“Bu ənənədən imtina etməyin zamanı çatıb” Siyasət

“Bu ənənədən imtina etməyin zamanı çatıb”

Qüdrət Həsənquliyev: “Dövlət orqanları cərimələrin təyin edilməsində maraqlı olmaları üçün şirnikləndirilməməlidir”

“Həmkarlarım həqiqətən də ciddi məsələlərə toxundular. Bu məsələlərlə bağlı mən də zaman-zaman öz mövqeyimi bildirmişəm. Azərbaycanda 8 istintaq orqanı var. Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin və s. O zaman gərək biz qanunlara dəyişiklik edək və bu qurumların da istintaq orqanlarına bu güzəştləri nəzərdə tutaq”.
Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili bildirib ki, bundan başqa Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsinə prokurorluq orqanlarının xüsusi yeri var: “Yəni sabah məhkəmələr də belə bir təşəbbüslə çıxış etsələr ki, hansısa cərimələri təyin edirik, amma onun faizi bizə gəlsin, bu hansı nəticələri doğuracaq? Sonra ədalət mühakiməsinin həyata keçirilməsində, yəni mühakimə icraatında vəkillik institunun yeri var. Sabah vəkillər də məsələ qaldırsınlar ki, hansı məsələdə, tutaq ki, bizim mövqeyimiz üstün gəldisə, o məsələ üzrə Vəkillər Kollegiyasına pul köçürülsün. Ümumiyyətlə bundan imtina etmək lazımdır. Söhbət təkcə prokurorluq orqanlarından getmir. Biz dövlət orqanlarını cərimələrin təyin olunmasında maraqlı olmaları üçün şirnikləndirirk. Düşünürəm ki, bu ənənədən imtina etməyin zamanı çatıb. Müzakirə olunan “Prokurorluq orqanlarında qulluq keçmə” haqqında qanunun 5.2-ci maddəsi ilə bağlı onu qeyd etmək istəyirəm ki, prokurorluq orqanlarına qəbul kifayət qədər çətin bir prosesdən keçir. Əvvəlcə test imtahanı verirlər. Test imtahanından sonra yazılı imtahan, sonra isə müsabiqə gəlir. Yəni prokurorluq orqanlarında işə qəbul olunmaq üçün 3 mərhələdən keçirlər. Bundan sonra stajçılıq təyin olunur. Stajçılığı başa vurandan sonra müvafiq vəzifəli şəxs rəy verir ki, bunu sınaq müddətinə işə qəbul edək. İnkişaf etmiş Avropa ölkələrində gənc hüquqşünasları prokurorluq orqanlarına, ümumiyyətlə hüquq mühafizə orqanlarına cəlb eləmək üçün böyük bir iş aparılır. Stimullaşadırırlar ki, onlar prokurorluq, hüquq mühafizə orqanlarında işləsinlər. Biz bu prosesi çox çətinləşdirmişik. Bunlara bu qədər stress yaşatmaq nəyə lazımdır? Test imtahanını verən daha çox bal toplamış 10 nəfər şəxs, vakant yer varsa işə qəbul olunur. 6 ay sınaq müddəti təyin edilir və bundan sonra da işə götürülür. Mən istəyirəm ki, biz, qanunvericilik təşəbbüsü ilə çıxış etmiş oraqanla iş aparaq. Həqiqətən də öz insanlarımızı, öz gənclərimizi bu qədər incitməyin mənası yoxdur. Düzdür burada işə qəbul müəyyən qədər sadələşdirilir, staj müddəti 1 ildən 6 aya, sınaq müddəti isə 6 aydan 3 aya endirilir. Bunun özü də çox mütərəqqi addımdır. Ona görə də, mən buna səs verəcəyəm. Amma növbəti oxunuşlara qədər biz bu məsələləri müzakirə eləməliyik və qəbul prosesini daha çox sadələşdirməliyik. Ümumiyyətlə, dövlət qulluğuna qəbul da sadələşdirilməlidir. Yəni test imtahanı verən şəxs işə qəbul olunmalıdır. Ondan sonrakı mərhələlər süni əngəllərdir, sui-istifadə üçün imkanlar yaradır. Düşünürəm ki, bu da insanlarımızı, xüsusilə də gənclərimizi incidir. Buna görə də, islahatlar bu istiqamətdə də davam etməlidir”.

Əli Zülfüqaroğlu