“Bizə çox ciddi zəmanətlər verilməlidir” Siyasət

“Bizə çox ciddi zəmanətlər verilməlidir”

Prezident İlham Əliyev: “Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər”

“Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq”

Atəşkəs müəyyən şərtlərlə təmin edilməlidir. Çünki bu günə qədər bizə ünvanlanan çağırışlar, sadəcə bundan ibarətdir ki, atəşkəsi təmin edin, müharibəyə ara verin, ondan sonra müzakirələr davam etsin. Hansı müzakirələr davam edəcək, müzakirələr nəyin əsasında davam edəcək, bunlar bizə deyilmir. Bu fikirləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində aparıcının atəşkəs çağırışları ilə bağlı sualını cavablandırarkən bildirib.
Azərbaycanın bu müzakirələrdə 30 ilə yaxındır ki, ümidlərlə iştirak etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Əgər ümidlərimiz olmasaydı, təbii ki, bu müzakirələrdə iştirak etməzdik. Hər zaman müzakirələr mövcud olan prinsiplər əsasında gedirdi. Bu prinsiplərin arasında Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi vardır. İşğal altında olan bölgələrin mərhələli şəkildə azad edilməsi, bizə qaytarılması, ondan sonra da sülhün təmin olunması məsələsi müzakirə mövzusu idi. Amma bugünkü Ermənistan bütün əvvəldən, bəri başdan əldə edilmiş prinsipləri pozaraq bizə qarşı yeni hücum təşkil etdi. Təbii ki, biz əks-hücum əməliyyatına keçib öz torpaqlarımızı Azərbaycan əsgərinin gücü ilə azad edirik. Ona görə, sadəcə, atəşkəsin bərpa edilməsi məsələsi müzakirə mövzusu ola bilməz”.

Azərbaycan Ordusu uğurla irəliyə gedir

Prezident İlham Əliyev qeyd edib ki, işğal altındakı torpaqlarımızın geri alınması ilə bağlı əməliyyat plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilib. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.
Dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.

Bu illər ərzində niyə bu məsələ həll olunmadı?

Prezident İlham Əliyev bildirib: “Bizim tələblərimiz var. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq. Təbii ki, o zaman müharibə dayanacaq. Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun. Bəzi vasitəçilər istəyirlər ki, sadəcə atəşkəs olsun. Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bütün bu sualların havada qaldığını bildirən Prezident deyib: “Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin. Müharibənin öz qaydaları, öz qanunları var. Hər günün öz əhəmiyyəti var, önəmi var. Biz ara versək, qarşı tərəf toparlanacaq, əlavə qüvvə yığacaq. Onsuz da onların çıxışlarında göstərilir ki, Ermənistanın xaricində yaşayan erməniləri də onlar bu müharibəyə cəlb edirlər. Beləliklə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər. Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam”.
Dövlətimizin başçısı atəşkəs üçün əsas şərtin zəmanət olduğunu bildirərək deyib: “Ermənistanın baş naziri bir il bundan əvvəl bizim torpaqlarımızda demişdi ki, “Qarabağ Ermənistandır”, Azərbaycan xalqından üzr istəməlidir. İkincisi, o deməlidir ki, Qarabağ Ermənistan deyil. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Dördüncüsü, bəyan etməlidir ki, hansı gündə, hansı bölgədən Ermənistan silahlı qüvvələri çıxır. Bu şərtlər Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir. O halda təbii ki, atəşkəs bərpa olunacaq və beləliklə, bu məsələ müzakirə yolu ilə həll olunacaq, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdacaq. Amma biz bilməliyik ki, bu, nə zaman olacaq. Çünki biz 30 ildir ki, gözləyirik, 30 il bizə verilən vədlər, deyilən sözlər həyatda reallaşmır, gerçəkləşmir. Azərbaycan xalqı artıq buna dözə bilmir, Azərbaycan dövləti dözə bilmir. Bizə konkret, real tarix deyilməlidir ki, onlar nə zaman hansı bölgədən çıxacaqlar”.

Bu müharibəni biz başlamamışıq

Azərbaycan Prezudenti bildirib ki, Ermənistanın çirkin əməlləri qarşıdurmanın böyük regional böhrana çevrilməsinə hesablanıb: “Biz hesab edirik ki, buna yol vermək olmaz. Bu müharibə Azərbaycanla Ermənistan arasında olan müharibədir. Bu müharibəni biz başlamamışıq. Biz bu müharibənin səbəbkarı deyilik. Biz, sadəcə olaraq, özümüzü müdafiə edirik və öz torpaqlarımızı geri istəyirik. Bizim Ermənistan torpaqlarında gözümüz yoxdur”.
Bir müddət əvvəl Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatı xatırladan dövlətimizin başçısı deyib: “İyul ayında Ermənistan-Azərbaycan sərhədində ermənilər tərəfindən başlanan qarşıdurmalar nəticəsində Azərbaycan Ordusu Ermənistan torpağına keçmədi, halbuki ora keçə bilərdik. Onlara çox güclü zərbələr endirdik və onlar da geri çəkildi. Bizim qarşımızda heç bir maneə, heç bir əngəl yox idi. Biz onu etmədik. Çünki mən söylədim ki, bizim Ermənistan Respublikasının torpaqlarında hər hansı bir hərbi hədəfimiz yoxdur. Ermənistan isə bu gün Azərbaycana Ermənistan ərazisindən hücum edir. Bax, dünən Gəncəyə zərbələr Ermənistan ərazisindən vuruldu, Mingəçevirə zərbələr vuruldu. Bizim orada böyük stansiyamız var. Mərmilərdən biri stansiyanın yanına düşdü. Doğrudur, onların mərmiləri elə mərmilərdir ki, - siz mühümmat deyirsiniz mərmilərə, - onların bəziləri partlamadı. Bəzilərini isə bizim hava hücumundan müdafiə qurğularımız havada məhv etdi”.
Prezident İlham Əliyev Ermənistan tərəfinin güddüyü məqsəddən danışaraq qeyd edib ki, onlar bizi təxribata çəkirlər ki, biz də Ermənistana hücum edək, Ermənistana zərbələr endirək. Ondan sonra da çıxıb bütün dünyaya desinlər ki, Azərbaycan bizə hücum edir, gəlin Ermənistanı xilas edin.

Qarabağ qədim Azərbaycan torpağıdır

Azərbaycan Prezidenti qeyd edib ki, biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda, biz həmişə müzakirə masasında çox müsbət davranış nümayiş etdirmişdik və müzakirə masasında olan təkliflər də bu məsələnin həllini mümkün edir.
Dövlətimizin başçısı mərhələli həll variantı barədə danışaraq deyib: “İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə daha iki bölgədən çıxır, ondan sonra vaxtilə Dağlıq Qarabağın ərazisindən qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdır, o cümlədən Şuşaya qayıdır, iki toplum çərçivəsində artıq həyat bərpa edilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarət başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və beləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu, beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistan bunu qəbul etmir. Bundan əlavə Ermənistanın müdafiə naziri bir neçə ay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə başlamalıyıq”.

“Bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır”

Prezident İlham Əliyev qeyd edib ki, əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda çox ciddi şiddətli döyüşlər gedir. Hər iki tərəf yerlərdə olan əsgər və zabitlərə təlimat verməlidir. Biri buna əməl edəcək, o biri əməl etməyə bilər. Ancaq əgər o çıxma tarixi bizə verilərsə təbii ki, biz bu təlimatı verəcəyik. O zaman Minsk qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son qoyula bilər.
Dövlətimizin başçısı mümkün olan ölkələr sırasında Türkiyənin adını çəkərək deyib: “Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır və mən fürsətdən istifadə edərək, bizim bütün türk qardaşlarımıza öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istəyirəm, başda əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaq şərti ilə. Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil. Odur ki, biz - bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq”.
Eyni zamanda, döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibətinin çox önəmli olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: “Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədər tez olsa, o qədər də yaxşıdır. Bizim fikrimiz məhz bundan ibarətdir və beləliklə, artıq bu bölgədə uzunmüddətli dayanıqlı sülh təmin edilə bilər”.