Deputat: Paşınyan rejiminin hərbi təxribata əsaslanan addımları bumeranq effekti verib Siyasət

Deputat: Paşınyan rejiminin hərbi təxribata əsaslanan addımları bumeranq effekti verib

Ermənistanın mövcud hakimiyyətinin, konkret olaraq Paşınyan rejiminin hərbi təxribata əsaslanan addımları bumeranq effekti verib. Belə ki, işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən demək olar ki, darmadağın edilməsi Paşınyanın onsuz da kövrək olan hakimiyyətini bir qədər də laxladıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Deputat bildirib ki, halbuki Paşinyan hərbi təxribatlarla diqqəti Ermənstan daxilindəki gərginlikdən, işağlçı ölkədəki sosial-iqtisadı böhrandan yayındıracağını və bununla da hakimyyətinin ömrünü uzadacağını düşünürdü.

Onun sözlərinə görə, vəziyyətin daha da kritikləşdiyini görən Paşinyan diktatura rejimini daha da sərtləşdirir: “Elə Ermənistan Nazirlər Kabinetinin son qərarı da bundan xəbər verir. Xatırladım ki, həmin qərara əsasən ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlərin yayımlanması qadağan olunub, dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər daxil olmaqla hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaq qadağandır”.

Bu qərarın və son addımların Paşınyanın rejiminin faşist və diktatura mahiyyətindən irəli gəldiyini deyən V.İskəndərov bildirib ki, son olaylar işğalçı ölkə daxilində həm hərbi, həm iqtisadi, həm də siyasi böhranı daha da dərinləşdirib:

“Hazırda Azərbaycan ordusu bütün istiqamətlərdə hücumu davam etdirir, onlarla kilometr irəliəyib, onlarla yaşayış məntəqəsi azad edilib. Bunun müqabilində erməni hərbi birləşmələri çoxlu sayda hərbi texnika və canlı qüvvə itirir və geri çəkildiyini rəsmən etiraf edir. Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur. İqtisadi vəziyyətə gəlincə, onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı mühraribə üçün resurslar tapa bilmir, xarici ianələr buna kifayət etmir, nəinki əhalini, cəbhə xəttini belə təmin etmək mümkün olmur - ərzaq, dərman, silah, hətta hərbi paltar çatışmır.

Onu da deyim ki, cəbhədəki uğursuzluq Ermənistanda sosial-iqtisadi böhrana, o da öz növbəsində siyasi böhrana gətirib çıxarıb. Artıq “Qarabağ klanı” aktivləşib, Koçaryan yenidən meydana çıxır. Bu körpə cəlladı Qarabağa “külli-miqdarda silah” gətirməsi haqda şayihələr yayır, özünü yenidən “Qarabağın xilaskarı” obrazında təqdim edir. Yəni, görünən odur ki, Ermənistanda bütün nüfuzunu itirmiş “Qarabağ klanı” müharibədki uğursuzluqdan istifadə edərək yenidən özünü Paşinyana qarşı alternativ kimi təqdim etməyə başlayıb”.

Deputatın sözlərinə görə, baş verənlər eyni zamanda Ermənistanda və hakimiyyət daxilində panika yaradıb. Elə təhlükəsizlik strukturunun cəmi 4 ay əvvəl təyin olunmuş rəhbərinin işdən çıxarılması, Paşinyanın “cəbhədə satqınlıq” haqda danışması, ölkədə xəyanətkarların “ovu”na başlanması və bütün bunların fonunda Paşınyan hökumətinin rəsmən senzura tətbiq etməsi də deyilənləri təsdiqləyir. Bir sözlə görünən odur ki, devrilmək təhlükəsini hiss edən Paşinyan ölkədə tətbiq etdiyi diktatura rejimini daha da sərtləşdirir”.