"Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatı böyük uğurlar qazanıb" Siyasət

"Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatı böyük uğurlar qazanıb"

Qoşulmama Hərəkatına növbəti 1 il üçün sədrlik Azərbaycanın sədrlik dönəminin uğuru və Hərəkatın prinsiplərinə sədaqətli olmasını göstərir. Bu Hərəkat dövlətlərin siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Rəfail Becanov bildirib.

O, qeyd edib ki, Azərbaycan da müstəqilliyi dövründə hər zaman bu prinsipləri dəstəkləyib: "Ona görə ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür. 120 üzv, 17 müşahidəçi dövlətin və 10 müşahidəçi beynəlxalq təşkilatın təmsil olunduğu belə bir mötəbər qurumda rotasiyanın bir növ dəyişdirilməsi Azərbaycanın apardığı xarici siyasət kursunun uğurudur. Ölkəmiz bu quruma sədrlik etdiyi dönəmdə hərəkatın ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək prinsiplərinə nə qədər sayğılı olduğunu sübut edib. Eyni zamanda bu ölkələr arasında qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək üçün böyük işlər görüb".

R.Becanov onu da qeyd edib ki, rəsmi Bakı dəfələrlə Zirvə görüşləri təşkil edib, dünyanı maraqlandıran bir çox məsələlərin müzakirəsi təşkil edilib. Bütün bunlar göstərir ki, 3 illik sədrlik dönəmində Azərbaycan Qoşulmama Hərəkatına böyük töhfə verib: "Xüsusən koronavirus pandemiyasının yaratdığı ciddi problemlər müzakirə edilib və bu problemləri aradan qaldırmaq üçün dövlətlərin səylərini birləşdirməsi kimi kimi vacib amil gündəmə gətirilib. Müxtəlif formatlarda dialoq mühitinin yaradılması, əməkdaşlıq arealının genişləndirilməsi üçün böyük səylər göstərilib. Hesab edirəm ki, bu uğurlara görə Azərbaycanın sədrliyinin daha 1 il müddətinə artırılması təklifi irəli sürülüb. Yəni Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatı böyük uğurlar qazanıb və səmərəli fəaliyyət göstərib. Azərbaycanın daha bir illik sədrliyi bu uğurların və səmərəli fəaliyyətin davam etdirilməsinə imkan yaradacaq".

Politoloq onu da vurğulayıb ki, Qoşulmama Hərəkatına daxil olan ölkələrin 44 günlük müharibə dövründə bizə olan dəstəyi məlumdur. Bundan əvvəl də Qoşulmama Hərəkatında iki dəfə - 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş maddə qəbul edilib. Həmin maddə münaqişənin Azərbaycan Respublikasının "ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində" həllini nəzərdə tuturdu: "İndi Azərbaycan öz torpaqlarını azad edib, münaqişənin hərbi fazası bitib. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə başlanılıb. Hərəkata daxil olan ölkələr də bu quruculuq işlərinə töhfə verə bilərlər".

Əli Zülfüqaroğlu