Aydın Quliyev: Azərbaycanın radikal müxalifət fəalları və erməni mediasının yanaşmaları arasında sinxron oxşarlıq var Siyasət

Aydın Quliyev: Azərbaycanın radikal müxalifət fəalları və erməni mediasının yanaşmaları arasında sinxron oxşarlıq var

Azərbaycan dövlətinin pandemiya dövründə fəaliyyəti ilə bağlı erməni mediasının və Azərbaycanla bağlı radikal müxalifət fəallarının yanaşmaları arasındakı sinxron oxşarlıq özünü aydın göstərir və bu, səbəbsiz deyil.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, paşinyançı medianın Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində atılan addımları qaralamağa çalışması tam başa düşülən mövqedir və Ermənistan hakimiyyətinin sırf siyasi maraqlarından doğan saxtakar ideoloji mübarizədir:
"Ermənistan mediasının Azərbaycanda əhalinin geniş təbəqələrinə sosial dəstək tədbirlərini pisləməsi ilk növbədə Baş nazir Nikol Paşinyanın məzmunsuz sosial fəaliyyətini ört-basdır etmək məqsədi daşıyır. Əgər bu gün Ermənistan hakimiyyəti pandemiya ilə mübarizədə öz xalqının fəal dəstəyini qazana bilmirsə və əhaliyə Azərbaycandakı kimi 4 milyard dollara yaxın yardım göstərmək gücündə deyilsə, onlar üçün Azərbaycanda atılan bu sayaq addımları pisləmək və təftiş etməkdən başqa yol qalmır. Heç şübhə yoxdur ki, erməni mediasının Azərbaycan hakimiyyətinin mövcud siyasətini hədəfə alması ilk növbədə bacarıqsız Paşinyan hakimiyyətini erməni xalqının qəzəbindən mümkün qədər yayındırmaq məqsədi güdür".
Baş redaktor deyib ki, Azərbaycanla bağlı radikal müxalif dairələrin isə erməni mediasında yazılanlarla sinxron eyni mövqe tutması düşündürücüdür: "Əvvala, Azərbaycanla bağlı radkal dairələr həqiqətən də "Azərbaycan üçün hər şey nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar" prinsipi ilə yaşadıqlarını nümayiş etdirirlər: İkinci isə görünür, erməni mediasının və Azərbaycanla bağlı radikal qüvvələrin ideya tezislərinin eyni mərkəzlərdən idarə olunduğuna dair mülahizələri ciddi qəbul etmək lazımdır. Bu gün erməni mediasının yazdığı hədyan böhtanlar da, Azərbaycanın radikal qüvvələrinin fikir və təhlilləri də eyni hədəfi nişan alır - Azərbaycan xalqını hakimiyyətin pandemiyaya qarşı mübarizə ilə həmrəylikdən uzaqlaşdırmaq. Nə qədər təəccüblü olsa da reallıqdır ki, bu gün radikalların tezisləri bir çox hallarda erməni mediasının ideya mənbəyi rolunu oynayır və qarşılıqlı surətdə bir-birini ideya ilə təmin edirlər. Bunun məqsədli və mütəşəkkil əlaqələndirilmiş iş olub-olmadığından asılı olmayaraq, çıxan şəksiz bir nəticə var - düşmən ölkənin media tezislərini geninə-boluna fırlatmaq və ya düşmən ölkə mediasını ideya ilə təmin etmək heç bir halda vətənpərvərlik sayıla bilməz".