BAXCP-dən təhsilin inkişafı ilə bağlı təkliflər paketi Siyasət

BAXCP-dən təhsilin inkişafı ilə bağlı təkliflər paketi

Martın 3-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətinin məlumatına görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum müzakirə olunub.
Daha sonra Azərbaycanda təhsilin vəziyyəti müzakirə edilib və bu sahədə islahatların genişləndirilməsinə dair təkliflər paketi qəbul olunub.
BAXCP qeyd edir ki, müstəqillik əldə olunduqdan sonra Azərbaycanda aparılan islahatlar təhsil sahəsindən də yan keçməyib. Belə ki, mərhum prezident Əbülfəz Elçibəyin 21 iyul 1992-ci il tarixli 74 saylı fərmanı əsasında Nazirlər Kabineti yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradılıb və 1992-ci ildə test üsulu ilə ali məktəblərə tələbə qəbulu keçmiş Sovet İttifaqında ilk dəfə Azərbaycanda tətbiq edilib. 1993-cü ildən ölkəmizdə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılması; təhsil sahəsində islahatların genişləndirilməsi, təhsil müəssisələrinin fəaliyyətində, bütövlükdə təhsil sisteminin strukturu, idarə sistemi və iqtisadiyyatında köklü yeniləşmənin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun tarixli 168 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın (1999-2004-cü illər) təsdiq edilməsi və həyata keçirilməsi; Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması və bununla əlaqədar olaraq Bolonya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər planına uyğun olaraq, "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu"nun təsdiq edilməsi; ali təhsildə kredit sisteminin tətbiq edilməsi; Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli 295 nömrəli sərəncamı ilə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın və 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli fərmanı ilə "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nun təsdiq edilməsi; 1999-cu ildə "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları"nın, 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının (Milli Kurikulumunun)", 2010-cu ildə "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarının (kurikulumlarının)", 2012-ci ildə "Azərbaycan-2020: gələcəyə doğru" İnkişaf Konsepsiyasının qəbul edilməsi və s. ölkəmizdə təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına imkan verib.
BAXCP hesab edir ki, aparılan islahatlar Azərbaycanda təhsil sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına müəyyən dərəcədə təkan versə də, təəssüf ki, köklü dəyişikliklərə gətirib çıxarmayıb. Belə ki, Azərbaycanın Bolonya prosesinə qoşulmasına və "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2008-ci il tarixli sərəncamına baxmayaraq, ali təhsilin hələ də müasir tələblər səviyyəsində təşkil olunmamasının nəticəsidir ki, Azərbaycanın diplomları Avropada demək olar tanınmır. Ali təhsil müəssisələrinin idarə olunmasının təşkilində müəyyən problemlər mövcuddur; hələ də ali və orta məktəblərdə müəllim-tələbə nisbəti, ümumilikdə təhsil aşağı səviyyədədir; bir çox ali məktəblərdə lazımsız fakültələr fəaliyyət göstərir; ali məktəblərlərimizin beynəlxalq əlaqələrinin, xarici universitetlərlə əməkdaşlığının, təcrübə mübadiləsinin səviyyəsi çox aşağıdır; ali məktəblərdə təhsil haqqının yüksək olması az təminatlı, ancaq kifayət qədər savadlı abuturientlərin təhsil almasına imkan vermir; ali və orta məktəblərin bir çoxunun maddi-texniki bazası zəifdir; orta məktəb müəllimlərinin, ali məktəblərin professor-müəllim heyətinin əmək haqqının səviyyəsi olduqca aşağıdır və bu, təhsil sistemində neqativ halların baş verməsinə gətirib çıxarır və s. Bunlarla yanaşı, respublikamızda yüksək ixtisas tələb edən iş yerlərinin kifayət qədər olmaması da gələcək mütəxəssislərin mükəmməl bilik almasına stimul yatarmır.
BAXCP hesab edir ki, Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi üçün daha ciddi islahatların aparılmasına ehtiyac var. BAXCP bu məqsədlə aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsini təklif edir:
1. Xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla digər dövlət ali məktəblərinin özəlləşdirilməsini;
2. Ali məktəblərin idarə edilməsində professor-müəllim heyətinin rolunun yüksəldilməsi məqsədi ilə rektorların ali məktəblərin Elmi Şurası tərəfindən seçilməsini;
3. Ali məktəblərə qəbul olunması haqqında müvafiq sənəd təqdim edən Azərbaycan vətəndaşlarına müvafiq banklar tərəfindən faizsiz təhsil kreditlərinin verilməsini;
4. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədi ilə ali, orta ixtisas və orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılmasını, "hər məktəbliyə kompüter, hər kəndə yüksək sürətli internet" proqramının həyata keçirilməsini;
5. Bütün səviyyəli dövlət təhsil müəssisələrində çalışan müəllimlərin, professor-müəllim heyətinin, elmi işçilərin və yardımçı heyətin əmək haqqının ən azı 3 dəfə artırılmasını;
6. Gənc nəslin təhsilə, elmə marağının artırılması üçün gənc alimlərin sosial müdafiəsinin gücləndirilməsini;
7. Ölkəmizdə təhsilin səviyyəsi yüksək standartlara çatdırılana qədər, Təhsil Nazirliyi tərəfindən, müvəqqəti olaraq, bütün təhsil müəssisələrində tədris prosesinin təşkilinin yüksək səviyyəyə çatdırılması üçün müvafiq Proqramın hazırlanmasını, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə onun icrasına nəzarətin təşkil edilməsini.
BAXCP hesab edir ki, qeyd olunan istiqamətlərdə əsaslı tədbirlərin həyata keçirilməsi Azərbaycanda elmin və təhsilin səviyyəsinin yüksəldilməsinə imkan yarada bilər.