Azərbaycan və Türkiyə prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər Siyasət

Azərbaycan və Türkiyə prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

İlham Əliyev: "24 apreldə Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik"

Rəcəb Tayyib Ərdoğan: "Görünən odur ki, ATƏT-in Minsk qrupu "üçlüyü" təəssüf ki, hələ də qərarlı addım atmayıb və problem "yolavermə taktikası" ilə uzadılır"

Dünən Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimizin enerji və nəqliyyat sahələrində birgə həyata keçirdiyi qlobal layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. Söhbət zamanı Türkiyənin "Böyük 20-liyin" növbəti görüşünə ev sahibliyi etməsinin önəmindən danışılıb.
Prezident İlham Əliyev həmin tədbirə dəvətə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib, bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin nümunəsi kimi dəyərləndirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd edilib. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsilə bağlı mövcud duruma diqqət çəkib. Dövlət başçısı deyib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: "BMT Təhlükəsizlik Şurası – dünyanın ən üst qurumu Ermənistanın işğalçı qüvvələrinin bu torpaqlardan çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, bu qətnamələr icra edilmir. Bu onu göstərir ki, Ermənistan sülh istəmir".
İlham Əliyev bildirib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edildi: "Bir daha cənab Prezidentə minnətdarlığımı bildirdim ki, Türkiyənin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə bu məsələdə ədaləti, haqqı, beynəlxalq hüququ, öz qardaşlarını dəstəkləyir".
Dövlət başçısı qeyd edib ki, əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işlərdə heç bir nəticə hasil edə bilmir: "Fəaliyyət var, ancaq əfsuslar olsun ki, nəticə yoxdur. Keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunurdu. Ancaq Ermənistanın təxribat xarakterli addımları, xüsusilə, noyabr ayında işğal edilmiş torpaqlarda – Ağdam rayonu ərazisində genişmiqyaslı təlimlərin keçirilməsi və Azərbaycanın mövqelərinə hücum etməsi, əlbəttə ki, Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu. Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmədi. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər".
İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək: "Biz buna nail olmaq üçün daha da güclü olmalıyıq. Bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya miqyasında önəmli bir faktordur. Bu faktoru heç kim inkar edə bilməz".
Azərbaycan prezidenti vurğulayıb ki, Strateji Əməkdaşlıq Şurasının 4-cü toplantısında müzakirə olunan məsələlər və bu məsələlərin həlli Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini daha da yüksək pilləyə qaldıracaq.
Prezidentin sözlərinə görə, bu gün imzalanan birgə bəyanatda da Türkiyə-Azərbaycan əlaqələrinin əvvəlki dövrü, görülən işlər və görüləcək işlər öz əksini tapıb: "Bizim əlaqələrimiz tarixi köklərə, xalqlarımızın qardaşlığına söykənir və bu gün bu əlaqələr dünyada ən yaxın əlaqələrdir. Bu gün dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə bağlı, yaxın olan ikinci ölkələr yoxdur. Bu birliyi təsdiqləyən bir çox məqamlar var. Onlardan biri də, əziz qardaşımın dediyi kimi, Türkiyənin Azərbaycanı G-20-yə dəvət etməsidir. Bu bizim üçün böyük şərəfdir. İlk növbədə ona görə ki, bu dəvət Türkiyədən gəlmişdir və həm Türkiyə və Azərbaycan xalqlarına, həm də bütün dünya xalqlarına bir daha göstərir ki, biz bir-birimizə nə qədər yaxınıq, bir-birimizə nə qədər bağlıyıq. Bu dəvətə və Azərbaycana göstərdiyiniz bu diqqətə görə, əziz qardaşım, şəxsən sizə minnətdaram. Əminəm ki, bundan sonra da Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri uğurla davam etdiriləcəkdir. Eyni zamanda, 24 apreldə Çanaqqala zəfərini də birlikdə qeyd edəcəyik və bu tarixin seçilməsinə görə də öz adımdan və bütün Azərbaycan xalqı adından sizə çox minnətdaram. Bu tarixin seçilməsi çox müdrik bir addımdır. Əminəm ki, bizim xalqlarımız bunu layiqincə qiymətləndirəcəklər. O ki qaldı bugünkü toplantıya, əziz qardaşımın qeyd etdiyi kimi, bir çox məsələlər müzakirə edildi, qərarlar verildi, nazirlər öz aralarında görüşlər keçirdilər. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha da yaxın edəcək".
Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq genişlənir: "Biz Türkiyədən çoxlu silah-sursat alırıq. Eyni zamanda, Azərbaycanda birgə müdafiə sənayesi məhsullarının istehsalı haqqında da bu gün fikir mübadiləsi aparıldı. Biz Türkiyənin böyük uğurlarına sevinirik. Türkiyə bu gün dünya miqyasında bir güc mərkəzidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaq. Bizim gücümüz, əlbəttə ki, siyasi gücdür, iqtisadi və hərbi gücümüzdür. Ona görə də müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlarımız var. Qeyd etməliyəm ki, Azərbaycanda bir neçə gün ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimləri keçirilmişdir. Bu təlimlər bundan sonra mütəmadi qaydada keçiriləcəkdir".
İlham Əliyev vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan birliyi, əməkdaşlığı dünya çapında önəmli bir faktordur və bu faktoru heç kim inkar edə bilməz: "Ən böhranlı illərdə belə, Türkiyə və Azərbaycan inkişaf edirlər. İnsanların rifah halı yaxşılaşır, dünya miqyasında bizim rolumuz artır, beynəlxalaq mövqelərimiz möhkəmlənir. Bu onu deməyə əsas verir ki, gələcək illərdə Türkiyə və Azərbaycan inkişaf edəcəklər və biz daha böyük tərəqqi görəcəyik".
İlham Əliyev bildirib ki, iki ölkə arasında iqtisadi sahədə gözəl əməkdaşlıq var: "Bu gün Strateji Əməkdaşlıq Şurasının iclasında rəqəmlər səsləndi. Son illərdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana milyardlarla dollar sərmayə qoyulmuşdur. 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq".
Dövlət başçısı qeyd edib ki, Türkiyə şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər və 10 milyard dollar həcmində layihələr icra ediblər: "Əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcək və burada biz artıq çoxtərəfli əməkdaşlığa qədəm qoyuruq. Burada Türkiyə, Azərbaycan, Gürcüstan və Cənub Qaz Dəhlizinin digər üzvləri fəal birgə fəaliyyət göstərməlidirlər. Gələn ay Bakıda Cənub Qaz Dəhlizinin 1-ci Məşvərət Şurası keçiriləcək. Şuranın iclasında bu layihənin icrası ilə bağlı konkret dəqiq tövsiyələr veriləcək".
Prezident deyib ki, Cənub Qaz Dəhlizinin təməli İstanbulda təxminən 3 il bundan əvvəl qoyulub: "Əziz qardaşımla biz TANAP layihəsinə imza atdıq və TANAP layihəsi əslində Cənub Qaz Dəhlizinin bel sütunudur, yəni təməlidir. Beləliklə, bizim qəbul etdiyimiz qərar bu gün dünyanın çox böyük layihəsinə çevrilmişdir. Cənub Qaz Dəhlizi və "Şahdəniz" yatağının işlənməsi hazırda ən böyük infrastruktur layihəsidir. Bu layihəyə ümumilikdə 45 milyard dollar sərmayə qoyulacaqdır".
Dövlət başçısı daha sonra bildirib: "Digər məsələlərə gəldikdə qeyd etməliyəm ki, həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm də digər layihələr vaxtlı-vaxtında icra ediləcək və bu gün müzakirə olunan hər bir məsələ özlüyündə nəhəng, böyük bir layihədir. TANAP, Bakı-Tbilisi-Qars və digər layihələr strateji əhəmiyyətə malikdir və burada Türkiyə və Azərbaycan aparıcı rol oynayırlar. Əminəm ki, bütün bu layihələr vaxtlı-vaxtında icra ediləcək. Bu il Türkiyədə bir neçə tədbir olacaqdır - Çanaqqala tədbiri, TANAP layihəsinin icrası ilə bağlı tədbir və digər tədbirlər. Yəni ki, Allah nəsib edərsə, bu il biz Türkiyədə tez-tez olacağıq. Əziz qardaşımı, təbii ki, Azərbaycana bir daha dəvət edirəm. Bizim görüşlərimiz tez-tez keçirilir və bu görüşlər xalqlarımızı daha da birləşdirir, ölkələrimizi birləşdirir və Türkiyə-Azərbaycan gücünü daha da artırır".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli edilməsinə dair aparılan danışıqlardakı son vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edib: "Görünən odur ki, ATƏT-in Minsk qrupu "üçlüyü" təəssüf ki, hələ də qərarlı addım atmayıb və problem "yolavermə taktikası" ilə uzadılır".
R.T.Ərdoğan bildirib ki, bununla bağlı beynəlxalq qərarların verilməsinə baxmayaraq, münaqişənin həllinin hələ də "yolavermə taktikası" ilə uzadılması üzücüdür: "Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsi məsələsində Azərbaycana dəstəyimiz bundan sonra da eyni qərarlılıqla davam edəcək. Son dərəcə həssas olduğumuz, hər fürsətdə də dilə gətirdiyimiz bu mövzu ilə bağlı Türkiyə olaraq mövqeyimiz qətidir. Görüşümüzdə bunları da müzakirə etdik. Geriyə addım atmağımız da əsla mümkün deyil!"
Ərdoğan iqtisadi münasibətlər barədə danışarkən deyib ki, Türkiyə və Azərbaycan 2023-cü ilədək əmtəə dövriyyəsini 15 milyard dollaradək artırmaq niyyətindədirlər və iki ölkə bunu etməyə qadirdir.
Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir: "Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərdə enerji layihələrinə xüsusi əhəmiyyət verilir".
Dövlət başçısı qeyd edib ki, tərəflərin həyata keçirdikləri qlobal layihələrdən biri Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsidir: "TANAP layihəsinin həyata keçirməklə dünyada Azərbaycan və Türkiyənin strateji rolu artacaq".
R.T.Ərdoğan ölkələrin reallaşdırdıqları digər mühüm layihə kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu magistralının tikintisini qeyd edib.
O, əlavə edib ki, BTQ magistralı bu il istismara veriləcək: "Göstərilən layihələrlə yanaşı, tərəflər bir sıra strateji layihələri, məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəmərini də reallaşdırıblar".