“Türkiyənin Ermənistan siyasətində heç bir dəyişiklik yoxdur” Siyasət

“Türkiyənin Ermənistan siyasətində heç bir dəyişiklik yoxdur”

"Atlas" Araşdırmalar Mərkəzi: "Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənir"

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına dövlət səfəri başa çatıb. Ekspertlərin fikrincə səfər iki ölkə arasındakı münasibətləri daha da yaxşılaşdıracaq.
Politoloq Arzu Nağıyev bildirib ki, bir sıra iqtisadi və siyasi razılaşmalarla yanaşı bu səfərin ən diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin də müdrik addım olduğunu qeyd etdiyi Çanaqqala qələbəsinin 100 illiyi ilə bağlı tədbirə dəvət oldu: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirdi ki, Türkiyə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyini qeyd edəcək və həmin gün Türkiyəyə bir sıra ölkələrin dövlət başçıları və Azərbaycan Prezidenti də dəvətlidir. Məlumdur ki, Ermənistan aprelin 24-də qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır və bununla bağlı bir sıra dövlət başçılarına ağlaşma, gözyaşı dolu dəvətlər göndərir və havadarları vasitəsilə şərtlər qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Çanaqqala savaşının yüzilliyində iştirakı ilə bağlı dəvət isə bir daha göstərir ki, Türkiyənin Ermənistan siyasətində heç bir ciddi dəyişiklik yoxdur. Tarixə nəzər salanda görünür ki, bu döyüş 18 mart 1915 – 9 yanvar 1916-cı illəri əhatə edib. Məhz ermənilərin dünyaya hay-küy saldıqları "soyqırım" da həmin ərəfənin qondarma tarixinə təsadüf edir. 24 aprel 2015-ci ildə ermənilər "100 illik yubiley" keçirməklə özlərinin yazıq və məzlum xalq olduqlarını və bunun müqabilində "soyqırım"ın tanınmasında əsas məqsəd kimi maddi kompensasiya və digər yardımlar almaq marağı güdürlərsə, digərləri şəhidlərinin ruhu qarşısında baş əyirlər. Məlumdur ki, Çanaqqala döyüşü Osmanlı Dövləti ilə Antanta Dövlətləri, o cümlədən Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa, Almaniya imperiyası, Avstriya-Macarıstan imperiyası arasında baş verən dəniz və quru döyüşüdür".
Onun sözlərinə görə, avropalılar zəif hesab etdikləri Osmanlı dövlətini Dardanel və Bosfor boğazlarından bir hücumla qovacaqlarını düşünürdülər: "Qələbə qazanacaqları təqdirdə Süveyş Kanalı vasitəsilə İngiltərənin Uzaq Şərq nəqliyyat yolunu təmin etmiş olacaqdılar. Rusiya ilə Qaradəniz üzərindən dəniz nəqliyyatının açılması, boğazların ələ keçirilməsi ingilis və fransız firmaları üçün böyük gəlirlər gətirəcəkdi. Lakin buna nail ola bilmədilər. Əsrlər boyu bu boğazları heç bir xarici qoşunlar ələ keçirə bilməmişdi. Türk ordusu böyük itkilərə məruz qalsa da, düşmənə bir qarış belə torpaq və su vermədi. Döyüşlərdə Avstraliya 28150 nəfər, Fransa 27000, Yeni Zellandiya 7553, Böyük Britaniya 73485, Hindistan 4779, İttifaq dövlətləri 141109, türklər 251000 nəfər itki veriblər. Maraqlıdır ki, türk ordusunun tərkibində azərbaycanlılar da vuruşub və ilkin hesablamalara görə 10 minə yaxın itki veriblər. Həmin şəxslərin 3 min nəfərə yaxını haqqında tarixi sənədlər mövcuddur. 18 mart Çanaqqala Şəhidlərini Anma Günü elan edilib. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılıb. Buna baxmayaraq, hər il milyonlarla şəxs dünyanın hər bir guşəsindən Çanaqqalanı ziyarətə gəlir, 100 hektarlarla ərazisi olan təbii məzarlıqları, orada əbədi uyuyan öz zamanının və ömürlük qəhrəmanların ruhu qarşısında baş əyirlər, burada məğlublar və qaliblər, daha doğrusu onların nəvə-nəticələri bir araya gəlirlər. Bu məzarlıqlarda hər metrdə 7-8 insan nəşi var, səngərlərin bir-birinə 7 metrəyə qədər yaxın olmaları bu insanların hansı dövlətlərə mənsub olduqlarını belə ayırd etməyə imkan vermir. Hamı fəxarət hissi keçirir və qürur hissi duyur. Əlbəttə ki, qalib tərəf bunu daha çox duyur, hiss edir. Heç kim bunun soyqırım və ya qətliam olduğunu dilinə belə gətirmir".
"Atlas" Araşdırmalar Mərkəzinin şərhində isə Azərbaycan prezidentinin Türkiyəyə səfərinə ehtiyac olduğu vurğulanır: "Bu səfərə ehtiyac var idi. Çünki iki ölkənin liderlərinin sonuncu görüşündən sonra Azərbaycan-Türkiyə münasibətlərində bir neçə aktual məsələ var idi ki, onlar barədə müzakirə aparılmalıydı. Birincisi, bu Bakı-Tiflis-Qars layihəsidir. Bu layihənin icrası gecikir. Dəmiryolunun tikintisi Azərbaycan və Gürcüstanda başa çatıb, gecikməyə səbəb Türkiyədə işlərin ləngiməsidir. Rəsmi Bakı isə bu layihəni qısa müddətdə istifadəyə verməyə çalışır. Çünki, layihə işə düşdükdən sonra Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq. Digər tərəfdən Bakı yaxınlığında - Ələtdə tikilən dəniz limanı vasitəsilə Çin və Mərkəzi Asiya malları Bakı-Tiflis-Qars dəmir yolu üzərindən Avropaya daşınacaq. Həmçinin, Azərbaycan bu layihə vasitəsilə Ermənistanın blokadasını gücləndirmək və bu ölkəyə qarşı təzyiqi artırmaq imkanı qazanacaq. Buna görə də Əlivev Ərdoğanla Bakı-Tiflis-Qars məsələsini müzakirə etmək istəyirdi. İlham Əliyev Rəcəb Təyyub Ərdoğanla birgə mətbuat konfransında belə bir ifadə işlətdi: "Bakı-Tiflis-Qars dəmir yolu layihəsi strateji əhəmiyyətə malikdir və əminəm ki, bu layihə vaxtlı-vaxtında icra ediləcək". Bu Bakının Ankaraya növbəti mesajıdır ki, Türkiyə tərəfi tikintini sürətləndirsin. Ərdoğanın cavabı isə belə oldu ki, ilin sonuna qədər dəmir yolu hazır olacaq. Halbuki, rəsmi Bakı layihəni ilin başlanğıcında istifadəyə verməyə çalışırdı. İkincisi, Türkiyə bu il G-20 sammitinə ev sahibliyi edəcək. Ankara ev sahibliyi statusundan istifadə edərək bu tədbirə Azərbaycan prezidentini də dəvət edib. Bu dəvət Ankarada İlham Əliyevin diqqətinə şəxsən çatdırıldı. İlham Əliyevin G-20 zirvəsinə dəvəti həm Türkiyə-Azərbaycan strateji münasibətlərinin keyfiyyətindən xəbər verir, həm də Azərbaycan prezidenti üçün vacib bildiyi məsələləri böyük dövlətlərin liderlərinin diqqətinə çatdırmaq üçün şərait yaradır.
Üçüncüsü, Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasındakı iqtisadi hədəfləri bir daha təsdiq etdilər: a) Türkiyə şirkətləri Azərbaycanda 10 milyard dollar həcmində layihələr icra edirlər; b) İki ölkə arasında ticarət dövriyyəsinin həcmi indiki 5 milyard ABŞ dolları təşkil edirsə, 2023-cü ildə bu rəqəm 25 milyard dollara çatdırılacaq; v) 2020-ci ilə qədər Türkiyədə Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatacaq". Şərhdə həmçinin bildirilir: "Dördüncüsü, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənir. İlham Əliyev Rəcəb Təyyub Ərdoğanla qapalı müzakirədə böyük ehtimalla hərbi əməkdaşlığın 2015-ci ildə də genişləndirilməsi planını müzakirə edib. Azərbaycan Türkiyədən xeyli silah alır və bu proses genişlənəcək. 2014-cü ildə Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər keçirildi və bu təlimlər bir neçə gün davam etdi. Birgə təlimlər 2015-ci ildə də davam edəcək. Digər tərəfdən iki ölkənin müdafiə sənayesi məshullarının birgə istehsalı artacaq. Beşincisi, Ankarada imzalanan sənədlər arasında bir protokol diqqəti çəkdi. Bu çirkli pulların təmizlənməsi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsindəki əməkdaşlıq protokolu idi. Bu protokol iki səbəbdən vacibdir. Azərbaycan vətəndaşlarının Türkiyə üzərindən Suriya və İraqa gedib terrorçulara qoşulmaları haqqında məlumatlar rəsmi Bakını narahat edir. Azərbaycan hakimiyyət bu cür vətəndaşlar haqqında Türkiyədən dəqiq məlumatlar almaq istəyir. Protokolda Ankaranın da marağı var idi. Çünki, Ərdoğan Fətullah Gülən qrupu ilə mübarizəni davam etdirir. Bu mübarizədə Ərdoğan Əliyevdən dəstək gözləyir. Altıncısı, Ərdoğan Əliyevi əmin etdi ki, Ankaranın Ermənistanla bağlı siyasəti dəyişməyib. Çünki, İlham Əliyevin Ankaraya səfərinə qədər Bakı ehtiyat edirdi ki, Ankara erməni lobbisinin təzyiqini neytrallaşdırmaq üçün aprel ayına qədər Ermənistanla diplomatik münasibətləri bərpa edə bilər. Əksinə, aprel ayında İlham Əliyev yenidən Türkiyədə səfər edəcək və Ərdoğanla birgə "Çanaqqala savaşı"nın yüzilliyində iştirak edəcək. Bu isə bir daha göstərir ki, Ərdoğanın Ermənistan siyasətində dəyişiklik yoxdur".

Əli