“Dünya təcrübəsini nəzərə almalıyıq” Siyasət

“Dünya təcrübəsini nəzərə almalıyıq”

Qüdrət Həsənquliyev: “Şəhərin daxili ilə magistral yolları eyni tutmaq doğru deyil”

“...ADA Universitetinin qarşısında yerləşən parkdakı keçiddə həmişə problemlər olurdu. Biz gördük ki, orada artıq piyada keçidi üçün işıqfor quraşdırılıb. Tək orada yox, şəhərin bir neçə yerində. Müşahidə apardığım digər yerlərdə də işıqforlar quraşdırılıb. Buna görə də Kamal müəllim bizim minnətdarlıq və təşəkkürümüzü müvafiq orqanlara çatdırsın ki, belə operativ formada tənqidə və təkliflərə münasibət bildiriblər”.
Bu fikirləri Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, ikinci bir məsələ daha doğru və mütərəqqi haldır ki, avtoxuliqanlığı özündə ehtiva edən inzibati xətalar, yəni hərəkətlər haqqında qanunvericiliyə dəqiq müddəalar daxil edirik: “Burada da qeyd edilir ki, əgər sürət həddi yollarda 60 kilometr saatı aşırsa, o zaman həmin şəxs hətta 2 aya qədər inzibati qaydada həbs oluna bilər. Həmkarlarımın diqqətinə bir məqamı da çatdırmaq istəyirəm: Biz bilirik ki, Azərbaycanda müasir yollar çəkilib, bir çox hallarda qarşıdan gələn zolaqlarla hərəkət istiqaməti beton sütunlarla bir-birindən ayrılıb. Təhlükəsizlik baxımından bunu da qiymətləndirmək lazımdır. Əgər 110 kilometr saat sürət həddi qoyulubsa və avtomobul saatda 170 kilometr sürətlə sürülürsə, açıq qeyd eləməliyik ki, bunun ictimai təhlükəlilik dərəcəsi şəhərin daxilində 60 kilometr saat sürət həddinin artırılması ilə müqayisədə daha azdır. Şəhərin içərisində 60 kilometr yuxarı sürət həddidir və burada 120 kilometr saat sürətlə kimsə hərəkət edirsə, bunun hansı ağır nəticələrə səbəb olacağı bəllidir.
Magistral yollarda sürətin saatda 120 kilometrin aşılması zamanı sürücü yalnız özünə ziyan vura bilər, nəinki başqalarına. Ona görə mən təklif etmişdim və Kamal Cəfərov da sağ olsun ki, bu məsələni müvafiq orqanların diqqətinə çatdırıb. Amma bunu nə üçün nəzərə almayıblar, bilmirəm.
Şəhərin daxilində əgər 60 kilometr saat yuxarı həddirsə, şəxs 100 kilometr saat sürətlə hərəkət edirsə, əlbəttə o avtoxuliqandır və ona görə də o inzibati məsuliyyətə cəlb edilməli və avtoxuliqan kimi həbs olunmalıdır.
Yəni mənim təklifimin mahiyyətində o dururdu ki, şəhərin daxili ilə magistral yolları eyni tutmaq doğru deyil. Dünyanın heç bir yerində bu belə deyil. Hətta bir çox ölkələrdə məktəblərin qarşısındakı yollarda sürət həddi – baxmayaraq ki, şəhər daxilində 60 kilometr saatdır - iki dəfə endirilir. Dünya təcrübəsi var və biz gərək bunları nəzərə alaq. Şəhər daxilində sürət həddi 40 kilometr saat aşılırsa, bu artıq avtoxuliqanlıq kimi qiymətləndirilməlidir”.

Əli Zülfüqaroğlu