ilk xarici səfər məhz Azərbaycandan Türkiyəyə, Türkiyədən də Azərbaycana olur. İki ölkə arasında keçmişdən davam edən və önümüzdə olan illərdə irimiqyaslı layihələrin həyata keçirilməsi hər zaman diqqətdə olmalıdır. Çünki Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələr bölgə çapında olan layihələr deyil, dünyamiqyaslı layihələrdir. Ona görə bu səfər bu cür əhəmiyyətli məsələlərin müzakirəsinə də imkan verib. Bildiyiniz kimi iki ölkə arasında Strateji Əməkdaşlıq Şurası fəaliyyətdədir. Bu şuranın çərçivəsində də çox iri miqyaslı məsələlər müzakirə olunur, vacib sənədlər imzalanır. Biz Türkiyə prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndiririk. Bu, iki ölkə arasında dostluğu, qardaşlığı və strateji tərəfdaşlığı bir daha sübut edən səfərdir".
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərini şərh edərkən bildirib ki, Ərdoğanın Bakı səfəri Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişafının göstəricisidir: "Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən ümumilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar. Ümumiyyətlə, ölkələr arasında tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır.
Mühüm məqamlardan biri də budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də, hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakçılığı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tiflis-Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. TANAP və TAP layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək. Bütün bunlar isə Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf etməsinin bariz göstəricisidir. Bu mənada hesab edirəm ki, Türkiyə prezidentinin Azərbaycana səfəri çox əhəmiyyətlidir".
Politoloq Rufiz Qonaqov isə bildirib ki, sıx strateji tərəfdaşlıq iki qardaş ölkənin dünya miqyasında nüfuzunu artıracaq: "Ərdoğanın prezident seçiləndən sonra ilk səfərini ölkəmizə etməsi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı baxımından yeni mərhələdir. Hesab edirəm ki, Ərdoğanın prezident seçiləndən sonra ilk səfərini Bakıya etməsi çox müsbət addımdır. Türkiyə rəhbəri bununla dünyaya mesaj verdi ki, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir və heç bir qüvvə iki qardaş ölkənin sarsılmaz birliyinə zərbə vura bilməz. Bu həm iqtisadi, həm siyasi, həm hərbi, ümumilikdə bütün sahələrdə əməkdaşlığı dərinləşdirəcək".