Azərbaycan Prezidenti: Bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək Siyasət

Azərbaycan Prezidenti: Bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək

Bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək.

Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Keçən il sosial sahə ilə bağlı çox böyük işlər görülüb. Mən bu barədə artıq qeyd etdim. İndi əgər hansısa əlavə olarsa, əmək və əhalinin sosial müdafiəsi naziri qeyd etsin. Eyni zamanda, bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini təmin etməliyik. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu. Əmək və əhalinin sosial müdafiəsi naziri bu yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq. Bu proqram bu il də davam etdirilməlidir. Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir. Onu da bildirməliyəm ki, bundan sonra məcburi köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək. Bəzi layihələr davam edir, bəzi layihələr başa çatmaq üzrədir. İndi Füzuli rayonunda, Horadizdə və başqa bir kənddə evlər tikilibdir, onlar, əlbəttə ki, köçkünlərə veriləcək. Ancaq bundan sonra daha Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək və biz bunu da xüsusi proqram əsasında həyata keçirəcəyik. Bunu hər kəs bilməlidir və istərdim ki, bunu hər kəs bilsin. Bu, çox ədalətli yanaşmadır".