Aİ Azərbaycanın regionda roluna yüksək qiymət verir Siyasət

Aİ Azərbaycanın regionda roluna yüksək qiymət verir

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində maraqlıdır. Azərbaycan Respublikası xarici siyasətində Qərblə, Avraatlantik strukturlarla əlaqələrin genişləndirilməsi istiqamətində olduqca mühüm işlər həyata keçirib. Avropa İttifaqının özü də Azərbaycanla qurduğu yaxın əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olub. Bu baxımdan da Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin məqaləsində də görünür ki, Aİ Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, bu gün Azərbaycan dövləti regionda yaratdığı yeni reallığın gətirmiş olduğu müsbət dividentlərin və beynəlxalq əlaqələrini hər keçən gün daha da gücləndirməsi fonunda Avropa İttifaqının özü Azərbaycanın regionda malik olduğu rola və əhəmiyyətə yüksək qiymət verir:

“Bəzi sahələrdə tərəflər arasında strateji tərəfdaşlığın təməli qoyulub. Bir çox sahələrdə əməkdaşlığımızın çox ciddi nəticələri mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin dördüncü və sonuncu seqmenti hesab olunan Trans Adriatik Boru Kəmərinin (TAP) 31 dekabr 2020-ci ildə istifadəyə verilməsi ilə faktiki olaraq Azərbaycan Avropanın enerji diversifikasiyasında əhəmiyyətli rola malikdir. Gələcəyə doğru tərəflər arasında “yaşıl enerji”, alternativ enerji sahəsində əməkdaşlıq məsələləri aktiv şəkildə müzakirə olunur.

Koronavirus infeksiyasının yayılması ilə qlobal iqtisadiyyatın və dünya ökələrinin iqtisadiyyatlarının iflic vəziyyətə düşməsinə baxmayaraq dövlətimiz tərəfindən hər sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bu sınaqdan da minimum itkilərlə çıxmağa müvəffəq olaraq, Azərbaycan regionun ən müsbət dinamika vəd edən ölkəsidir. Danılmaz faktdır ki, regionun aparıcı ölkəsi kimi regionla bağlı qəbul edilən qərarlarda Azərbaycanla hesablaşılır, gələcəyə istiqamətlənmiş bütün məsələlər məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla müzakirə edilir. Belə ki, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində Azərbaycan əhəmiyətli rol oynayır”.

Ş.Həsənova vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanı güclü tərəfdaşı olaraq görür: “Avropa İttifaqı komissarının müharibənin nəticələrinin tam qəbul edildiyinə istiqamətlənmiş "postkonflikt" mərhələdən danışması, rəsmi Brüsselin Qarabağın dirçəldilməsi və bundan sonra bölgədə sülhün bərqərar olmasını bildirməsi şübhəsiz ki, cənab Prezident İlham Əliyevin hər incə detalı düşünərək həyata keçirdiyi uğurlu xarici siyasətinin müsbət nəticəsidir.

Atılan addımlar, yürüdülən siyasət nəticəsində Azərbaycan böyük nailiyyət qazanaraq inkişaf etmiş bir çox ölkələri qabaqlayıb və dünyanın aparıcı hesabatlarında adını ilk sıralara salmağı bacarıb. Məsələn, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bütün bu reallıqlar fonunda Avropa İttifaqı Azərbaycana qarşı tamamilə fərqli münasibət nümayiş etdirir. Bu baxımdan da məhz Aİ-nin özü Azərbaycanla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində maraqlıdır. Şərq-Qərb, Şimal-Cənub Dəhlizinin ölkəmizin ərazisindən keçməsi reallığı, logistika və nəqliyyat baxımından olduqca əlverişli məkanda yerləşməyimiz kimi amillər də Azərbaycanın dünya üçün əhəmiyyətini artırır ki, məhz bu faktın özü də Aİ tərəfindən xüsusilə vurğulanır və yüksək dəyərləndirilir”.