Tovuz döyüşləri Ermənistanın röyalarına və miflərə son qoydu - MÖVQE Siyasət
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində təxribat rəsmi İrəvanın gözlədiyi və illərdən bəri hazırlaşıb ümid etdiyi hərbi nəticələrə səbəb olmadı. Gözləntilərin əksinə, son proseslər münaqişə tərəflərinin beynəlxalq səviyyədə real imkanlarını ortaya qoymuş oldu. Əvvəlcə ondan başlayaq ki, necə ki, aprel savaşlarında Ermənistanın “Ohanyan səddi”nin keçilməzliyi barədə mifləri darmadağın edilmişdi, Tovuz döyüşlərində də rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni xalqına hərbi yardıma hər an hazır olması barədə arxayınlığı iflasa uğradı. Tovuz hadisələrinə qədər erməni rəhbərliyi mütəmadi olaraq Azərbaycanı müharibə başlayacağı təqdirdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi yardım edəcəyi ilə hədələyir, habelə bu təşkilata üzvlüyündən ölkə daxilində reytinq amili kimi istifadə edirdi. Zaman-zaman atəşkəs pozulsa da, son 25 ildə Tovuz döyüşlərinə qədər birbaşa iki dövlətin beynəlxalq müstəvidə tanınmış sərhədlərində bu səviyyədə qarşıdurma olmamışdı. Ona görə də erməni xalqında əməliyyatların birbaşa təmas xəttində başlayacağı andaca Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının köməyə gələcəyinə dair tam səmimi bir inam var idi. Prezident İlham Əliyevin də dediyi kimi, “biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam”.
Bu, indiyə qədər erməni iqtidarlarının xalqını ovundurduğu əsas amil idi və bu mif bir andaca puç oldu. Təsəvvür edin, Azərbaycan Ordusu ermənilərinin təxribatına adekvat cavab olaraq Ermənistan ərazisində baza, mövqe və hərbi anbarları yerlə yeksan edir, Baş Nazir Paşinyan xalqın yeganə ümidi KTMT-a hərbi yardım üçün müraciət edir, təşkilat isə nəinki kömək etmir, hətta siyasi dəstək ifadə edən bəyanat belə vermir. Əksinə, KTMT-ın altı üzvündən üçü, Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə, Belarus isə Qoşulmama Hərəkatı xətti ilə Ermənistanı təcavüzkar kimi tanıyıb Azərbaycana açıq dəstək ifadə etdi. Beləliklə, Tovuz döyüşləri ermənilərin KTMT röyasına son qoydu, erməni iqtidarın erməni xalqını illərdir, boş vədlərlə ovundurması reallığını ortaya çıxardı.
Ermənilərin Tovuzda itirdiyi ikinci amil, erməni “diasporunun məğlubedilməzliyi”, “hər şeyə qadir olması” barədə mifin yıxılması oldu. Şübhəsiz ki, erməni diasporundan danışanda ABŞ-ın adı birinci çəkilir. Lakin iki gün öncə ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəliş qəbul edilməsi artıq vəziyyətin dəyişməsindən xəbər verir. Erməni əsilli, yaxud erməni sevdalı konqresmenlərin və siyasi təsir imkanlarına malik şəxslərin davamlı cəhdlərinə baxmayaraq, hətta ermənipərəst Demokratların özlərinin iştirakı ilə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunmasını nəzərdə tutan düzəliş faktiki olaraq mahiyyətinə görə bir ilk olmaqla ermənilərin diaspor siyasətində bir uçurum yaratdı. Əksinə, Tovuz hadisələri Azərbaycanın diaspor hərəkatına yeni ruh verdi. ABŞ, Rusiya, Ukrayna, Belçika, Niderland, İsveçrə, Fransa və s. dövlətlərdəki soydaşlarımız bu günə qədər görünməmiş formada və ruhda birlik nümayiş etdirdilər. Bundan əlavə, Gürcüstanda yüz minlər, İranda isə 10 milyonlarla soydaşlarımızın kütləvi şəkildə könüllü müharibəyə yollanmaq barədə bəyanatları və cənab İlham Əliyevin əmrində olmalarını bəyan etmələri regionda əsl qüvvələr nisbətini bir daha ortaya çıxardı.
Ümumiyyətlə, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində hücum cəhdi və növbəti günlərdə davam edən hərbi təxribatı, həmçinin, Azərbaycanın beynəlxalq münasibətləri üçün yeni səhifə oldu. Düzdür, BMT, Aİ, ATƏT kimi təsisatların açıqlamaları neytral və ümumi sakitləşməyə çağıran xarakter daşıdı. Lakin bir cümlədən ibarət siyasi dəstək belə ala bilməyən Ermənistanın əksinə olaraq, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar Azərbaycana tam dəstək ifadə olundu, bu təşkilatlar tərəfindən Ermənistanın hərbi təxribatını, artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pisləyən bəyanatlar verildi.
Xüsusən BMT-dən sonra dünyada ikinci ən iri siyasi təsisat olan Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli kommünike sənədinin 120 dünya dövləti tərəfindən imzalanması, 120 dövlət tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənməsi İrəvan üçün ciddi siyasi məğlubiyyət oldu. Təsəvvür edin, dünyanın 195 ölkəsi var və həmin dövlətlərdən 120-si birmənalı olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək, habelə ərazi bütövlüyümüzün bərpası məqsədilə göstərdiyi səylərlə həmrəylik ifadə edir.
Digər mühüm dəstək İslam Əməkdaşlıq Təşkilatından gəldi. Təşkilatın bəyanatında Azərbaycan hərbi qulluqçularının ailələrinə başsağlığı verildi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi bir daha bəyan edildi. Bu bəyanat həm də İslam həmrəyliyinə sığmayacaq formada, işğal olunmuş ərazilərdə məscidləri donuz damına çevirən, xarabazar edən Ermənistanla əməkdaşlıq edən bəzi “müsəlman” dövlətlər üçün də ciddi xəbərdarlıq və qınaq idi.
Göründüyü kimi, Ermənistanın son hərbi təxribatı, gücdən və kənar dəstəkdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək, bölgədə dominantlıq iddiası və cəhdi tamamilə iflasa uğradı, işğalçı dövlət həm hərbi texnika, həm canlı qüvvə, həm də hərbi infrastruktur olmaqla ciddi itkilərə məruz qaldı. Ən böyük itki isə təbii ki, İrəvanın beynəlxalq mövqelərində və bir də illərdir əhalini arxayın saldığı miflərin yerlə-yeksan edilməsində oldu.
Milli Məclisin deputatı,
h.ü.f.d. dos. Bəhruz Məhərrəmov