“Artıq Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb” Siyasət

“Artıq Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb”

Siyavuş Novruzov: "Onlar tam deqradasiyaya uğrayıblar"

Əli Əliyev: "Müsavatda baş verən proseslər getdikcə dərinləşəcək"

Rafiq İsmayıl: "Müsavat üzvlərinin xaric edilmə prosesi davam edəcəksə, partiya dərnəyə çevriləcək"

Müsavat Partiyasının rəhbərliyində təmsil olunan şəxslərin partiyadan istefası davam edir. Müsavatın Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərarına etiraz olaraq Adil Qeybulla və İbrahim İbrahimli də bu partiyadan isrefa veriblər. Daha sonra isə Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli Müsavat Partiyasının sıralarından istefa verib. B. Əzizli Vurğun Əyyubun partiyadan xaric olunmasına etiraz əlaməti olaraq bu addımı atdığını deyib: "Vurğun Əyyubun qurultaydan sonrakı bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm".
Qeyd edək ki, B. Əzizli vaxtilə Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri olub.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Müsavat Partiyasına nə əqidə, nə ideya baxımdan inam qalıb: "Onlar tam deqradasiyaya uğrayıblar". O bildirib ki, Müsavat, ümumilikdə digər radikal müxalifət partiyaları da fəaliyyətləri dövründə cəmiyyət üçün maraqlı olan hər hansı bir ideya ortaya qoymadığı üçün zəifləyiblər: "Azərbaycan iqtidarı və hökuməti xalqın problemlərinin həll olunması, ölkənin iqtisadi inkişafı, ölkədə ictimai-siyasi sabitliyin yaranması, sosial problemlərin həll olunması, abadlıq və quruculuq işlərinin aparılması, o cümlədən regionların sosial-iqtisadi inkişafı ilə məşğul olur. Demək olar ki, ortaya çıxan problemlər operativ şəkildə həll olunur. Bu səbəbdən cəmiyyətin digər bir qüvvəyə ehtiyacı qalmır. Təbii ki, o baxımdan da partiyaların fəaliyyəti getdikcə zəifləməlidir. Müsavat daxilində islahatlar aparılmayıb, partiyada daxili demokratiya yoxdur, söz, fikir azadlığına qarşı isə çox kəskin mövqe bildirilir. Hətta üzvlər partiya sıralarından xaric olunur. Eyni zamanda, partiyada saxta seçkilər keçirilir. Bunun nəticəsi olaraq da həmin partiyanın üzvləri bəyanatlar verib istefa edirlər. Rayon təşkilatları isə bütövlükdə istefa verib partiya sıralarında çıxırlar. Partiya rəhbərliyində struktur dəyişikliyi, kadrların hazırlanması, seçkilərdə iştirak, onların önə çəkilməsi əvəzinə, əksinə onları qanuna zidd hərəkətlərə yönədirlər. Köhnədən qalan insanların düşüncəsi elə köhnədir".
Siyavuş Novruzovun fikrincə, süni şəkildə müxalifət yaratmaq olmaz:
"Azərbaycan cəmiyyətində hökumət ilə müsbət ünsiyyətdə olan kifayət qədər müxalif partiyalar var. Hazırda parlamentdə təmsil olunan həmin partiyalar müxtəlif fikirləri, rəyləri, obyektiv tənqidləri, o cümlədən alternativ layihələr irəli sürürlər. Bunun əsasında da müzakirələr aparılır. Görüşdə iştirak etməyən partiyaların perspektivi yoxdur. Hətta həmin partiyaların özlərini belə görüşdə görmək istəməyən kifayət qədər partiyalar var.
İqtidarla ünsiyyətdə olan partiyalar özlərinin əhatəsində kifayət qədər sosial baza toplaya biliblər. Amma digər partiyalar 20-30 ildən qalmış eyni işlər görürlər, eyni fəaliyyət formasında hərəkət edirlər. Ona görə də partiyada heç kim üzvlükdə qalmır. Ən əsası isə gənclər partiyada heç bir perspektiv görmədikləri, onlara meydan verilmədiyi üçün ora üz tutmurlar. Həmin partiyalar gəncləri, ancaq kütləvi aksiyalara, polisə qarşı, vətəndaşların əmlaklarına qarşı zorakılığa səsləyirlər. Nəticə etibarı ilə də gənclər törətdikləri cinayətlərə görə cəza çəkməyə məhkum olurlar. O baxımdan da gənclər görürlər ki, partiyada heç bir perspektiv mövqe yoxdur".
"Müsavatda baş verən proseslər getdikcə dərinləşəcək. Bir daha sübut olundu ki, partiya cəmiyyətə təqdim olunan tarixi Müsavat Partiyası deyil, məhz, İsa Qəmbərin rəhbərlik etdiyi bir təşkilatdır",_ deyən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev qeyd edib ki, Müsavat ideoloji prinsiplərdən daha çox fərdi maraqlara söykən bir komandadır: "Partiyada baş verənlər siyasi proseslərin durğun olmasından irəli gələn bir haldır. Yəni, partiya uzun müddətdir müvəffəqiyyətə qovuşa bilmir. Ona görə də, inkişafdan daha çox daxili mövqe mübarizəsinə üstünlük verilir. Nəsil dəyişikliyi isə baş vermir. İnsanın öz potensialını reallaşdırmaq üçün meydan demək olar ki, mövcud deyil".
Ə.Əliyev bildirib ki, kənardan görünən odur ki, Müsavat Partiyası çox ciddi kadr itkisinə məruz qalıb: "Faktiki olaraq, özünün əsas kadr potensialını itirib və itirməkdə də, təəssüf ki, davam edir. Bu, sevindirici hal deyil. Partiyalarda baş verən proseslər bütövlükdə müxalifət düşərgəsinin qəlibləndiyini göstərir. Bunun isə gələcəkdə nə iləsə uzlaşması şübhə doğurur".
Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl deyib ki, Müsavat üzvlərinin xaric edilmə prosesi davam edəcəksə, partiya dərnəyə çevriləcək. O bildirib ki, partiya rəhbərliyinin addımları yanlışdır: "İndiki olaylar qurultaydan sonra baş verənlərin davamıdır. Hazırkı sistem oturuşmayıb deyə, kimin ağlına nə gəlirsə, onu da edir. İnanmıram ki, partiya rəhbərliyi səhv etdiyini başa düşsün. Belə görünür ki, prosesin davamında onların özlərini qovacaqlar".
Məclis üzvü rəhbərliyin yürütdüyü siyasətlə razı olmasa da, partiyada fəaliyyətini davam etdirəcəyini vurğulayıb: "Mən Müsavat Partiyasına nə Arif Hacılıya, nə də İsa Qəmbərə görə gəlmişəm. Nə də ki, bunların acığına gedəsi deyiləm. Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvlərindən biri olmuşam. Müsavat ideyalarının Azərbaycanda yayılmasına 1960-cı illərdən başlamışıq. Ona görə də kiməsə görə partiyadan gedən deyiləm".
Müsavat Partiyasının Divan üzvü Osman Kazımov isə bildirib ki, nizamnaməni pozanlar bundan sonra da cəzalandırılacaqlar: "Vurğun Əyyub dəfələrlə bildirib ki, partiyanın strukturlarını tanımır. Adamdan soruşarlar ki, strukturlarını tanımadığın partiyada niyə qalırsan? İnsan ilk növbədə özünə hörmət edər. Yalandan deyirlər ki, Vurğun Əyyubun çıxarılması məsələsi partiya rəhbərliyində müzakirə olunub. Yalan deyirlər. Özək təşkilatının qərarından bir gün sonra xəbərimiz olub. 2011-ci ildə onu çıxarmışdılar, amma rayon təşkilatı özəyin qərarını ləğv etdi. 4 il qabaq da ona qarşı qisasçılıq vardı? Vurğun Əyyub və onun tərəfdarlarının müsahibələrinə, açıqlamalarına baxın. Başdan-ayağa təhqiramiz, aşağılayıcı fikirlər işlədirlər. Başqa partiyada bu qədər ərköyünlük edə bilməzdilər. Sən Müsavat Partiyasını tanımırsansa, Müsavat Partiyası da səni tanımır. Kiminsə partiya qarşısında xidmətləri olubsa, bu, o demək deyil ki, istədiyi hərəkəti edə bilər. Bəs, partiyanın nizamnaməsi?"
O.Kazımov qeyd edib ki, V.Əyyub özəyin qərarının ləğvini istəyirsə, Binəqədi rayon təşkilatına müraciət etməlidir, amma o, açıqlamasında rayon təşkilatını tanımadığını deyib: "Özək onu dəvət edib, deyib, xəstədir. Necə olur, Qubad İbadoğlu xəstə olur, Ellada Məmmədli xəstə olur, Vurğun Əyyub xəstə olur, amma ADR-i yaradanda, rayonlarda konfranslar keçirəndə xəstə olmurlar. Heç kəsin şərəfi digərindən üstün deyil. Mənim Müsavat Partiyası qarşısındakı xidmətlərin Vurğun Əyyubun xidmətlərindən heç də az deyil. Onun partiyaya çəkdiyi xərclər mənim çəkdiyim xərclərdən böyük deyil, amma bu günə qədər bu barədə danışmamışam. Aylarla, illərlərlə həbs olunan müsavatçılarla birlikdə həbsxana həyatı yaşamışam. Elə hazırda Qubad İbadoğlunun tərəfini saxlayanları da vaxtikən təmənnasız müdafiə etmişəm. Hamısının halal xoşu olsun. Vurğun Əyyub bunu edibmi?"
O.Kazımova görə, Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinə etiraz olaraq V.Əyyub və digərlərinin nizamnaməni pozması cavabsız qalmayacaq: "Qurultayda Vurğun Əyyubun avtomobilində Qubad İbadoğlunun xeyrinə səslər yazılırdı. Bizdə bunun fotosu da var. Amma müəyyən səbəblərə görə, bunu ictimaiyyətə açıqlamadıq. Özünə hörmət edən partiya Vurğun Əyyub kimi insanlarla yolunu çoxdan ayırmışdı. Onun müsahibələrini oxuyun, başdan-ayağa partiyanı aşağılayır. Razi Nurullayevi dərhal AXCP-dən uzaqlaşdırdılar. Hər şeyin həddi var. İnsana nə qədər güzəştdə getmək olar. Kimsə ərköyünlük edəcəksə, bunu kənarda etsin. Hədə-qorxu ilə bizi nədənsə çəkindirmək olmaz. Bundan sonra da nizamnaməni pozanlar cəzalandırılacaq".
O.Kazımov bildirib ki, qurultaydan sonra V.Əyyuba Müsavat Partiyasında ən böyük vəzifə - Məclis sədrliyi təklif olunub, amma bunu qəbul etməyib: "Vurğun Əyyub üçün başqa nə etməli idik? Qubad İbadoğlunun hərəkətlərini anlamağa çalışıram. Əvvəllər də Müsavat Partiyasında qruplar olub. Sülhəddin Əkbərin, Vurğun Əyyubun qrupları olub, sonra onlar birləşdilər və s."

Əli