“İqtidar-müxalifət dialoqu təqdirəlayiqdir” Siyasət

“İqtidar-müxalifət dialoqu təqdirəlayiqdir”

Xəzər Teyyublu: "Grüşdə hər hansısa nöqsan axtarmaq heç cür qəbul edilə bilməz"

Yusif Bağırzadə: "Bu, ölkədə milli həmrəyliyə nail olunması istiqamətində ciddi hadisədir"

İqtidar-müxalifət dialoqu baş tutsa da, bu mövzuda müzakirələr və mübahisələr davam edir. Radikal müxalifət partiyaları, xüsusuilə AXCP bunu hakimiyyətin oyunu adlandırmaqla yanaşı görüşə qatılanları sərt tənqid edir.
Müsavat Partiyasının başqanı Arif Hacılı "Müsavat Partiyasının irəli sürdüyü təkliflər hakimiyyət tərəfindən qəbul olunacaqsa, təbii ki, Müsavat Partiyası əvvəllər də irəli sürdüyü dialoq tərəfdarı olması barədə mövqeyinə sadiq qalacaq və qeyd olunan məsələlər əvvəldən razılaşdırılacağı halda iqtidar-müxalifət dialoqu prosesində iştirak edəcək",-deyə bildirib. Arif Hacılı Müsavat Partiyasının bu görüşlərlə bağlı təkliflərini də səsləndirib: "Ümumiyyətlə, Prezident Administrasiyasının siyasi partiyalarla təmas qurmaq təşəbbüslərini müsbət dəyərləndirirəm. Bu görüşlərdə müzakirə olunacaq məsələlərin əvvəldən müəyyənləşdirilməsi təklifi bizə məxsusdur. Eyni zamanda, biz istərdik ki, bu görüşlərin formal xarakter daşımaması üçün müzakirə olunacaq məsələlərlə yanaşı, orda iştirak edəcək siyasi qurumların formatı da əvvəlcədən müəyyənləşdirilsin və Azərbaycanın əsas müxalifət qüvvələri ilə razılaşdırılsın. Yalnız bu şəkildə təşkil olunmuş müzakirələrin cəmiyyət üçün real nəticələri ola bilər".
Müsavat başqanı Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri tərəfindən qınaq obyekti olmamaq üçün bu görüşə qatılmadıqları barədə fikirlərə də münasibət bildirib: "Müsavat Partiyası öz proqramına, Nizamnaməsinə uyğun olaraq, öz hədəfləri uğrunda mübarizə aparır. Biz bütün qərarlarımızı Müsavat Partiyasının müvafiq strukturlarında qəbul edərək fəaliyyət göstəririk".
"Müxalifət partiyalarının Azərbaycan iqtidarı ilə eyni masa arxasında əyləşməsi və müzakirələr aparması Azərbaycan dövlətçiliyi üçün çox müsbət haldır". Bu sözləri isə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu iqtidar-müxalifət partiyaları arasında aparılan dialoqla bağlı həmin müzakirələrdə iştirak etməyən digər müxalifət partiyalarının irəli sürdükləri ittihamları cavablandırarkən deyib. Onun sözlərinə görə, bütün mərhələlərdə qəbul edilmiş normalar bu cürdür ki, Azərbaycan hamımızındır, hər birimiz bu diyarın vətəndaşıyıq və Azərbaycanın gələcəyi ilə bağlı olan bütün məsələlər hər birimizin siyasi marağında olan məsələlərdir: "Siyasi dönəm baxımından bu cür halların baş verməsi normal sayılmalıdır. İqtidarla müxalifətin müəyyən məsələlərlə bağlı müzakirə aparması çox təqdirəlayiq haldır və bu görüşdə hər hansısa nöqsan axtarmaq heç cür qəbul edilə bilməz". KXCP rəsmisi dialoqda iştirak etməyən, eyni zamanda oradakı partiyaları ittiham edən digər müxalifət partiyalarına sual ünvanlayıb: "Bir çox məsələlərin həlli üçün müxalifət partiyalarının iqtidarla görüşünün nəyi pisdir ki? Mən düşünürəm ki, bu məsələ ətrafında fərqli mövqe nümayiş etdirmək yalnışlıqdır. Fikrimcə, bu cür görüşlər müntəzəm olaraq keçirilməlidir. Keçirilən ilk görüşdən sonra belə, bir sıra problemlərin həlli ilə bağlı irəliləyişlər əldə olundu. Dövlətçilik baxımından bu cür dialoqların keçirilməsi vacib və lazımlı addımdır. Hər bir siyasi partiyanın özünün nizamnaməsi, siyasi fəaliyyət istiqamətləri var. Heç bir partiya da bu cür görüşlərdə öz istiqamət formalarından kənarda qalmır".
KXCP rəsmisi bu kimi addımların davamlı olmasını və ümumi işin xeyrinə olduğunu deyib: "Bir sözlə, iqtidarla müxalifət arasında keçirilən bu görüş çox normal qarşılanmalıdır və müntəzəm xarakter almalıdır. Orada iştirak etməyən bəzi siyasi partiyalar da ümid edirəm ki, növbəti mərhələlərdə bu dialoqlara qoşulacaqlar".
KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirib ki, görüşdə lazım olan məsələləri qaldırıblar və müzakirə aparıblar: "Nəticədən danışmaq hələ tezdir. Gələcəkdə daha geniş formatda görüş keçiriləcək. Orada bu məsələlər bir daha müzakirə olunacaq".
Görüşdə iştirak edən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də bildirib ki, görüşü faydalı saymaq olar: "Görüşün keçirilməsinin özünü müsbət qiymətləndirmək lazımdır. Vacib hesab etdiyimiz məsələləri qaldırdıq. Bildirdik ki, növbəti görüşlərdə digər siyasi partiyaların iştirakı təmin edilsin. Bununla bağlı razılıq ifadə olundu. Bütün hallarda dialoq müsbət haldır".
Sayca ikinci iqtidar-müxalifət görüşünün nəticələrini AMİP sədri Yusif Bağırzadə də şərh edib və deyib ki, bu görüşün keçirilməsini müsbət qiymətləndirir. Onun fikrincə, bu, ölkədə milli həmrəyliyə nail olunması istiqamətində ciddi hadisədir: "Bildiyiniz kimi görüşün təşşəbüsü Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tərəfindən gəlib. Hesab edirəm ki, buna pozitiv siqnal kimi baxmaq lazımdır. Birincisi, bu o deməkdir ki, dövlətin siyasi partiyalara marağı artacaq. Yəni siyasi partiyalar artıq gündəmə gəlir. İkincisi, bu görüşdən sonra ictimaiyyətdə siyasi partiyalara olan münasibət kökündən dəyişəcək. Nəzərə almalıyıq ki, indiyə qədər siyasi partiyalara münasibət birmənalı deyildi. Üçüncüsü, siyasi partiyalar məsələsi gündəmə gəldikdən sonra başqa dövlətlər və mərkəzlər tərəfindən idarə olunan başıpozuq qüvvələr siyasi gündəmdən çıxacaq. Mən qeyd etməliyəm ki, bəzi QHT-lər var ki, onlar bu gün də Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər və həm də xarici dövlətlərdən, təşkilatlardan maliyyə dəstəyi alırlar. Fikrimcə, ölkə daxilində siyasi qüvvələr arasında sivil münasibətlərin yaranması bu cür qüvvələrin qarşısını alacaq. Ən əsası odur ki, bu dialoq səmərəli olaraq davam etsə gələcəkdə keçiriləcək parlament seçkilərində şəffaflığın təmin olunmasına, seçkidə iştirak edən qüvvələrin məğlub və ya qalib gəlməsindən asılı olmayaraq tərəflər bir-birini qəbul etməsini şərtləndirəcək. Ən əsası odur ki, bu institutların təkmilləşdirilməsi prosesi gedəcək. Bu gün Azərbaycanda siyasi partiya institutlarının təkmilləşdirilməsinə ehtiyac var. Bundan başqa da, Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara diqqət olmalıdır. Mən ölkənin müstəqilliyindən bu yana fəaliyyət göstərən partiyalara da diqqətin göstərilməsini, onlara maddi yardımın edilməsini nəzərdə tuturam. Yəni maliyyələşmə məsələsinə də baxılmalıdır". AMİP sədri deyib ki, dialoq zamanı bir neçə təklif irəli sürüb: "Görüş zamanı proporsional seçki sisteminin bərpa olunması haqda danışdım. Mən hesab edirəm ki, bu sistemin bərpa olunmasına çalışmaq lazımdır. Çünki "Siyasi partiyalar haqqında" qanuna edilən son dəyişikliklər birbaşa proporsional seçki sisteminə hesablanan dəyişikliklərdir. Təklif etdim ki, Əli Həsənovun rəbərliyi ilə imkan daxilində partiyaların ofisləri ziyarət olunsun, iş rejimi ilə tanışlıq olunsun. Hər halda bir daha qeyd edirəm ki, görüş uğurlu və səmərəli keçdir. Daha sonra təklif etdim ki, imkan daxilində belə görüşlərin biri də, cənab prezidentin iştirakı ilə keçirilsin". AMİP sədri vurğulayıb ki, görüşdə iştirak edən partiyalar bundan sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə təkliflər verəcək: " Şöbədə təkliflər ümumiləşdirildikdən sonra konkret müzakirə ediləcək məsələlər siyasi partiyalara göndəriləcək. Mən görüşdən razı qaldım. Hesab edirəm ki, format normal idi və mən bunu yüksək qiymətləndirirəm".
Azərbaycan Demorkat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, görüşün təkrarlanması çox ciddi faktdır, bu, onu göstərir ki, artıq proses başlayıb: "Bir görüşün olması heç nə deməkdir, amma bir-birilə əlaqəli iki görüş artıq proses deməkdir. Görüşdə əsas iki predmet də müəyyən olundu. Birincisi, format məsələsi – kimlər bu görüşdə iştirak edə bilər, ikincisi, hansı məsələlər burada müzakirə olunmalıdır. Bu, çox ciddi məsələdir. Üçüncüsü isə, bütünlükdə bu görüşlər onu göstərir ki, artıq iqtidarla müxalifət arasında anlaşma hiss olunur. Məsələn, indiyə qədər heç bir məsələdə biz eyni cür düşünməmişik, amma bu görüşdə nə müxalifətin dediyi, nə də iqtidarın təklif etdiyi məsələlərə qarşı tərəf ciddi etiraz etmədi. Bu mənada mən də bu görüşün müstəsna əhəmiyyətinin olduğunu düşünürəm".
Partiya sədri hesab edir ki, əgər bu görüşlər davam edəcəksə, onda Azərbaycanda alternativ yeni demokratik bir proes başlamış olacaq ki, bu da ölkənin demokratikləşməsində müstəsna rol oynayacaq:"Azərbaycan kataklizması inkişafa nail olacaq. Tərəflər səmimi olacaqsa, iqtidar və müxalifətdən bu prosesə müdaxilə edib pozmağa cəhd edənlər olmayacaqsa, bu məsələ tam şəffaf şəkildə davam edəcəksə, mən bu prosesin alternativini görmürəm. Hətta seçkilərin özü belə Azərbaycan xalqına bu görüş qədər xeyir verməyəcək. çünki seçkilərdə qalib və məğlub tərəflər var, amma bu görüşlərdə tərəflər millətin və dövlətin problemlərini həll etməyə çalışırlar".
Görüşdə müzakirə olunmuş mövzulara gəlincə isə, Sərdar Cəlaloğlu vurğulayıb ki, həddindən artıq çox mövzu səsləndi və ona görə də görüşün predmetinin müəyyənləşdirilməsi məsələsi ortaya çıxdı: "Razılığa gəldik ki, Prezident Administrasiyası o görüşdə ən çox səslənən 10 məsələni siyahılaşdırsın və partiyalara göndərsin. Növbəti görüşə qədər biz o məsələlərin hansının müzakirəsini vacib sayırıqsa, onu müəyyən edib, geri göndərək və onun müzakirəsi reallaşsın".

Əli