Cəbhə xəttində həyəcan siqnalı Siyasət

Cəbhə xəttində həyəcan siqnalı

Müdafiə Nazirliyi cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və onun birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov noyabrın 25-də döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb.
Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olub, onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.
Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyəcan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş şəraitinə uyğun olaraq atışlar icra ediblər. Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.
Noyabrın 26-da isə müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar.
Nazirliyin rəhbərliyi prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsindəki hərbi şəhərciklərdə aparılan tikinti və quruculuğun gedişatını yoxlayıb, görülən işlərlə yaxından tanış olublar.
Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxanalar, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksləri, transformator yarımstansiyası və eləcə də tikintisi gedən digər obyektlərdə olan müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.
Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, müasir tələblər çərçivəsində yenidən qurulan hərbi şəhərciklər zəruri hərbi infrastrukturla təmin edilib. Bununla yanaşı ailəli hərbi qulluqçular üçün lazımi məişət şəraiti ilə təmin edilmiş geniş mənzillərin, subay zabit və gizirlər üçün isə yataqxana komplekslərinin tikilməsi də nəzərdə tutulub.
Görülən işlərin 2015-ci il ərzində başa çatdırılması planlaşdırılır.