“Azərbaycanda bütün azadlıqlar təmin edilib” Siyasət

“Azərbaycanda bütün azadlıqlar təmin edilib”

Prezident İlham Əliyev: "Müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik"

"XX əsrin əvvəlində Rusiya imperiyasının süqutu nəticəsində müsəlman Şərqində ilk demokratik, müstəqil respublika Azərbaycanda yaranıb. İşğal nəticəsində müstəqilliyimizi 70 il itirdik və müstəqilliyimizi yenidən 1991-ci ildə qazandıq. Azərbaycan o zaman daxili gərginlik, iqtisadi çətinlik və Ermənistanın işğalı ilə üzləşmişdi".
Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda siyasi və iqtisadi islahatlara başlanıb: "Siyasi sistem sovet sistemi, iqtisadiyyat isə planlı iqtisadiyyat idi. Siyasi və iqtisadi sistemin transformasiyası vacib idi. 1990-cı illərin ortalarından başlayaraq bu sahədə böyük irəliləyişlərə nail olduq. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma azadlığı təmin edilib, əhalinin 75 faizi internet istifadəçisidir. Biz geniş zolaqlı interneti ölkənin ən ucqar nöqtələrinə belə çəkirik. Biz dərk edirik ki, müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik".
Prezident İlhaç Əliyev Azərbaycan hökumətinin hər zaman ölkə iqtisadiyyatının neft və qazdan asılılığının azaldılmasına çalışdığını bildirib: "Davamlı inkişafı əsas götürmüşük. İqtisadiyyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir".
Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq: "Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. "Qara qızıl"ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir".
Ölkə başçısı deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümumi daxili məhsulun 10 faizi təşkil edir, müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb etmişik.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır: "Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz "Holland sindromu"na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub: "Bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikmişik".