Qarabağda müharibə proqnozu həqiqətdirmi? Siyasət

Qarabağda müharibə proqnozu həqiqətdirmi?

Elçin Xalidbəyli: "Analoji məzmunlu proqnozların özünü doğrultmasına çox nadir hallarda təsadüf edilir"

Azər Rəşidoğlu: "Bu müstəvidə yalnız lokal savaşdan söhbət gedə bilər"

Tofiq Abbasov: "Münaqişə istənilən an qaynar fazaya keçə bilər"

ABŞ-ın beynəlxalq əlaqələr Şurası gələn il üçün baş verəcək müharibələrin proqnozunu verib. "Global Conflict Tracker" proqnozunda 34 geosiyasi risklər arasında Qarabağ müharibəsinin baş verməsi də yer alır. Qeyd edək ki, Beynəlxalq Əlaqələr Şurası (CFR) ABŞ və onun maraqlarına təsir edə biləcək hadisələri araşdırır. Proqnozun verilməsi üçün təşkilat 2200-dən çox ictimai-siyasi xadim arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, 2015-ci ildə Qarabağ müharibəsi başlayacaq. Bundan başqa Asiyada Cənubi Çin dənizində silahlı qarşıdurma, Şimali Koreyada krizis, Hindistan və Pakistan münaqişəsi, Çin və Hindistan arasında münaqişə və Çində etnik qarşıdurmanın olacağı qeyd edilib.
Bu proqnoz nə qədər obyektivdir və Qarabağda müharibə ehtimalı nə qəfərdir?
Siyasi şərhçi Elçin Xalidbəyli dedi ki, Siyasi proqnozlar vermək o qədər də uğurlu məşğuliyyət növü deyil: "Çünki belə proqnozların mütləq əksəriyyəti özünü doğrultmur və öz müəlliflərinin "üzünü qara çıxarir". Bu baxımdan, hansı bölgədəsə, müharibənin olacağını proqnozlaşdırmaq da asan məsələ deyil. Çünki belə proqnozlar verərkən savaş ehtimalını gündəmə gətirən faktorlarla yanaşı, müharibənin baş verə biləcəyini istisna edən amiləri də mütləq nəzərə almaq lazımdır. Ümumiyyətlə, indiyə qədər analoji məzmunlu proqnozların özünü doğrultmasına çox nadir hallarda təsadüf edilir. Adətən, belə proqnozlar daha çox silah və neft sənayesinin maraqları çərçivəsində gündəmə gətirilir. Çünki gərginlik və savaş bu sahələrin təmsilçilərinin gəlirlərini artırır". Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin yenidən savaşa çevriləcəyi ilə bağlı proqnozlara gəldikdəsə, bu, o qədər də inandırıcı görünmür: "Çünki hazırda Dağlıq Qarabağda savaşın başlanmasını stimullaşdıra biləcək faktorlar arxa plandadır. Birincisi, ABŞ və Qərbin Cənubi Qafqazda savaşa ehtiyacı yoxdur. Əksinə, bu regionda sabitliyin hökm sürməsi ABŞ və Qərbin maraqlarına daha çox cavab verir. İkincisi, Rusiya da hazırda Cənubi Qafqazda savaşın stimullaşdırılmasına həvəsli deyil. İqtisadi böhran içərisində olan Rusiyanın bu regionda hər hansı hərbi kampaniyanın idarə edilməsi imkanları çox məhduddur. Hər halda, savaş başlayacağı təqdirdə, Ermənistanın hərbi xərclərinin məhz Rusiyanın üzərinə düşəcəyi qətiyyən şübhə doğurmur. İndiki böhranlı situasiyada Kremlə əlavə maliyyə yükü isə qətiyyən sərfəli deyil. Digər tərəfdən, hazırda Rusiyanın Ermənistandan daha çox Azərbaycana ehtiyacı var. Ona görə də, Rusiya Ermənistan ucbatından Azərbaycanla münasibətlərini pozmağa həvəs göstərməz.
Üçüncüsü, tam deqradasiya mərhələsinə qədəm qoymuş Ermənistanın artıq savaşa başlamaq imkanı yoxdur. Ona görə də, Ermənistanın hazırda savaşa başlamaq barədə düşünə biləcəyini təsəvvür etmək belə, mümkün deyil. Nəhayət, Cənubi Qafqazda savaşa başlamaqda maraqlı ola biləcək yeganə dövlət kimi Azərbaycan diqqəti çəkir. Ancaq indiki mərhələdə müharibəyə başlamaq heç Azərbaycana da sərf etmir. Çünki düşmən dövlət - Ermənistan onsuz da çöküş mərhələsi yaşayir. Belə davam edərsə, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın siyasi təzyiqləri nəticəsində geri qaytarmaq məcburiyyətində qala bilər. Bu ehtimalın zaman keçdikcə daha inandırıcı görüntülər aldığını nəzərə aldıqda, savaşa əlavə maliyyə xərcləmək Azərbaycan üçün də sərfəli deyil. Yuxarıda sadalanan bütün bu faktorları nəzərə aldıqda, Dağlıq Qarabağda müharibənin başlaya biləcəyi ilə bağlı proqnozlara əhəmiyyət verməmək üçün əsaslar yaranır".
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, heç bir halda ABŞ Qarabağda yeni savaşın alovlanmasına imkan vermək istəməyəcək və hətta irimiqyaslı hərbi əməliyyatlar başlayarsa, tərəfləri sülhə vadar etmə planına əl ata bilər: "Bu müstəvidə yalnız lokal savaşdan söhbət gedə bilər. Bunu Rusiya istəyir. Rusiya ermənilərin əli ilə yeni ərazilərimizi işğal etmək niyyətindədir və lokal savaş bunun tərkib hissəsidir".
Politoloq Tofiq Abbasov dedi ki, əgər Qarabağ müharibəsinin nöqtəsi qoyulmayıbsa, deməli münaqişə istənilən an qaynar fazaya keçə bilər: "Lakin səbəb isə birdir - işğalçı Ermənistanın sülh-siyasi danışıqlar prosesinə əngəllər törətmək. Artıq tam bəllidir ki, ermənilər Amerikada qərar tutmuş güclü diasporun əli ilə Azərbaycanla sülh sazişi bağlamaq niyyətində deyillər. Onların ilk prioriteti 2015-ci ildə Türkiyəni razı salıb qondarma soyqırımı tanıtdırmaq və sonra isə Azərbaycan torpaqlarını birdəfəlik mənimsəmək. Bu isə alınan deyil, çünki ən son və ağır məqamda proseslər əəgər ermənilərin qurduğu strategiya ilə davam tapsa onda Azərbaycan son alternativdən istifadə etməyə məcbur olacaq. Ola bilsin ki, Amerikanın siyasi dairələri bu haqda tam məlumatlıdırlar və bu səəbədən də həmsədr Ceyms Uorlik vaxtaşırı gah mıxaçalır, gah da nala. Lakin onun ermənipərəst meyilləri artıq heç kəs üçün sirr deyil. Odur ki, pərdəarxası Vaşinqton rəsmiləri ermənilərə siyasi dəstək həm vəd edirlər, həm də vədlərinə əməl edirlər. Bu məqamdan da irəli gələn qənaət ondan ibarətdir ki, Ağ evdə, Amerika elitası sıralarında bünüy bu məqamlardan məlumatlıdırlar...".
"Region" Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev bildirib ki, bu hesabatın Azərbaycanla bağlı hissəsi tam yanlışdır: "1) 2015-ci ildə Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək və Azərbaycan hakimiyyəti müharibənin başlamasında maraqlı ola bilməz. Ermənistan isə, zatən müharibədə maraqlı deyil və status-kvonun saxlanması üçün özünü lezvalayır. Növbəti 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası və Kuboku keçiriləcək. 2017-ci ildə İslam Ölkələrinin Həmrəylik oyunu və s. Digər tərəfdən, indiki müharibələrin taleyini əvvəldən müəyyən etmək mümkün deyil.
2) Rusiya faktorunu unutmaq olmaz. Bu ölkə Dağlıq-Qarabağda müharibənin başlanmasına və Azərbaycanın da uduzmasına onda çalışa bilər ki, Azərbaycan Rusiya maraqlarını nəzərə almaqdan tamam imtina etsin. Türkiyə də müharibənin başlanmasında maraqlı deyil və çətin ki, belə olan halda Azərbaycanı cani-dildən müdafiə edə bilsin. Türkiyə müharibə istəmir.
3) ABŞ və Avropa Birliyi müharibənin olmaması üçün bütün resurslarını işə salırlar. Müharibənin başlanması Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə ziddir. Əslində, bu Azərbaycana daha çox lazımdır. Çünki, Azərbaycan Avropa Birliyinin enerji təhülkəsizliyinin təminatında cüzi rol alır və alacaq".
Politoloq Vəfa Quluzadə isə deyir ki, Rusiyanın çökməsi Qarabağ məsələsinin həlli və Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnəcək: "Rusiya müharibə nəticəsində çökdürülmür, yaxud nüvə silahı ilə vurub Rusiyanı yandırmayacaqlar. Rusiyadakı mütərəqqi qüvvələr görəndə ki, artıq bu rejim rus xalqına bədbəxtçilikdən başqa heç nə vermir, o halda rejim dəyişə bilər. Əgər liberal rejim dəyişsə, onda sözsüz ki, həm rus xalqına, həm də region xalqlarına böyük xeyri dəyə bilər.. Hər gün də müharibə təhlükəsi və bu müharibədə Rusiyanın iştirakı məsələsi var".

Əli